Əli İnsanova cavab gəldi, o isə məhkəmədən imtina etdi

img

04-04-2014 [18:58]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi sabiq səhiyyə naziri Əli İnsanovun cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətinə münasibət bildirib.

Bakı İstintaq Təcridxanasında saxlanan Əli İnsanov cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün təcridxananın rəisi Azər Seyidova yazılı müraciət edib. Əli İnsanov müraciətində göstərib ki, Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarı ilə onun barəsindəki hökm təxminən ay yarım əvvəl qüvvəyə minib, o hələ də cəzaçəkmə müəssisəsinə köçürülməyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məhkəmənin qərarının çıxması məhbusun dərhal istintaq təcridxanasından köçürülməsi demək deyil: "Köçürülmənin müəyyən müddəti və qaydaları var. Məhkum müəyyən zaman çərçivəsində istintaq təcridxanasında saxlanılıb sonra köçürülməlidir. Bu müddət başa vurulandan sonra Əli İnsanov mütləq köçürüləcək. Yəqin ki, onun istintaq təcridxanasında saxlanmasının müəyyən səbəbləri var. Heç bir məhkum məhkəmə qərarı alandan sonra istintaq təcridxanasında qalmır. İstintaq təcridxanasında təsərrüfat işləri ilə məşğul olan məhkum qalır”.

"Sabiq səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən məhkəmə prosesində iştirak etməkdən imtina edib".

Bu məlumatı isə vəkil Toğrul Babayev verib.

Toğrul Babayev bildirib ki, hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Əli İnsanovun işgəncəyə məruz qalması şikayəti üzrə işə baxılır: "Əli İnsanov həbsdə olduğu müddətdə pis rəftara və işgəncəyə məruz qalmasına görə ədliyyə naziri Fikrət Məmmədovu və Penitensiar Xidməti məhkəməyə vermişdi. Azərbaycan məhkəmələri şikayəti təmin etməsə də, Avropa İnsan Hüquqları Məhkəməsi Əli İnsanovun işgəncəyə məruz qalması faktını tanıyıb və bununla bağlı qərar qəbul edib. Avropa Məhkəməsinin qərarına uyğun olaraq Ali Məhkəmə sabiq nazirin işgəncəyə məruz qalması məsələsinin araşdırılması üçün işi Bakı Apelyasiya Məhkəməsinə göndərib. Bakı Apelyasiya Məhkəməsi isə işgəncə faktının araşdırılması üçün işi 1 saylı İnzibati-İqtisadi Məhkəməyə təqdim edib. Hazırda işə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə baxılır.

İlk proses martın 31-nə təyin olunub. Amma bu barədə nə Əli İnsanova, nə də onun vəkillərinə məlumat veriblər. Ona görə də proses təxirə salınıb. Növbəti proses aprelin 15-nə təyin olunub”.

Vəkil qeyd edib ki, Əli İnsanov aprelin 4-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət göndərib. Müraciətdə deyilir: "Azərbaycan məhkəmələrində mənim barəmdə olan bütün qərarlar siyasi sifarişlə çıxarılıb və bu hal indi də davam edir. Məhkəmələrə heç bir inamım qalmadığına görə mənə işgəncə verilməsi faktı ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan iş üzrə prosesdə iştirak etməkdən imtina edirəm”.

Toğrul Babayevin sözlərinə görə, qanunvericilik Əli İnsanovun məcburi şəkildə məhkəməyə gətirilməsinə imkan vermir: "Xüsusən də mülki işlərdə bu, yolverilməzdir”.

Toğrul Babayev deyib ki, Əli İnsanov eyni zamanda Bakı İstintaq Təcridxanasının rəhbərliyinə ikinci dəfə müraciət edib. Sabiq nazir həmin müraciətində Cəzaların İcrası Məcəlləsinin 65-1-ci maddəsinə uyğun olaraq yubadılmadan qeydiyyatda olduğu yaşayış yerinə yaxın ərazidəki cəzaçəkmə müəssisələrindən birinə köçürülməsini tələb edib.

Vəkil xatırladıb ki, istintaq təcridxanasının rəhbərliyi Əli İnsanovun birinci müraciətinə cavab verməyib: "Ona görə də Əli İnsanovun Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülməməsinin səbəbləri bizə məlum deyil”.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxılması ilə əlaqədar Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb ("Media forum”).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA