“Yüksəliş” müsabiqəsi: 332 nəfər yarımfinal mərhələsinə yüksəlib

img

24-06-2022 [10:39]


“Yüksəliş” müsabiqəsinin yarımfinalçılarının adları açıqlanıb.

Mia.az xəbər verir ki, müsabiqənin əyani mərhələsinin “Qabiliyyət üzrə yoxlama” imtahanını uğurla keçmiş 1052 nəfər iştirakçıdan 332 nəfər yarımfinal mərhələsində iştirak hüququ qazanıb:

"Ümumilikdə Bakı üzrə 214, regionlar üzrə 118 nəfər iştirakçı yarımfinal mərhələsinə buraxılıb. Onlardan 280 nəfəri kişi, 52 nəfəri isə qadındır. Əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının, iş prosesinin, o cümlədən, layihələrin idarə edilməsi bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır. Öncədən də bildirildiyi kimi, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndirilib.

T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Nəticələrə əsasən maksimal T-bal 705, o cümlədən, keçid balı 540 təyin edilib. Qeyd edək ki, maksimal nəticə olan 705 T-balını cəmi 1 iştirakçı toplayıb.

Ötən ilin statistik nəticələrinə nəzər yetirdikdə onu deyə bilərik ki, ilk "Yüksəliş” müsabiqəsinin əyani mərhələnin keçid balı 533 T-bal olmuş və yarımfinal mərhələsinə 309 nəfər buraxılıb.

Yaxın günlərdə Yüksəliş müsabiqəsini yarımfinal mərhələsinin tarixləri açıqlanacaq. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə ikinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir".

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR