Rusiyada yaşayan soydaşlarımızdan rabitə nazirinə sərt etiraz

img

04-04-2014 [10:41]




Rusiyada yaşayan azərbaycanlılar, eləcə də Bakıda yaşayan qohumları ilə əlaqə saxlamaq istəyən rus və başqa millətlərin nümayəndələri danışıq tariflərindən narazıdırlar.

Meqafon, Beeline və MTS operatorlarından Azərbaycanla danışıq tarifləri həddən artıq bahadır. Bu operatorlardan ölkəmizlə danışıq tariflərinin 1 dəqiqəsi 10 rubl təşkil edir. Amerika, Çin, Özbəkistan və Orta Asiya respublikaları ilə Rusiyadan bir dəqiqə danışıq haqqı 1 rubl, Avropa ölkələri ilə 5-6 rubl civarında, hətta MDB-nin üzvü olmayan Gürcüstanla danışıq ilk 4 dəqiqəsi 5 rubl və sonrakı dəqiqələr isə 2 rubl olmaqla hesablanır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (Azərcell, Bakcell və Azərfon) və Rusiyanın (MTS, Meqafon və Beeline) mobil rabitə operatorları nümayəndələrinin iştirak etdikləri birgə tədbirlərdə bu problemlər nədənsə qabardılmır.

Aktual.az-ın Rusiyadakı müxbirinin verdiyi məlumata görə, bu barədə Meqafon, Beeline və MTS operatorlarına soydaşlarımız tərəfindən müraciət olunsa da, onlar bu problemdə özlərini deyil, Azərbaycan tərəfi günahkar sayırlar. Hətta, şikayət edən həmyerlilərimizə Azərbaycan tərəfinin qoydugu şərtlətin ağır olduğu da bildirilib.

Görəsən, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Rusiya tərəfinə qoyduğu şərtlər necədir? Maraqlıdır, hətta iqtisadi infrastrukturu olmayan Əfqanıstana Rusiyadan danışıq tarifləri ucuz olduğu halda, Azərbaycana danışıq qiyməti niyə bu qədər bahadı?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Aktual.az-a açıqlamasında mobil operatorların şikayətlərinə əsaslanaraq, beynəlxalq trafikdə şəffaflığın olmamasını qeyd edib:

"Azərbaycan, mobil danışıq tariflərinin ən yüksək olduğu ölkələrdən biridir. Tariflərin aşağı salınması istiqamətində Rabitə və Yüksək Texnologiyalar naziri tərəfindən bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, mobil operatorlar bu istiqamətdə bir addım atmayıblar. Onlar hər zaman şikayətlənirlər ki, beynəlxalq trafiklə bağlı bizdə monopoliya var. Bu "Aztelekom” İB-nin əlində cəmləşib. Şəffaflıq olmadığı üçün mobil operatorların beynəlxalq trafik üçün ödəniş xərclərini bilmək olmur. Bu səbəbdən hər hansı bir dəqiq fikir irəli sürmək çətindir”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin şöbə rəisi Hafiz Hacıyev Aktual.az-a açıqlamasında bildirib ki, Rusiyadan Azərbaycana olan beynəlxalq danışıq tariflərinin baha olması yalnız yüksək keyfiyyətli, dayanıqlı və alternativ rabitənin təşkil edilməsi ilə əlaqədardır:

"Azərbaycanla Rusiya arasında yüksək texniki standartlara cavab verən və coğrafi baxımdan fərqli, alternativ fiber-optik magistrallar üzərindən çoxsaylı beynəlxalq kanallar mövcuddur. Beynəlxalq telefon danışıqlarının bu kanallarla mübadiləsi zamanı hər iki ölkənin rabitə administrasiyası ilk növbədə yüksək keyfiyyətə zəmanət verir.

Beynəlxalq zənglərin həmin kanallarla mübadiləsi təhlükəsizlik baxımından da vacibdir. Hazırda telekommunikasiya texnologiyalarının sürətlə inkişafı ilə əlaqədar çoxlu sayda qanunsuz rabitə xidmətləri peyda olub ki, həmin xidmətlər vasitəsi ilə fırıldaqçı "telekom operatorlar” heç bir sərmayə qoymadan beynəlxalq zənglərin razılaşdırılmamış marşrutlarla, qanunsuz şəkildə ötürülməsini təşkil edirlər. Bu səbəbdən də danışıqların dəyəri ucuz başa gəlir.

Əlbəttə ki, onların təklif etdiyi rabitə xidməti Azərbaycanla Rusiya arasındakı ənənəvi kanallarla deyil, hansısa İP telefoniya və ya misal üçün, Sim Box-lar üzərindən ötürülür. İP telefoniya dedikdə, internet şəbəkəsi üzərindən ötürülən "rabitə” nəzərdə tutulur. SİM Box-lar isə bir qrup fırıldaqçının qeyri-ənənəvi yollarla və beynəlxalq stansiyada qeydiyyata düşməyən, qanunsuz olaraq, internet şəbəkəsi üzərindən təşkil etdiyi rabitə xidmətidir.

Söhbət keyfiyyətli rabitədən gedirsə, bu halda ənənəvi fiber-optik kanallar üzərindən ötürülən və beynəlxalq stansiyalarda qeydiyyata alınan rabitə nəzərdə tutulur. Təbii ki, bunun da qiyməti digərlərinə nisbətdə fərqli olur. Bu, təhlükəsizlik baxımından da daha əlverişlidir”.

Ekspert Ələsgər Məmmədli isə problemin Rusiyanın daxili prosesləri ilə əlaqədar olduğunu hesab edir:

"Bu gün istənilən sayda alternativ imkanlar var. "Google”-un, "Skype”-ın imkanlarından pulsuz istifadə etmək olar. Düşünmürəm ki, hansısa ölkədən hansısa ölkəyə telefonla zəng etmək problem olsun. Problemin Azərbaycan tərəfi ilə bağlı olduğuna inanmram. Çünki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi beynəlxalq danışıq tariflərinin qiymətini aşağı saldı. Hazırda xariclə danışığın dəqiqəsi 35 qəpik təşkil edir”.

Ekspert Natiq Cəfərli təklif edir ki, mobil operatorlar qarşılıqlı anlaşma ilə yaranan problemi aradan qaldıra bilərlər:

"Bu istiqamətdə qarşıqlıqlı anlaşmalar olmalıdır ki, tariflər aşağı olsun. Təəssüflər olsun ki, Azərbaycanın mobil rabitə sistemi cəmi 3 operatordan ibarətdir. Yaxşı olardı ki, bu operatorlar özləri öz aralarında razılaşdırılmış şəkildə xaricdəki soydaşlarımızın kompakt yaşadığı ölkələri nəzərə alıb ortaq müqavilələr bağlasınlar. Misalçün, Türkiyənin bir neçə mobil operatoru Almaniyada yaşayan təqribən, 4 milyona yaxın türk vətəndaşının bu problemlə qarşılaşmaması üçün xüsusi tarif hazırlayıblar. Xaricdəki türk vətəndaşları bu tarifdən yararlanırlar. Belə bir tarifi, Azərbaycandakı mobil operatorlar da razılaşıb, tətbiq edə bilərlər. Təəssüflər olsun ki, mobil operatorlar bundan yararlanmırlar”.

aktual.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA