Bu il Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı mallarının satış yarmarkalarından birinin fəaliyyəti hələ də davam edir. Martın 15-dən etibarən Əhmədlidə, M.Hadi küçəsində (Xətai rayon İcra Hakimiyyəti tərəfindən "Həzi Aslanov” metrostansiyası ilə Ukrayna dairəsi aralığında) təşkil olunmuş yarmarka ciddi narazılıqlara səbəb olub. Uzunluğu təqribən 200-250 metr olan, nəhəng dəmir konstruksiyalardan quraşdırılmış bu yarmarka artıq öz sərhədini aşaraq xeyli ərazini əhatə edib. Bazar üçün qurulmuş obyektə yer tapa bilməyən alverçilər metronun çıxışına doğru yolboyu pərakəndə halda yerləşdirilib.
Səs-küyün, antisanitariyanın hökm sürdüyü bu ərazi, maşınların və piyadaların yolunu tamamən kəsib. Ətraf binalarda yaşayan insanlar öz evlərinə gəlib getmək üçün əlavə bir neçə kilometr məsafə qət etməli olurlar. Hər həftənin şənbə və bazar günləri yarmarkanın fəaliyyəti bərpa edilir. Amma həftənin 5-ci günlərindən M.Hadi küçəsi nəqliyyata qapadılır. Bir də yol həftənin 1-ci günü günorta saatlarında açılır. Faktiki Əhmədlinin ən böyük yollarından olan M.Hadi küçəsi 4 gün bağlı qalır.
Bu vəziyyətdən şikayətçi olan M.Hadi küçəsi məhəllə 29/45, 46 sakinləri etirazlarını aidiyyatı orqanlara çatdırmaq üçün aprelin 19-da saat 12:00-da bazar yaxınlığında toplaşmışdılar. Təxminən 20-ə yaxın sakin mövcud durumun onları təngə gətirdiyindən, üzləşdikləri çətinliklərdən danışaraq, bu problemin tez bir zamanda öz həllini tapmalı olduğunu dedilər. Aidiyyatı dövlət qurumlarının bu işlə məşğul olmasını tələb etdilər.
"Əvvəl dedilər ki, bayrama görə yarmarka təşkil edirik. Biz də razılaşdıq ki, insanlara bir xeyri dəyər. O vaxt, bu vaxt, yarmarkanı sökmədilər. Hələ üstəlik hər həftəsonu zülm çəkirik. Buralar yaman gündədir. Gecə-gündüz səs-küydən yuxu da yata bilmirik” - deyən sakinlərdən birinin bu sözlərini digərləri də təsdiqlədi.
"İydən-qoxudan burda durmaq mümkün olmur. Biz Moskvada yaşamışıq. Bura köçəndə düşünürdük ki, bura yaxşıdır, təmizlik, sakitlikdir. İndi görün nə günə qoyublar”-deyən, Fəridə İmanova ad-soyadlı sakin bazarda çalışan alverçilərin bir qisminin öz təbii ehtiyaclarını ödəmək üçün binalarının blokundan istifadə etdiyini də dedi.
Sakinlər uşaqlarının məktəbə, hazırlığa rahat gedib-gələ bilməməsindən, antisanitar şərait ucbatından ərazidə ən müxtəlif həşəratların çoxaldığını da bildirdilər.
"Yalandan guya ayaqyolu quraşdırıblar amma heç biri çalışmır”-deyən, başqa bir sakin havalar istiləşəndən bəri iyrənc qoxunun da ətrafa yayıldığından narahatlıq duyduğunu söylədi.
Vətəndaşların əsas tələbi isə nə bu vəziyyətin təsviri, nə qiymətlərin bahalığı idi. Onlar ümumən bazarın burdan yığışdırılamasını tələb edirlər.
"Harda görünüb ki, yolun ortasında bazar açalar?! Biabırçılıqdır”-deyərək, səslərinə səs verən kimsənin olmamasından da şikayətləndilər.
Nəzərinizə çatdıraq ki, ərazidə Təcili Yardım stansiyası da fəaliyyət göstərir. Biz ərazidə olarkən Təcili Tibbi Xidmət maşını bazarın ortasından keçə bilmədiyinə görə demək olar ki, addım-addım irəliləyirdi. Yol bağlandığından çağırışlara gec yetişə bildiklərini deyən təcili yardım əməkdaşları bu durumdan narazı olduqlarını söylədilər: "Belə olmaz. Çağırışlara gecikirik, bizə də söz gəlir. İnsan taleyi ilə oynayırlar. Bu, cinayətkarlıqdır”-deyərək, güc-bəla ilə yollarına davam etdilər.
Bazarda olarkən müşahidə etdiyimiz durum həqiqətən bərbad idi. Əksər məhsulların qiymətləri üzərində yox idi. O cümlədən sertifikatsız şəkildə toyuq, balıq, ağartı məhsulları satılırdı. Tullantılar isə ətrafa qalaqlanıb. Antisanitariya, natəmizlik göz deşir. Pis qoxudan ərazidə çox dayanmaq mümkün deyil.
Bazarda alış-veriş edən bir neçə alıcıdan qiymətlərdən razı qalıb-qalmadığını da xəbər aldıq. Sualımızı cavablandıran 5 sakindən 4-ü narazı olduğunu, biri isə fərq görmədiyini dedi.
Yarmarka ərazisində olarkən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı ilə danışdıq. Əməkdaşın sözlərinə görə, onlar rayon sakinlərinin bazarda yerləşdirilməsinə nəzarət edirlər, qalan işlər onların səlahiyyətində deyil. Dəmir çadırdan kənarda da satış həyata keçirilməsinə toxunan nazirlik əməkdaşı bunu belə əsaslandırdı: "Rayondan gələn satıcılar çox olduğu üçün məcburən onlara da yer veririk. Onları necə geri qaytara bilərik?! Digər inzibati məsələlərin isə bizə aidiyyatı yoxdur”.
Yekunda yerli sakinlər bir daha aidiyyatı orqanlara müraciət ünvanlayaraq, bu vəziyyətə çarə tapmalarını rica etdilər. Sakinlər bildirdilər ki, gələn həftənin əvvəllərində yenidən toplaşıb bu biabırçı vəziyyəti müzakirə edəcəklər: "Ola bilsin bununla bağlı ölkə prezidentinə müraciət etdik. Çünki inanırıq ki, cənab prezident bu qanunsuzluqdan, bu rəzalətdən xəbər tutsa bu bazarın dərhal qapadılması haqda göstəriş verəcək”.
Xatırladaq ki, sözügedən yarmarkanı Xətainin icra başçısı Razim Məmmədov təşkil edib. R.Məmmədov pul qazanmaq, əlavə gəlir əldə etmək üçün əhalinin yolunu kəsir, minlərlə vətəndaşın hüququnu pozur.
Fəridə Abdıyeva
Fotolar müəllifindir.