İcra başçısı iş adamının oğlunu tutdurmaq istəyir - Qalmaqal

img

03-04-2014 [10:30]



Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddən Quliyevlə pul üstə mübahisələrinə görə həbs olunan bu rayondan olan tanınmış iş adamı Müqayis Verdiyevin oğlu Anar Verdiyevi də həbs etmək istəyirlər. Bunun üçün icra başçısının müavini Baxış Abdullayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.Başçı müavini məhkəmədən A.Verdiyevlə yanaşı həbsdə olan atası M.Verdiyevin də CM-in 147.2 (təhqir etmə) və 148-ci (böhtan atma) maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş edir. 

A.Verdiyev isə deyir ki, həmin şikayət əsassızdır: "Şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin (CPM) 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. CPM-in 300.1.3-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə məhkəmə qərar qəbul etməlidir. Belə ki, CPM-in 293.3.3-cü maddəsində göstərilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməlidir.

Lakin şikayət verən şəxs şikayətində onun cinayət hesab etdiyi hərəkətləri sadalayarkən göstərir ki, ”Poliqon", "Tribuna”, "Bölgə” saytlarında verilən məlumatlar Verdiyev Müqayis Cəmil oğlu tərəfindən icra olunub. Baxış Abullayev mənə qarşı da şikayət verib. Amma onu hansı formada təhqir etməyimi şikayətdə göstərmir. Şikayətdə istinad etdiyi yazılarda nə mən, nə də ki, atam tərəfindən dərc edilməsi barədə də sübut şikayətçi tərəfindən məhkəməyə təqdim olunmayıb".

A.Verdiyev deyib ki, həmin yazılar jurnalist araşdırmalarıdır və müvafiq saytların jurnalistlərinin adı ilə dərc olunub: "Məsələn, 16.07.2013-cü il tarixdə ”Bölgə" Xəbər İnformasiya Agentliyi tərəfindən verilmiş "Nizaməddin Quliyev əl-ayağa düşüb, icra başçısı bağçaların yoxlanılmasından əndişələnib, Baxış Abdullayev qurban verilə bilər” sərlövhəli yazıda Goranboyun icra başçısı Nizaməddin Quliyevin ciddi narahatlıq keçirdiyinə dair məlumatlar var. Həmin məlumatda deyilir ki, artıq bir həftədir Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları rayonda yoxlamalara başlayıblar. Həmin yoxlamalar isə əsasən uşaq bağçalarında baş vermiş yeyinti hallarını əhatə edir. Məlumatda vurğulanır ki, Nizaməddin Quliyev bu yoxlamalardan ona görə ciddi şəkildə narahatdır ki, bir zamanlar bu sahələr onun əsas gəlir yerləri olub. Belə ki, Quliyev müavini Baxış Abdullayevin əli ilə bütün bağçalar üçün ayrılmış pulları bu və ya digər şəkildə mənimsəməyi həyata keçirib".

A.Verdiyev deyir ki, bu yazıların Verdiyevlər tərəfindən mətbuata verilməsi haqda heç bir məlumat yoxdur.

A.Verdiyev bu xüsusda məhkəməyə ünvanladığı vəsatətdə B.Abdullayevin barələrində verdiyi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş edib.

Qarşı tərən mövqeyini dinləməyə və çap etməyə hazırıq.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA