Gənclərin və yeniyetmələrin HİV virusuna test və məsləhət xidmətlərinə cəlb olunması

img

11-04-2014 [23:41]


Aprelin 3-də Qrand oteldə gənclərin və yeniyetmələrin HİV virusuna test və məsləhət xidmətlərinə cəlb olunması və bu sahədə görülən işlərə dəstək verilməsinin vacibliyinə və həmçinin QHT-lərin ötən ildə həyata keçirdiyi tədbirlərin yekununa və bu ildə planlaşdırılan tədbirlərin anonsuna, aparılan vəkillik işlərinin məzmununa həsr olunan dəyirmi masa keçirildi. İctimai müzakirələrdə QHT-lər, səhiyyə strukturları beynəlxalq və yerli təşkilatlar, ekspertlər və KİV iştirak etdi. Qeyd edək ki, HİV virusuna test və məsləhət xidmətləri və ölkə gənclərinin bu müayinələrə cəlb olunmasının daha da genişləndirilməsi, bu xüsusda QHT-lərin bacarıqlarının artırılması BMT-nin Uşaq Fondu (UNİCEF) və Avropa Komissiyası ilə birlikdə reallaşan layihənin əsasında dayanır. Layihənin məqsədi ən çox risqə məruz qalan yeniyetmə və gənclərin HİV-ə görə test olunması və məsləhət xidmətləri sahəsində QHT-lərin potensialının artırılmasına yönəlib. Layihə Şərqi Avropa məkanında bir neçə ölkədə həyata keçirilir. Azərbaycanda isə layihənin partnyorları Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi, AİDS-lə Mübarizə İctimai Birliyi və Gənclər Təşkilatları Milli Şurasıdır (NAYORA). Hazırda HİV-lə mübarizə sahəsində gənclər arasında təbliğat və təşviqat xarakterli işlərin aparılması çox önəmlidir. Lakin eyni zamanda, onların müayinələrə cəlb olunmasını təşviq etmək və bu yolda mümkün baryerləri aradan qaldırmaq da lazımdır. Layihənin strategiyaları arasında QHT-lərin risk qruplari, yeniyetmə və gənclərlə iş sahasində bilik və bacarıqlarının artırılması, QHT-lərin təbliğat və təşfiqat potensialının artırılması, sosial mobilizasiya (maarifləndirmə və müşayət) və göndəriş sisteminin təkmilləşdirilməsi, habelə, risk qrupları, yeniyetmə və gənclərlə işləyən QHT-lərin koordinasiya şəbəkəsinin yaradılması var. Layihənin iştirakçıları gənclər, yeniyetmələr, həkimlər, məsləhətçilər, psixoloqlar, QHT əməkdaşları, həmçinin könüllülər, sosial işçilər, həkim-məsləhətçilər, ekspertlər, layihəyə təmənnasız töhvə verən təşkilat üzvləridir. Ötən il ərzində QHT-lərin bacarıqlarının artırılması üçün təlimçilər üçün təlim keçirilib, daha sonra bu təlimlər seçilən yerli təlimçilər tərəfindən uğurla davam etdirilib. Bundan başqa, qanunvericilikdə dəyişikliklə bağlı advokasiya işləri aparılıb və dəyirmi masa təşkil olunub. Həmçinin ölkə üzrə HİV-ə test və məsləhət xidmətlərinin hazırkı durumu əks olunan xəritə hazırlanıb. Zərərin azaldılması layihələrinin əməkdaşları vasitəsilə risq qrupuna daxil olan yeniyetmə və gənclərin proqramla əhatəsi genişləndirilib, həmçinin onların ayrı bazası yaradılıb. Bu sahədə işlər hazırda davam etdirilir. Ümumiyyətlə, ölkədə risq qrupları arasında HİV-ə test və məsləhət xidmətlərinə dair mövcud vəziyyət bu qrup arasında keçirilən anonim sorğular vasitəsilə də müəyyənləşdirilib və buna dair yekun məlumat layihə partnyorlarının hazırladığı internet səhifədə yerləşdiriləcək. Bundan sonrakı fəaliyyət müddətində də əsas tərəfdaşlarla əməkdaşlıq davam etdiriləcək, HİV-ə test və məsləhət xidmətləri zamanı yaş həddinin azaldılması üçün vəkillik işləri aparılacaq, yerli QHT-lər arasında test və məsləhət xidmətini göstərə biləcək təşkilatlar seçiləcək, təlimləndiriləcək. Habelə, agız suyundan istifadə etmək yolu ilə HİV-ə test və məsləhət xidmətlərini həyata keçirəcək pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirin də Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə həyata keçirilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA