Zümrüd Quluzadə: “Mən Mehmet Rıhtımın kitabının elmi redaktoru deyiləm” - MÜRACİƏT (FOTO)

img

14-04-2014 [23:12]



AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri, əməkdar elm xadimi, fəlsəfə elmlər doktoru, filosof, tədqiqatçı-alim Zümrüd Quluzadə bir kitabdan şikayətçidir. 

 

Mia.az-a daxil olan məktubda bildirilir ki, "Elm” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru Mehmet Rıhtımın 2010, 2013-cü illərdə nəşr etdirdyi Seyid Yəhya Bakuvi əş-Şirvaninin "Şəfa əl-Əsrar” adlı əsərində onun adı özünün razılığı olmadan elmi redaktor kimi göstərilib.

 

 "Kitabın digər elmi redaktorları arasında filologiya elmləri doktoru, professor Azadə Musayeva, redaktorları sırasında filologiya elmlər doktoru Minəxanım Təkləli, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədova, rəyçiləri kimi filologiya üzrə fəlsəfə doktoru Möhsün Nağısoylu, filologiya elmlər doktoru Kamandar Şərifli və filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın adları qeyd olunub”, – deyə Zümrüd Quluzadə vurğulayır.



Tədqiqatçı-alimin sözlərinə görə, kitabın birinci nəşrini gördükdən sonra dəfələrlə şəxsən müəllifə və kitabı ikinci nəşrə hazırlayan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayevaya etirazını bildirib:

 

"Çünki M.Rıhtımın Azərbaycanda təsəvvüfün öyrənilməməsi, Seyid Yəhya Bakuvi və xəlvətiliyin demək olar ki araşdırılmaması haqqında iddialar Azərbaycan elminə və alimlərinə qarşı iftiradır. Təəssüf ki, Q.Paşayeva ilə danışmağıma baxmayaraq, kitabın ikinci nəşrində də adım əsərin birinci elmi redaktoru kimi təkrar edilib. Əsərdə reaktor kimi imzamın olmamasını və telefonla xəbərdarlığımı nəzərə almadan kitabın guya mənim redaktorluğum altında çap edilməsi həm hüquqi, həm mənəvi cəhətdən qəbuledilməzdir. M. Rıhtımın kitabında Azərbaycanda təsəvvüf tarixi haqqında verilən hissənin elmi cəhətdən məqbul deyil. Üstəlik, "Şəfa əl-Əsrar” əsərinin Seyid Yəhya Bakuviyə mənsub olması yetərincə sübut edilməyib.


Türkiyədə 2011-ci ildə nəşr edilmiş sözügedən kitabda adımın redaktor kimi verildiyi bütün nəşrlərinin elmi redaktoru deyiləm və buna görə heç bir məsuliyyət daşımıram”.

 

Qeyd edək ki, Qafqaz Universitetində çalışan Mehmet Rıhtım Azərbaycandakı "nurçu camaatı”nın rəhbəri sayılır. Onun Türkiyə baş naziri R.T. Ərdoğanı kafir elan etməsi də geniş bəllidir. M. Rıhtımın sözügedən kitabında Seyid Yəhya Bakuvi, təsəvvüf, o cümlədən xəlvətiyyə təriqəti haqqında Fətullah Güləndən bol-bol sitatlar gətirilir.



Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA