Həbsdə olan vəkil ev dustaqlığına buraxılmayıb

img

25-07-2022 [18:42]


Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs vəsatət verib.

O bildirib ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyə hazırdır: "Mən dəymiş ziyanın bir hissəsini azadlıqda olarkən ödəmişəm. Həbs olunandan sonra dəymiş ziyanı ödəyə bilmədim. Əgər məhkəmə istintaqı dövründə azadlıqda olsam, qalan məbləği də ödəyərəm. Ona görə də xahiş edirəm barəmdəki həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz".

Məhkəmə vəsatətlə bağlı qərar qəbul etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən sonra vəsatətin təmin edilmədiyi açıqlanıb.

Proses avqustun 1-də davam etdiriləcək.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış blogger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurub.

Vüqar Səfərli əvvəllər Vəkillər Kollegiyasının üzvü olub. Bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR