Oğlu epilepsiya xəstəsi olan zabit işdən qovulub

img

16-03-2014 [13:13]



«Qızımın həyat yoldaşı Seymur İsmayılov məzuniyyəti dövründə epilepsiya xəstəliyindən əziyyət çəkən oğlunu İrana apardığına görə işindən qovulub».

Bunu redaksiyamıza yazdığı müraciətdə Yasamal rayon Ə.Ələkbərov küçəsi 81a mənzil 13-də yaşayan Rəhim Qasımov bildirdi. Ölkə başçısı İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova şikayət məktubları göndərən R.Qasımov məktublarn bir nüsxəsini də redaksiyamıza təqdim edib. R.Qasımovun dediyinə görə, kürəkəni tibb xidməti kapitanı Seymur İsmayılov Müdafiə Nazirliyinin Tibb Xidməti İdarəsində həkim-ekspert şöbəsinin müdiri işləyən Rasim Əliyevin tələb etdiyi 3 min manat məbləğində rüşvəti verə bilmədiyi üçün müxtəliuf bəhanələrlə işdən uzaqlaşdırılıb və ixtisasına uyğun olmayan sahəyə göndərilib. Şikayətçi deyir ki, işdən uzaqlaşdırılan Seymur İsmayılov həmin şöbədə yeganə ixtisas sahibi olub və işinin öhdəsindən lazımınca gəlib.

R.Qasımovun sözlərinə görə, S.İsmayılovun 2 azyaşlı uşağından biri anadangəlmə qüsurludur, epilepsiya xəstəliyindən əziyyət çəkir: "2011-ci ildə Seymur məzuniyyətdə olarkən xəstə uşağı İran İslam Respublikasına aparıb. Bundan sonra ailənin qara günləi başlayıb. Bu hadisəni bəhanə edən Tibb Xidmətinin ekspertiza şöbəsinin rəisi Rasim Əliyev kürəkənimdən pul istəyib, o, öhdəsində 1 xəstə uşağın olduğunu bildirərək rüşvət verə bilməyəcəyini deyib. R.Əliyev də pul ala bilməyəcəyini görüb qızımın yoldaşının İrana getməsini bəhanə edərək onu işdən uzaqlaşdırıb”.

R.Qasımov onu da qeyd edib ki, Rasim Əliyev hələ Rəhim Qazıyevin vaxtında orduda Ekspertiza Bürosuna rəhbərlik etmiş, lakin işdə yol verdiyi nöqsanlara görə hələ 03 dekabr 1993-cü ildə bu vəzifədən uzaqlaşdırılmışdı. R.Qasımov R.Əliyevin o vaxt işdən çıxarılması haqqında əmrin surətini də redaksiyamıza təqdim edib: "Rusca tərtib olunmuş əmrdə bildirilir ki, ekspertiza bürosunun rəisinin təşəbbüsü ilə Məhkmə Tibbi Ekspertiza Bürosunun(MTEB) Müdafiə Nazirliyi Tibb Xidmətinin tərkibindən çıxarılması MTE-nın nəzarətsizliyinə gətirib çıxarıb. Məhkəmə Tibb Ekspertiza Bürosunun rəisi,tibb xidməti kapitanı R.Əliyev öz vəzifəsindən sui-istifadı edərək öz əmri ilə Attestasiya Komissiyası yaratmış və özünüə yüksək məhkəmə Tibbi ekspert kateqoriyası təyin etmişdir. Bu isə aylıq əməkhaqqına 30 faiz əlavə edilməsi imkanı vermişdir”.

1993-cü ildə müdafiə nazirinin qərarı ilə həkim-ekspert bürosu ləğv edilir, tibb xidməti kapitanı R.Əliyev kollektivə zəif rəhbərlik etdiyinə, qeyri-qanuni fəaliyyətinə və maliyyə intizamını pozduğuyna görə Hərbi Məhkəmə Tibbi Ekspertiza Bürosunun rəisi vəzifəsindən azad edilib.

Şikayətçinin sözlərinə görə, R.Əliyevin bəxti bir də 19 ildən sonra Natiq Əliyev Müdafiə Nazirliyinin tibb xidməti idarəsinə rəis təyin ediləndən sonra açılıb: "Xatırladaq ki, N.Əliyev həmin vəzifədən 1999-cu ildə ulu öndər Heydər Əliyevin birbaşa tapşırığı ilə uzaqlaşdırılıb. Görünür, keçmiş müdafiə naziri Səfər Əbiyevlə münasibətləri qaydaya saldıqdan sonra N.Əliyev yenidən bu posta gətirilib. Qeyd edək ki, N.Əliyev həmin vəzifəyə 2012-ci il iyunun 26-da təyinat alıb. 4 aydan sonra R.Əliyev tibbi ekspertiza şöbəsinə rəis təyin olunub. Bundan sonra kürəkənim və onun digər həmkarlarından vəzifələrində qalıb işləmələri üçün haqq tələb edib. Himayəsində kiçik yaşlı epilepsiyalı xəstə olan Seymur bu tələbi ödəyə bilməyəcəyini bildirib. Bundan sonra ona qarşı təzyiqlər başlanıb. Əvvəlcə xəstə uşağını İrana müalicəyə apardığına görə işini itirməli olub”.

Müdafiə NazirliyininHərbi Tibb İdarəsinin rəisi, Silahlı Qüvvələrin Tibb Xidməti rəisi Natiq Əliyevin şikayətçi Rəhim Qasımova göndərdiyi cavab məktubunda deyilir. "Araşdırma zamanı məlum olmuşdur ki, Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Ümumi Ekspertiza bölməsinin məhkəmə tibbi eksperti, tibb xidməti kapitanı S.İsmayılov 2009-cu ilin iyun-iyul aylarında və 2011-ci ilin iyul ayında, yəni məzuniyyət dövründə qanun pozuntusuna yol verərək icazəsiz olaraq respublika hüdudlarından kənara çıxmış, oğlu Mirrahim İsmayılovun xəstəliyi və mülicəsi ilə bağlı İran İslam Respublikasına getmişdir. Bununla əlaqədar S.İsmayılov 17.05.2012-ci il tarixdə Milli Təhlükəsizlik NazirliyininHərbi Əks-kəşfiyyat İdarəsinə çağırılmış və ondan izahat alınmışdır”.

Şikayətçinin sözlərinə görə, mərkəzin şəxsi heyəti yeni ştata uyğun vəzifələrə təyin edildikdən sonra S.İsmayılov İran səfəri ilə bağlı Hərbi Tibb İdarəsinin sərəncamında saxlanılıb: "Belə çıxır ki, MTN 2012-ci ilin may ayında kapitan İsmayılovdan izahat aldığına görə həmin ilin oktyabr ayında ona iş verməyiblər. N.Əliyevin imzaladığı həmin məktubda kapitan S.İsmayılovun N saylı hərbi hissənin tibb məntəqəsi rəisi vəzifəsinə təyin edildiyi bildirilir. Amma şikayətçi bununla kifayətlənməyib kürəkəninin öz xidməti işinə qaytarılmasını israrla tələb etməsindən sonra S.İsmayılov həmin görəvindən də alınaraq Füzuli rayonuna göndərilib. Indi zabit himayəsində 1–i ağır epilepsiya xəstəsi olan 2 uşaqla Füzuli rayonunda xidmət etmək məcburiyyətindədir. Amma Füzuli rayonu ərazisində nəvəmi müalicə etmək və həkim nəzarətində saxlamaq mümkün deyil. Bu, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi, tibb xidməti polkovniki Firudin Qarabəyovun imzası ilə Səhiyyə Nazirliyinə göndərilən məktubda da göstərilir. Belə ki, Müdafiə Nazirliyinin 15.03.2008-ci il tarixli əmri ilə təsdiq edilmiş təlimatın tələblərinə əsasən, ixtisaslaşmış tibb müəssisəsində uzun müddətli (12 aydan artıq) müalicə tələbedən xəstəlik və inkişaf qüsurlarının olması həmin hərbi qulluqçunun xidmət etdiyi yerlərdə qeyd edilən tibb müəssisisələri olmayan halda onların ailə üzvlərinin bu yerlərdə yaşaması əks-göstərişdir”.

İşin bununla bitmədiyini yazan şikayətçinin sözlərinə görə, hər şey bununla bitmir: "R.Qasımovun iddiasına görə, Seymurun xidmət etdiyi hərbi hissə rəhbərliyinə Baş Tibb Xidmətindən göstəriş gəlir ki, Seymur İsmayılov ordudan tərxis edilsin”. Rəhim Qasımov müraciətin sonunda ölkə başçısından və müdafiə nazirindən kürəkəninin öz işinə qaytarılmasını, günahkarların cəzalandırılmasını xahiş edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA