Reytinq turniri: Azərbaycan güləşçiləri açıqlanıb

img

21-06-2022 [17:40]


Güləş üzrə Azərbaycan milli komandalarının iyunun 22-də İtaliyanın paytaxtı Romada start götürəcək Matteo Pellikone turniri üçün heyəti açıqlanıb.

Federasiyadan Mia.az-a verilən məlumata görə, 4 gün davam edəcək cari ilin 3-cü reytinq turnirində yunan-Roma güləşi üzrə yığma baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Eldəniz Əzizli, Murad Məmmədov, Nihat Məmmədli (hamısı 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), İslam Abbasov (87 kq), Murat Lokyayev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) yer alıb. Aparıcı güləşçilərdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) zədə üzündən bu turnirdə iştirak etməyəcək.

Proqrama əsasən, Qənizadə istisna olmaqla, bütün milli üzvləri yarışın ilk günündə mübarizəyə başlayacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Qaliblər elə həmin gün müəyyənləşəcək. Medallar uğrunda qarşılaşmalar 20:00-da başlayacaq. Qənizadə isə növbəti gün xalça üzərinə çıxacaq.

Turnirin son 2 günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İslam Bazarqanov, Tural Hüseynov (hər ikisi 61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Əşrəf Aşırov, Xadjimurad Omarov (hər ikisi 79 kq), Abubakr Abakarov, Orxan Abasov (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) Azərbaycanı Romada təmsil edəcək.

İyunun 24-də son Avropa çempionu Maqomedxan Maqomedov çıxış edəcək. Yarışın son günündə isə digər yığma üzvləri xalça üzərinə çıxacaq.

Qeyd edək ki, reytinq turnirində I kateqoriyalı hakim Natiq Hacıyev ədaləti qoruyacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR