Britaniya kraliçası vəfat edib: 10 günlük matəm elan olundu - Açıqlama (Yenilənib)

img

08-09-2022 [22:27]


Böyük Britaniyanın dünyasını dəyişən kraliçası II Elizabetin dəfn tarixi açıqlanıb.

Bu barədə "Sun" nəşri məlumat yayıb.

Dəfn mərasimi onun ölümünün 10-cu günündə keçiriləcək.

II Elizabetin vəfatı ilə bağlı matəm 10 gün davam edəcək.

***

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib.

Mia.az TASS-a istinadla xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb.

Qeyd edək ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

Elizabet 1926-ci il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Corc və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. Onun atası 1936-cı ildə qardaşı Kral VIII Eduard taxtdan imtina etdikdən sonra taxta çıxıb. Beləliklə, II Elizabet də onun varisinə çevrilib. O, evdə fərdi təhsil alıb. İkinci Dünya müharibəsi illərində Yardım Ərazi Xidmətində işləyib və ictimai funksiyalarının icrasına başlayıb.

1947-ci ildə şahzadə Elizabet toydan bir gün öncə Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların dörd övladı var: Uels şahzadəsi, vəliəhd Çarlz, şahzadə Anna, York hersoqu şahzadə Endrü və Uesseks qrafı şahzadə Edvard. Onların evliliyi dünya tarixində 2021-ci ildə şahzadə Filipin ölümünə qədər davam edən ən uzun kral nikahı olub.

Britaniya və dünya tarixinin çox geniş dövrü II Yelizavetanın hakimiyyəti dönəminə düşüb.

Belə ki, onun dövründə Britaniya İmperiyasının dağılması və onun Millətlər Birliyinə çevrilməsi, dekolonizasiya prosesi, soyuq müharibə, insanın kosmosa çıxması, Aya eniş, televiziya və internetin meydana çıxması, Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) girişi və ondan çıxışı, Şimali İrlandiyada uzun sürən etno-siyasi münaqişənin həlli, Folklend müharibəsində qələbə, Böyük Britaniyanın İraq və Əfqanıstan müharibələrində iştirakı, 2008-ci ilin maliyyə böhranı, Şotlandiya müstəqillik referendumu, koronavirus pandemiyası və s.

Birləşmiş Krallıqdakı Ülyahəzrətin tam titulu belədir: “Ülyahəzrət İkinci Elizabet, Allahın lütfü ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və onun digər krallıq və mülklərinin Kraliçası, Birlik Başçısı, inancın qoruyucusu”.

***

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.

Digər mənbələr isə ölüm xəbərini yalanlayaraq, kraliçanın can üstə olduğunu, övladlarının təcili olaraq onun sarayına toplandığını iddia edirlər.

***

Böyük Britaniyanın kralıçası II Elizabetin səhhətində problemlər yaranıb.

Məlumatı BBC yayıb.

Həkimlər sentyabrın 8-də səhər kraliçanı müayinə ediblər və ona tibbi müşahidə altında qalmağı məsləhət görüblər.

Məlumata görə, həkimlər 96 yaşlı kraliçanın səhhətindən narahat olduqlarını bildiriblər.

Eyni zamanda, Böyük Britaniyanın Baş naziri Liz Tras deyib ki, bu xəbər bütün ölkə üçün dərin narahatlıq yaradacaq.

Hökumət başçısı özünün və Böyük Britaniyada hər kəsin duasının Kraliça və ailəsinin yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, II Elizabet hazırda Şotlandiyada Balmoral sarayındadır. Oğlu şahzadə Çarlz da onun yanındadır. Kembric hersoqu şahzadə Uilyam da Balmora yola düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR