Azərbaycanda biznesmen oğlu öldürdüyü qadının qanını necə batırdı?!.

img

06-04-2014 [18:07]



Hadisə Masallının Boradigah qəsəbəsində, bütün kənd sakinlərinin gözü qarşısında baş verib. Əziz bayram günü yaşadığı Bakı şəhərindən doğma kəndinə - Boradigaha qonaq gələn Xanımbacı Mehrəli qızı Mehrəliyeva həmin nəhs gün həmkəndlilərinin gözü qabağındaca və elə kəndin ortasındaca "BMW” markalı, 10 RJ 288 dövlət nömrə nişanlı maşınla vurularaq öldürüldü. Qadını vuran maşının sürücüsü isə qonşu Türkoba kəndinin 21 yaşlı sakini Samid Əfsər oğlu Ağayev idi...


Bədbəxt qadın aldığı kəllə-beyin travmasından elə yerindəcə keçinmişdi. Hadisə şahidləri danışır ki, mərhumə X.Mehrəliyeva yolun kənarında, avtomobil yolundan xeyli aralıda dayanıbmış, maşın isə böyük sürətlə gəlirmiş. Sürücü idarəetməni itirərək onu vurub (əslində isə kəndin ortasında avtomobillə adam vurmaq üçün maşını sadəcə onun üstünə sürməlisən). Nəticədə müsəlmanların əziz bayramı bu ailədən ötrü bir andaca matəmə çevrilib.


Qəza yerinə dərhal yol polisi və Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gəliblər. Qəzaya səbəb olan sürücü polis tərəfindən saxlanılıb. Lakin günün sonuna yaxın həmin şəxs möcüzəvi və sirli şəkildə sərbəst buraxılıb. Burada onun babası Sabir Ağayevin nəvəsinə zamin durması və nəvənin özünün heç yerə getməmək barədə dilindən alınan iltizam da rol oynayıb.

Nəticədə 21 yaşlı Samid hüquq-mühafizə orqanlarının xeyir-duası ilə elə səhərisi gün gözdən-könüldən uzaq düşüb. Onun adını belə çəkən olmayıb. Bir insanın ölümündə açıq-aşkar günahkar olan və istintaq orqanlarının da ağır qəzada suçladığı Samid Ağayevi həmin gündən bəri nə kənddə, nə rayonda, nə də ümuməön Azərbaycanda görən olmayıb.

Mərhum qadının əri Şəmsəddin Mehrəliyev və oğlu Ruslan Mehrəliyev yas mərasimini və mərhumun yeddisini yola verəndən sonra istintaqın gedişi və qatilin aqibəti ilə maraqlanıblar. Onlar bu məqsədlə Masallı rayon prokurorunun qəbuluna gediblər. Elə prokuror Rizvan Həsənovun qəbul otağının qarşısındaca qəzanı törədən gəncin atası Əfsər Ağayevlə qarşılaşıblar.

Rusiyanın Nijni Novqorod şəhərində yaşayan, necə deyərlər, atıb-vuran və varlı biznesmen olan Əfsər Ağayevin prokurorun kabinetindən kefikök halda çıxması faciə yaşamış Mehrəliyevlərin diqqətindən yayınmır.

Bir neçə dəqiqədən sonra Mehrəliyevlər prokurorun otağını məyus halda tərk edirlər. Prokuror onlarla kobud da olmasa hər halda etinasız danışaraq bura niyə gəldiklərini acıqla soruşub. Sonra da quru, soyuq səslə deyib ki, istintaqın gedişi barədə onlara əlavə məlumat veriləcək.


Mehrəliyevlər oradan çıxaraq rayon polis şöbəsinə, işi aparan müstəntiq Azər Bəhmənovun yanına gediblər. Ən maraqlısı da burada olub. Mehrəliyevlər Samid Ağayevin Rusiya pasportunun surətini müstəntiqin stolunun üstündə olduğunu görüblər. Ata-oğul öyrəniblər ki, yol qəzası ilə bağlı cinayət işi açılıb və günahkar heç yerə getməmək şərtilə zaminə buraxılıb.

Mehrəliyevlər burada nədənsə duyuq düşərək müstəntiqdən xahiş ediblər ki, cinayətkar ölkədən heç yerə gedə bilməsin deyə onun Rusiya pasportu istintaq bitənə qədər əlindən alınsın.

Amma artıq gec idi. Samid nə gəzirdi?! O, artıq ölkədə deyildi...

Məsələ aydın idi. Rayon hüquq-mühafizə orqanları özlərini qəribə aparırdılar. Onlar insan ölümündə günahkar olan şəxsi əllərindən buraxmışdılar. Özü də bilə-bilə. Cinayətkar isə ölkəni tərk eləmişdi. Bu da hüquq-mühafizə orqanlarının ədalətli və qərəzsiz istintaq aparmaq istəyinin olmamasının nəticəsi idi. Kənddə isə hamı danışırdı ki, Ağayevlər bu işin ört-basdır edilməsi üçün əllərini ciblərinə salıblar. Konkret rəqəm də deyilirdi - 100 min dollar...

Bundan sonra Mehrəliyevlər istintaqın düzgün aparılmamasından şikayətlər etməyə başladılar. Şikayət məktubları Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, MTN-ə, Azərbaycan prezidentinə, Heydər Əliyev Fonduna göndərildi.

Amma bu şikayətlər baxılması və tədbir görülməsi tapşırığı ilə yenə də geriyə - rayon hüquq-mühafizə orqanlarının özlərinə qaytarıldı. Halbuki adam öldürən gənci elə bu orqanlar özləri açıb buraxmış, daha dəqiq desək, ölkədən qaçırmışdı. Həm şayiələrə, həm də istintaqın davranışının məntiqinə görə, Masallı rayon hüquq-mühafizə orqanları özlərinə çatan "haqq”ı alandan sonra qatili nəinki axtarıb tapmaqdan imtina edirdilər, hətta onun Rusiyada tutulub məsuliyyətə cəlb olunmasına da hər vəchlə əngəl törədirdilər.

İstintaqın gedişi ilə bağlı bəzi materiallar virtualaz.org saytının redaksiyasına gəlib çatıb. Onların əsasında jurnalist araşdırmaları aparmışıq.

Yenə tutdular, yenə buraxdılar

2008-ci il, yanvarın 1-də (tarixə diqqət edin: əvvəla, hadisədən iki ay yarım sonra, ikincisi isə qeyri-iş günü, bayram günü-virtualaz.org) RPŞ-nin müstəntiqi Azər Bəhmənov qeydiyyat üzrə Rusiyanın Nijni Novqorod şəhəri, Berezovskaya küçəsi, ev 29, mənzil 335-də yaşayan Rusiya vətəndaşı Samid Ağayevin AR CM-in 263.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında ittiham aktı imzalayır.

Və müstəntiq A.Bəhmənov elə həmin gün (Sənəddə isə tarix kimi 1 yanvar, 2007-ci il göstərilir ki, bu da sadəcə olaraq mümkün deyil, çünki qəza 2007-ci il, noyabrın 13-də olmuşdu. Bu da bizim müstəntiqlərin cinayət işinə səhlənkar və məsuliyyətsiz yanaşmasının əyani sübutudur) daha bir qərar verir: "İstintaq tədbirləri Samid Ağayevin tutulub saxlanılmasına qədər dayandırılsın”.

Həmin cinayət sənədin təsvir hissəsində "maşını etibarnamə olmadan idarə edən və yolun sağ tərəfində dayanmış piyadanı vuran, bununla da "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36.1.3 və 37.1.1-ci maddələrini pozan və vətəndaş X.Mehrəliyevanın ölümünə səbəb olan sürücünün ehtiyatsızlığı” kimi göstərilir.


Sənəddə həmçinin göstərilir ki, 2007-ci il, yanvarın 1-də (hər halda 2008-ci il yazılmalı idi-red.) Samid Ağayev barədə axtarış elan olunub, belə ki, o, istintaqdan gizlənib yayınır. Halbuki məhkəmənin axtarış və həbs barədəki orderinin üstündə tarix yenə müəmmalı şəkildə fərqli göstərilib - 26 fevral, 2008-ci il.

Bu sənədlər heyrət doğurur. Axı bu faktlar - Samid Ağayevin qəzanı törədəndən sonra hadisə yerindən heç yerə qaçmaması, yol polisi əməkdaşlarını gözləməsi, saxlanılması və elə həmin gün bir neçə saatdan sonra azad edilməsi, səhərisi gün isə istintaqın ya səhlənkarlığı, ya da gizli razılığı ilə ölkəni tərk etməsi o sənədlərin heç birində göstərilmir. İki ay yarımdan sonra qəfildən ayılan müstəntiq isə Yeni il bayramı gecəsinin açılmasını da gözləməyərək görünməmiş "işgüzarlıq” göstərib və elə yanvarın 1-dəcə qanunun aliliyini qorumağa öz töhfəsini verməyə çalışıb.

Bundan əlavə, cinayətkarın Rusiya vətəndaşı olması sənədlərdə xüsusi vurğu ilə göstərilir. Amma onun ikinci pasportunun olduğu, yəni həm də Azərbaycan vətəndaşı olması barədə heç nə deyilmir. Bunu təsdiq edən sənədlər Samid Ağayevə 2003-cü il, avqustun 5-də verilmiş Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi və Masallı rayonunun hərbi komissarı Vahid Səlimovun vəkilin sorğusuna 2008-ci il, fevralın 13-də verdiyi rəsmi cavabdır. Hərbi komissarın cavabında deyilir ki, Masallı rayon Türkoba kənd sakini, 01.11.1986-cı il təvəllüdlü Samid Əfsər oğlu Ağayev hərbi mükəlləfiyyət daşıyır, 2003-cü il, martın 20-dən etibarən Masallı rayonunda hərbi komissarlığın qeydiyyatındadır, amma uzun müddət hərbi çağırışdan yayındığı üçün barəsində axtarış verilib... 

İş materialında hərbi komissarın rayon prokurorunun sorğusuna da cavabı var. 27.02.2008-ci il tarixli həmin cavabda həm yuxarıda qeyd olunanlar təsdiqlənir, həm də əlavə olaraq bildirilir ki, Samid Ağayevin hərbi xidmətdən yayınması barədəki akt 01.02.2008-ci il tarixdə (bəs nəyə görə indi?) prokurora təqdim olunub. Belə təəssürat yaranır ki, rayon hərbi komissarı da belə bir çağırışçının mövcudluğundan mərhumun qohumlarının yuxarı instansiyalara şikayət etməyindən sonra xəbər tutub. Halbuki S.Ağayev 5 il imiş orduya çağırışdan yayınıb gizlənirmiş...

Yuxarı instansiyalara rayon hüquq-mühafizə orqanlarından şikayət etməkdə davam edən Mehrəliyevlər 14.11.2008-də Baş Prokurorluqdan cavab alırlar. Cavabda deyilir ki, Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinə istintaqdan yayınan S.Ağayevin ekstradisiyası məsələsi ilə məşğul olmaq tapşırığı verilib.

Azərbaycan Baş Prokurorluğunun 26.11.2008-ci il tarixli növbəti məktubunda isə deyilir ki, Rusiyanın Baş Prokurorluğuna S.Ağayevin Azərbaycana verilməsi ilə bağlı müvafiq müraciət göndərilib...


Beləcə, Mehrəliyevlər günahkarın tapılıb cəzalandırılmasını tələb edir, Baş Prokurorluq isə ailəyə sadəcə tarixləri fərqli olan eyni məzmunlu şablon məktublar göndərməklə məşğul olurdu. Belə ki, Baş Prokurorluğun 26.11.2008, 19.12.2008, 12.01.2009, 19.03.2009, 03.04.2009, 10.06.2009, 17.06.2009, 01.09.2009, 10.09.2009 və 30.10.2009 tarixli məktublarının hamısından eyni cümlələrlə rastlaşmaq olar: "İttiham olunan şəxs istintaqdan yayındığı və Rusiyada daimi yaşadığı üçün istintaq hərəkətləri 26.02.2008-də dayandırılıb, amma Rusiyaya onun təhvil verilməsi üçün müraciət olunub”.

Daxili İşlər Nazirliyinin cavabı da eyni cür idi. Bir fərqlə ki, DİN şikayətçilərin müraciətlərini baxılmaq üçün elə S.Ağayevin ölkədən qaçmasına imkan yaradan şəxslərin və orqanların özünə göndərirdi.

Bütün bu süründürməçilikdən bezən Şəmsəddin Mehrəliyev təşəbbüsü ələ alaraq Rusiyanın Daxili İşlər Nazirliyinə müraciət edir. Rusiya DİN-dən idarə rəisinin müavini V.T.Staşşukun imzası ilə gələn 22.05.2009-cu il tarixli cavab məktubu Ş.Mehrəliyevi dəhşətə gətirir. Məktubda deyilirdi ki, "Samid Əfsər oğlu Ağayevin axtarışları onun Azərbaycanda həbs edilməsi ilə əlaqədar olaraq Masallı RPŞ tərəfindən 16.09.2008-də dayandırılıb”.

Amma məktubda o da qeyd olunurdu ki, Azərbaycandan Rusiya Baş Prokurorluğuna S.Ağayevlə bağlı sorğu gəlib və hazırda ekstradisiya yoxlamaları həyata keçirilir.

DİN Baş İstintaq İdarəsinin rəisi Emin Şəkinskinin 09.09.2009 tarixli məktubundan isə məlum olur ki,  Masallı RPŞ əməkdaşları 29.07.2008-də Nijni Novqoroda ezam olunub və Samid Ağayevi orada saxlayıblar. Masallı polisləri Ağayevi Nijni Novqorod polis idarəsinə təhvil veriblər. Novqorod polisi isə Ağayevin Rusiya vətəndaşı olmasını əsas gətirərək onu sərbəst buraxıb. Novqoroddan Masallı RPŞ-yə məktub gəlib. A.Ağayevin 2206832840 nömrəli Rusiya pasportunun və onun Rusiyada hərbi xidmətdə olduğunu təsdiqləyən АМ 3050673 nömrəli hərbi biletinin surətləri də həmin məktuba əlavə edilib. Masallı RPŞ də bu sənədləri əsas götürərək və AR CM-in 53.1.4-cü maddəsinə istinad edərək "Ağayev işi”ni bağlayıb.

Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovun imzaladığı 08.02.2010 tarixli daha bir rəsmi məktubdan belə məlum olur ki, Rusiya Baş Prokurorluğu Rusiya vətəndaşı S.Ağayevi Azərbaycana verməkdən imtina edir...

Bu yazışmadan gəlinən nəticə budur ki, Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycanda adam öldürmüş bir şəxsin tutulub cinayət məsuliyyətinə cəlb olunmasında əsla maraqlı deyillər və buna çalışmayacaqlar. Onlar bu işi rusiyalı həmkarlarına həvalə edirlər, daha doğrusu, onların üstünə atırlar. Yaxşı, bəs Mehrəliyevlər ailəsi necə olsun? İstintaqın necə getməsi, ölən adamın qanının batıb-batmaması barədəki məlumatları onlara kim verəcək, kim verməlidir?

Mehrəliyevlərin prezident İlham Əliyevə ünvanlanan sonuncu şikayət məktubu 01.10.2013-cü ildə göndərilib. Ailə dövlət başçısından ədalətin bərpasını və cinayətkarın və onun ölkədən qaçmasına şərait yaradanların cəzalandırılmasına yardım etməyi xahiş edir. Hüquq nöqteyi-nəzərindən asan bir məsələnin həllini yəni...

İndi Mehrəliyevlər ailəsində daha bir ümid yaranıb. Onlar virtualaz.org saytının müxbiri ilə söhbətlərində bildiriblər ki, Samid Ağayev bu yaxınlarda evlənəcək. Ona qonşu kənddən qız alıblar. Doğrudur, məsuliyyətdən qaçıb gizlənən, daha doğrusu, Masallının hüquq-mühafizə orqanlarının fəal iştirakı ilə Rusiyada gizlədilən gənc elçilik və nişan mərasimlərinə gəlməyib. Mehrəliyevlər bunu S.Ağayevin həbsdən qorxması ilə əlaqələndirirlər. Amma hər halda ona da ümid edirlər ki, nişanlısının toyuna bəlkə də gizlicə gəldi. Yəni Mehrəliyevlər onların doğmasının qatilinin toyunu bir üzvünü öldürdükləri bu ailəyə hətta başsağlığı da verməyən Ağayevlər qədər səbirsizliklə gözləyirlər. Çünki bunu qatilin həbsi üçün bəlkə də sonuncu şans hesab edirlər...

Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA