Məmur balaları niyə qudurğanlıq edir? - Açıqlamalar

img

11-04-2014 [10:45]



Məmur balalarının qudurğanlığı bütün əndazələri aşıb. Bu, təkcə Azərbaycanda deyil. Dünyada avtoritar qaydalarla idarə olunan dövlətlərin hər birində oliqarx-məmur uşaqları harınlıq edir. Hətta Azərbaycan prezidentinin məlum müşavirədə məmur övladlarına xəbərdarlığı da nəticə verməyib. Elə son olaraq oliqarx balalarının Bakının aeroport yolunda "250 km/saatlıq hoqqası” başlıqlı yazıda qeyd olunanlar buna misaldır.
Məmur balalarının özbaşına hərəkətlərinin davamlı olacağı görünür. Çünki bu günədək xırda istisnalarla heç bir vəzifəli şəxsin övladının qudurğan hərəkətinə görə cəzalandırılmayıb. Bəs niyə məmur balaları qudurğanlıq edir, bunun bir psixoloji izahı varmı?

Yazıçı Seyran Səxavət deyir ki, qudurğanlıq itlərə məxsus xüsusiyyətdir, itlərin ixtisasıdır: "Həyatda it yox, adam olmaq lazımdır. Mən həmişə qudurğanlara nifrət etmişəm. Sadəcə, qudurğanlıq milli şüurumuzda var. İnsan bir az da pul, şan-şöhrət görəndə lap qudurmağa başlayır. Ataların bir sözü var - qudurmaq 40 gün çəkir. İndi 40 il çəkir, qurtarmaq da bilmir. Bu da qandan, genetikadan gəlir. Vallah elə adam tanıyıram ki, nə atası nazirdir, nə çörək almağa pulu var. Gəl ki, onun qudurğanlığını görəndə məmur balasına şükür edirsən. İnsan gərək ”ayağını yorğanına görə uzatsın". Amma belələri yetənə yetir, yetməyənə bir daş atır.

Qudurğan elə qudurğandır, qanında, genində var". S.Səxavət xalq artisti Ağasəlim Abdullayevin başına gələn faciəni buna bir nümunə göstərdi: "Niyə Ağasəlim kimi sənətkar ”Jiquli"də getməlidir, məmur balası "Cip”də? Əslində Ağasəlim "Cip” sürməliydi, qudurğan məmur uşağı isə "Jiquli”". Ədibin fikrincə, qudurğanlıqda pul çoxluğu şərtdir: "Amma iki qaçqın tanıyıram, elə çox pulları da yoxdur. Onlar 8 il əvvəl maşınla ötüşdükləri yerdə məktəbli qızı vurub öldürdülər. Problem tək pulla bağlı deyil, təhsilsizlikdən irəli gəlir. Deyir, ”ağac bar verəndə başını aşağı salar". Bu, həyətdə də, həyatda da belədir. Bu qudurğanların işi də belədir. Görürsən ki, toyuq yumurtlayır, 3 saat qaqqıldayır. Adam istəyir təpəsinə vursun ki, nə olub, bir dənə yumurta vermisən də. Ona görə də it qudurar, düzdür, deyirlər, bəzən inəklər də qudurur. Ancaq it olmaq yox, adam olmaq lazımdır".

Yazıçı prezidentin də bu məsələyə toxunduğunu dedi: "Hər şey göz qabağındadır. Cəmiyyətdən heç nəyi gizlətmək olmur. Gərək qanun hamı üçün bərabər olsun. Ədəbiyyatın bu məsələdə yükü var. Bu mövzuda yazılan romanla tanış olanda milli şüurun sıfırdan aşağı deyilsə, nəticə çıxara bilərsən. Sənətin rolu danılmazdır. Ancaq bizim millət oxuduğundan çox, gördüyünə inanır”.

Psixoloq Dəyanət Rzayev qeyd etdi ki, təkcə məmur balaları yox, adi insanlar da qudurğanlıq edirlər: "Ancaq onlar öz səviyyəsində özbaşınalığa yol verirlər. 
Kimisi kafedə dalaşır, başqasını bıçaqlayır, kimisi oğurluq edir, kimisi dava salır. Məmur övladlarının buna ehtiyacı yoxdur, hardansa oğurluq etmirlər. Çünki imkanları böyükdür. Sadəcə, cəzasızlıq hissi keçirirlər. Elə məmur övladları tanıyıram ki, davranışında psixopatiya var. Kimisə döyürlər, kimisə alçaldırlar, maşınla adam vururlar. Bugünlərdə xalq artistinin ailəsini məhv etdilər. Burda məmur övladından yox, psixopatdan söhbət gedir".

Psixoloqun sözlərinə görə, təhsilli, mədəni və abırlı məmur balaları da var: "Ancaq harınlıq kateqoriyasına aid olanlar heç nədən zövq almırlar, psixopatlıq etməyə başlayırlar. Məmur və onun övladı adi vətəndaşdan ikiqat məsuliyyət daşımalıdır. Ancaq məmur balası qəza törətməkdən qorxmur. Bilir ki, cəza verilməyəcək, cərimə ödəməyəcək. ”Gallinvagen" sürən 16 yaşlı uşaqlar görmüşəm, sürücülük vəsiqəsi də yoxdur. Maşını istədiyi yerdə saxlayır. Deyir, yol polisi nömrələrimi tanıyır, mənə heç nə deməz. Bax, bu arxayınçılıq, cəzasız qalacaqlarına əmin olmaqları belə vəziyyət yaradıb. Ancaq unudurlar ki, pulla çox şey almaq olar, amma hər şeyi yox. Prezident də çıxdı danışdı, amma daha sərt tədbirlər görülməlidir. Avropada, Amerikada məmur balası qanunsuzluq edəndə cəzalanır. Bizdə isə əksinədir. Hər kəsin ailəsi var. Bir gün mənim də ailəmi bir məmur övladı maşınla vursa, belə çıxır ki, cəzasız qalacaq. Ona görə də sərt tədbirlər görülsə başqalarına da görk olar".

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA