Yalançı statistika: 4 minədək autizmli uşağın sayı niyə 90 nəfər göstərilir?!

img

01-04-2014 [12:52]


Aprelin 2-də Ümumdünya Autizmi Məlumatlandırma Günü qeyd ediləcək.

Bu barədə virtualaz.org saytına Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İçtimai Birliyinin sədri Çiçək Məmmədli bildirib.

Ç.Məmmədli dedi ki, hazırda dünyada hər 88 uşaqdan 1-i, Azərbaycanda isə hər 100 uşaqdan 2-3-ü autizmli doğulur.

Mütəxəssis ölkəmizdə autizmli uşaqların dəqiq statistikasının aparılmadığını, belə uşaqların rəsmi statistikadan dəfələrlə çox olduğunu vurğuladı: "Bizim hesablamalarımıza görə, hazırda ölkədə 4 minə yaxın autizmli xəstə var. Halbuki rəsmi qeydiyyatda olan autizmli uşaqların sayı 90 nəfər göstərilir. Bu sindromla diaqnoz qoymaqda çətinliklər var. Bundan əlavə, autizm sindiromu 3 yaşında özünü büruzə verir, yəni bu yaşından sonra diaqnoz qoyulur”.

Ç.Məmmədli autizmin əlamətlərini xatırlatdı: "Autizm 1-4 yaşlarında özünü qeyri-iradi hərəkətlərlə, nitqin olmaması və təkrar nitqlə, göz təmasından yayınma ilə depressiv formada büruzə verən sindromdur. 2000-ci ilə qədər bu xəstəlik adı altında şizofreniya, kəskin əqli gerilik, pisixi inkişafın ləngiməsi, intellekt problemi kimi qeydiyyata alınırdı”.

Mütəxəssilər deyirlər ki, uşağında problem olduğunu hiss edən bu əlamətlərə diqqət yetirməlidirlər. Autizm sindromlu uşaqlara məxsus olan tipik xüsusiyyətlər bunlardır:

-autizm sindromlu uşaq onunla danışan adama baxmır;

-işarə ilə göstərilən yerə baxmır;

-yersiz ağlayır və ya gülür;

-bir sözü və ya bir hecanı bir neçə dəfə təkrar edir;

-gedib-gələcəyi yola bağlanır, gözünün yaxınlığında əli ilə təkrar hərəkət edir;

-özünə bilə-bilə ziyan vurur, tələbatı yoxdur, ünsiyyətə girməyə çətinlik çəkir;

-göz təmasından yayınır;

-işığı yandırıb-söndürməyi sevir;

-elektron əşyalara həvəsi olur;

-valideynə hədsiz bağlanır və ya əksinə edir;

-bir yerdə çox yellənir;

-diqqətini bir yerə saatlarla zilləyir;

-musiqiyə həvəs göstərir.

Nəzərə almaq lazımdır ki, autizm sindromlu uşaq ilk baxışdan özünü ərköyün , şıltaq, tərs, inadcıl , küt, fərasətsiz, hətta ədəbsiz kimi göstərir. Küçə, nəqliyyat, mağaza və bu kimi ictimai yerlərdə ətrafdakıların məzəmmətinə, töhmətinə rast gəlir. Bu isə bütün ailənin ikincili autizasiyasına gətirib çıxarır.

Qeyd edək ki, Ümumdünya Autizmi Məlumatlandırma Günü Qatar dövlətinin təklifi əsasında BMT tərəfindən 18 dekabr, 2007-ci ildə, 62/139 saylı əmrlə təsis olunub.

Ç.Məmmədli autizmli uşaqların problemlərini həll etmək üçün Milli Məclisə təkliflər verib: "Təklif etmişik ki, Milli Məclisdəki müzakirələrdə autizmli xəstələrin probleminə diqqət yetirilsin, dövlət səviyyəsində autizm araşdırma və bərpa mərkəzi yaradılsın, autizmli övladı olan ailələrə dövlət dəstəyi göstərilsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA