İcra Hakimiyyətində əməliyyat, İcra başçısının nümayəndəsi tutuldu - YENİLƏNİB

img

21-04-2014 [14:52]


Laçın rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Bu barədə həbs edilən şəxsin yaxınları "Axar.az”ın əməkdaşına məlumat verib. 

Məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Ağcabədi şəhərində yerləşən İcra Hakimiyyətinin Ərazi idarəetməsi və yerli özünüidarə orqanları ilə iş üzrə şöbəsinin müdiri Aslan Abbasov faktı təsdiqləsə də, səbəblərini bilmədiyini dedi:

"Bəli tutub aparıblar, ancaq səbəbini biz də bilmirik. Hələ ki, heç nə deməyiblər”.

Məsələ ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsindən isə bildirdilər ki, bu barədə məlumat verə bilməzlər.

****

Laçın Rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşovun ailə üzvləri də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək idarəyə aparılıb.

Bu barədə "Axar.az”a kənd sakinləri məlumat veriblər. Bu gün səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Pənah Dadaşovdan sonra onun həyat yoldaşı və uşaqlarını da idarəyə aparıb.

Əməkdaşımıza verilən məlumata görə, Pənah Dadaşov azyaşlı uşaqları sərhəddən qanunsuz keçirməkdə təqsirli bilinir. Laçın Rayon İcra hakimiyyətindən bildirilib ki, onlara bu həbslə bağlı heç bir rəsmi məlumat daxil olmayıb.      

***

Laçın rayon İcra Hakimiyyətinin Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşovun xüsusi əməliyyat keçirilərək həbs olunması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu sözləri müxbirimizə Laçın rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Mirzəyev deyib. Tofiq Mirzəyevin məlumatına görə, Laçın rayon İcra Hakimiyyətinin Qaraqışlaq kəndindəki (hazırda Ağcabədi rayonunda yerləşir) icra nümayəndəsi Pənah Dadaşov hüquq-mühafizə orqanları tərəfindən Bakıya dəvət olunub və o, həmin çağırış əsasında Bakıya yollanıb. Daha sonra Pənah Dadaşovun bəzi yaxınlarına da eyni məzmunda çağırış gəlib. İcra Hakimiyyəti başçısının müavini bildirib ki, Pənah Dadaşovun Bakıya çağırılmasının rayon icra hakimiyyəti ilə heç bir bağlılığı yoxdur və onun həbs edilməsi üçün rayonda heç bir xüsusi əməliyyat keçirilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA