Müsavat və AXCP-dən Sabir Rüstəmxanlıya CAVAB gəldi

img

08-04-2014 [11:20]


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı APA-ya müsahibəsində Azərbaycan müxalifətinin əsas problemlərinin Müsavat Partiyası və AXCP olduğunu bildirib. Deputat bu fikrini əsasən onunla əsaslandırıb ki, hər iki partiya Milli Azadlıq Hərəkatının miras buraxdığı qurumlardır və hazırda ayrı-ayrı cəbhədə qərar tutublar.

Modern.az saytı S.Rüstəmxanlının məlum fikirlərinə sözügedən partiyalardan münasibət öyrənib.

Müsavat Partiyası başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu bütün məsuliyyəti AXCP və təmsil etdiyi qurumun üzərinə yıxmaq düzgün deyil. "Bu gün Azərbaycanda mövcud olan siyasi partiyaların əksəriyyətini, o cümlədən VHP-ni Azadlıq Hərəkatından çıxmış şəxslər yaradıb. O vaxt ümumi xalq mübarizəsinin ifadəsi olaraq bütün qüvvələr bir araya gəlmişdi. Bu qüvvələr Azərbaycan Xalq Cəbhəsində birləşmişdi. Sonradan bu təşkilat özünün əsas vəzifələrini həyata keçirəndən sonra artıq müxtəlif dünya görüşlərinə malik insanlar oradan ayrıldı və parçalanmalar sürətləndi. Bütün postsovet məkanında mövcud olan Xalq Cəbhələrinin sonrakı taleyi də məhz bu cür oldu. Buna normal siyasi proseslərin məntiqi tərkib hissəsi kimi baxmaq lazımdır”. 

AXCP sədrinin müavini Razi Nurullayevin isə cavabı belə olub: "Sabir Rüstəmxanlıya çox böyük hörmətimiz var. O, Azadlıq Hərəkatının önündə gedən insanlardan biri olub və bu məsələlər barədə də danışmağa haqqı çatır. Bu gün Azərbaycanda siyasi səhnədə həqiqətən acınacaqlı vəziyyət yaranıb. Bu, ölkədə hazırda hökm sürən siyasi konyukturadan irəli gəlir. Azərbaycanda siyasətlə məşğul olmaq üçün normal şərait yoxdur. Belə bir vəziyyətdə artıq hər bir kəs kimdəsə bir günah axtarmağa çalışır. Onun üçün də mənə elə gəlir ki, Sabir bəyin sözündə bir haqq var. Çünki Müsavat və AXCP Azərbaycanda siyasi proseslərin başında dayanana partiyalar olub. Amma indi ölkənin siyasi mənzərəsində acınacaqlı durum yaranıb. Bunun digər bir səbəbi də Müsavat partiyasının Milli Şuradan ayrılması oldu. Hərəkatın içindən çıxmış şəxslər də AXCP və Müsavatın bir yerdə olmamasından təəssüflənirlər. Sabir Rüstəmxanlı da hər halda bu baxışdan çıxış edərək belə fikirlər səsləndirib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA