Sabiq aparat rəhbərinin cəzası azaldıldı - Məhkəmə prosesi

img

21-06-2022 [16:11]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cəzası azaldılıb.

Mia.az xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Hökmə əsasən, onun həbs cəzası 3 ay müddətinə azaldılaraq 8 il 3 aya endirilib.

Qeyd edək ki Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb.

O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Cinayət materiallarında göstərilib ki, Ə.Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib.

Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.

Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Ə.Cəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 8 il 6 ay müddətinə azdlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR