Bəzi ümumtəhsil məktəblərində təhsilin keyfiyyət göstəricilərinin aşağı olma səbəbləri... - Vahid Tağıyev yazır

img

28-01-2022 [18:27]


Vahid Tağıyev,

İmişli RTŞ-nın müdir müavini

***

Təhsildə keyfiyyətin yüksəldilməsi, bu sahənin dinamik olaraq inkişafı cəmiyyətin ümumi inkişafına, hər bir fərdin həyat şəraitinin yaxşılaşmasına təsir göstərən başlıca amildir.

Son 7-8 ildə təhsil sahəsində aparılan islahatlar illərlə kök salmış streotipləri kökündən dəyişmək, yenidən qurmaq baxımından təqdirəlayiqdir. Xüsusilə təhsil sahəsində çalışan kadrların, o cümlədən aparıcı qüvvə olan çoxsaylı müəllimlərin obyektiv, birmənalı olaraq təmənnasız seçilərək işə qəbulu, yerdəyişməsi, istedad və bacarığın əsas meyar kimi götürülməsi sağlam rəqabət mühitinin yaradılması baxımından böyük əhəmiyyəti olan hadisədir. Fənn olimpiadaları, qrant layihələri, müxtəlif bilik, bacarıq yarışları, müsabiqələrin və s. obyektiv keçirilməsi sağlam düşüncənin formalaşmasına təsir göstərir.  

Bu proseslərin geriyədönməzliyi və getdikcə yaxşı mənada dərinləşməsi dövlət siyasəti olmaqla, etiraf etməliyik ki, son illərdə təhsil naziri təyin edilən şəxslərin və onların komandasının sağlam mövqeyi və əzmkarlığı bu sahədə xüsusi rol oynayıb.

 Təhsilimizin daha çox inkişaf etdirilməsi məqsədi ilə mövcud vəziyyətə, real nəticələrə obyektiv, tənqidi yanaşsaq, etiraf etməliyik ki, hazırda kifayət qədər çox çatışmazlıqlar var. İllərlə bu nöqsan və geriliklər aradan qaldırılmır və müxtəlif səviyyələrdə dilə gətirilir, müzakirə mövzularına çevrilir. Nöqsanlar qaraguruhçu niyyəti ilə deyil, düzəltmək məqsədi ilə diqqətə çatdılırsa, yaxşı bir haldır.

Bir necə gün öncə Təhsil naziri Emin Əmrullayev belə açıq bir müzakirə apardı. Şəxsən məndə belə bir fikir yarandı ki, problemə ən düzgün yanaşma yolu seçən nazirimiz təhsilimizə ən çox tənqidi yanaşan şəxsdir. Bu mövqe qarşıya hədəflər qoymuş, bu sahəyə rəhbərlik edən birinci şəxsin axtarışda olan, yaradıcı münasibəti, problemlərin həlli istəyinin ifadəsi kimi qəbul edilməlidir.

Belə ki, 24.01.2022-il tarixdə Təhsil naziri Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları üzrə məktəb direktorları və təhsil şöbələrinin rəhbərləri ilə görüş keçirdi. Nazirin təhsilimizdəki problemləri kökündən, fundamental şəkildə, təhsil işçiləri tərəfindən daxili bir tələbata, istəyə çevirməklə həll edilməsi istiqamətində münasibəti və nazirlik tərəfindən göstərilə biləcək dəstək barədə fikirləri çox dəyərli yanaşmadır. Olduqca səmimi, işgüzar söhbət zamanı nazir sual verdi və təkliflər istədi ki, əksər məktəblərdə göstəricilərin davamlı şəkildə aşağı səviyyədə olmasının səbəblərini nədə görürsünüz?

Tədbirdə iştirak etdiyim həmin gün sağlamlıq durumum yaxşı olmadığına baxmayaraq, imkan yarandı mən də müşahidə və təcrübəmə əsaslanaraq bəzi fikirlərimi nazirimizə çatdıra bildim.

Gizli deyil ki, nailiyyətləri yüksək olan məktəblərin, təhsil işçilərinin sayı ümumtəhsil məktəblərinin ümumi sayı ilə müqayisədə aşağıdır. Bəli, belələri dərin ehtirama layiqdir. Bu yazıda onlar müzakirə mövzusu deyil. Lakin bu uğurlu say tədricən artsa da sürət tempi qaneedici deyil. Hazırda əksər ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti, nəticələri davamlı olaraq aşağıdır. Əlbəttə, bu geniş mövzudur.

Təhsilin səviyyəsi, nəticələri illərlə aşağı olan ümumtəhsil məktəblərində bu problemin başlıca səbəblərinin aşağıdakı məsələlərlə bağlı olduğunu düşünürəm:

1. İbtidai siniflərdə (I-IV) şagirdlərin yazmaq, oxuyub-anlamaq bacarığı və riyazi bilikləri çox aşağıdır. Bu vəziyyət təhsilin sonrakı mərhələlərində aradan qaldırılması mümkün olmayan problemlər yaradır, fənlərin lazımınca mənimsənilməsinə imkan vermir.  Odur ki, bu sahəyə xüsusi diqqət, nəzarət, kömək və tələbkarlıq göstərilməlidir.

2. Dərsliklərin məzmunu təkmilləşdirilməli, ağırlaşdırıcı, gələcək fəaliyyətdə nəzərə alınmayacaq materiallardan xilas olunmalıdır. Hər zaman üçün rəqabətqabiliyətli kadrların yetişdirilməsi başlıca hədəf kimi nəzərə alınmalıdır. Məktəblilərə evdə hazırlamaq üçün verilən çalışmalara ağırlıq dərəcəsinə görə yardım etməyə nəinki valideynin gücü çatmır, hətta qeyri-ixtisas müəllimləri də yardım etməyə çətinlik çəkir. Şagirdlər yuxarı siniflərə keçdikcə, bilikləri mənimsəməyi bacarmadığına görə ruhdan düşməməli, "mən bacarmaram", "mənlik deyil" qənaətinə gəlməməlidir. Onlar özlərini məktəbdə xoşbəxt, sevincli hiss etməlidir, təhsilə maraqları olmalıdır. Xüsusi istedadlı uşaqlar vaxtında aşkarlanmalı, onların ehtiyac və tələbatının ödənilməsi üçün seçilib fərdi təhsil, xüsusi sinif və məktəblərlə cəlb edilməsi təmin edilməlidir.

3. Hər il yeni işə qəbul olanların hesabına istedadlı, bacarıqlı müəllimlərin sayı artsa da, məktəblərin çoxunda onların fəaliyyətinə, formalaşmasına təsir edən normal pedaqoji, istiqamətverici mühit olmadığına görə gözlənilən nəticələr alınmır. Təhsilin keyfiyyəti və nəticələrinin, əsasən, formalaşdığı 45 dəqiqəlik dərslərə illərlə bir mütəxəssis daxil olub rəy bildirmir. Müəllimlərin müəyyən hissəsi dərs prosesinin təşkilində hər bir dərsin qarşıya qoyulmuş konkret məqsədi əvəzinə, ümumi şəkildə məlumatlar verir. Məqsəd kənarda qalır, fəaliyyət nəticəyönümlü olmadığına görə nəticə effektli alınmır. Belə şəraitdə tədrisi keyfiyyətsiz təşkil edənlərlə bərabər, bacarıqlı, fədakar müəllimlər də vaxtında aşkar edilib qiymətləndirilmir.

4. Valideyn - məktəb münasibətləri. Neçə on illərdir eşidirik ki, təhsildə, tərbiyədə yaranan problemləri, şagirdlərin uğursuzluğu səbəblərini valideynlər məktəbin üzərinə, müəllimlər də valideynin üzərinə atır. Əslində, məqsədləri eyni olan hər iki tərəfin əməkdaşlıq şəraitində, qarşılıqlı hörmət, anlayışlı yanaşma ilə şagirdlərin təlim- tərbiyəsində bərabər məsuliyyət daşımasına nail olunmur. Valideynlərin qüsurlu tərbiyə metodları, təhsilə və müəllimə aqressiv münasibəti uşaqların hərəkətlərində də əks olunur. Hər kəs öz məsuliyyətini dərk edərək, onu əməli fəaliyyəti ilə reallaşdırmalıdır. Şagirdlərin və şagirdlərin davranışına, hərəkətlərinə görə valideynlərin məsuliyyəti artırılmasa, proseslər daha xoşagəlməz olar.

5. Məktəb direktorları pedaqoji prosesin təşkilatçısına, yaxud pedaqoji liderə çevrilə bilmir. Elə məktəb direktorları var ki, onlar illərlə əvvəlki iş üsulunu dəyişməyib, öz üzərində işləmir, müasir idarəetmə tələbləri haqqında məlumat əldə etmək istəmir. Ümumi təhsilin idarə olunması - hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitorinqi ən yaxşı halda direktorların işə qəbulu müsabiqəsində yada düşür (yalnız müsabiqəyə hazırlaşanlar). İş prosesində isə bunlar tamamilə unudulur. Yaxud bunların praktiki icrasını həyata keçirə bilmir, bacarmırlar. Müavinlər isə, əsasən, bu məsələlərdən xəbərsiz olurlar. Məktəb rəhbərliyi tərəfindən müəllimlər pedaqoji fəaliyyətlərinin nəticələrinə görə dəyərləndirilmir, ən azı onlara vaxtında "sağ ol", "təşəkkür" bildirilmir. Stimulverici mühit yaranmır. Direktor sadəcə ümumi şəkildə məktəbə rəhbərlik edən, cavabdeh obrazında qalır.

6. Direktor müavinləri məktəbdə müəllimlə gündəlik ən çox və yaxın ünsiyyətdə olan, onlarla birgə işləyən, təlim- tərbiyə prosesinə istiqamət verən aparıcı simadır. Odur ki, pedaqoji sahəyə rəhbərlik edən direktor müavinləri ən bacarıqlı, peşəkar müəllimlərdən seçilməlidir. Regionlarda əvvəldən normal olmayan bu vəziyyət müəyyən istisnalarla son illərdə daha az bal toplayan, müəllim kimi pedaqoji kollektiv və ictimaiyyət arasında nüfuzu olmayanların direktor müavini seçilməsi ilə daha da pisləşib. Dərs prosesinin yaradıcı təşkilindən xəbərsiz, pedaqoji bacarığı və akademik biliyi aşağı olan belə müavinlər məktəbin inkişafına mane olurlar. Əgər həmin məktəbdə direktor da bu baxımdan tələblərə cavab vermirsə, həmin məktəbdə heç vaxt sağlam rəqabət, yaradıcı, işgüzar pedaqoji mühit formalaşa bilmir.

7. Hər bir məktəbin nəticələri, irəliləyişlər və geriləmələr geniş şəkildə təhlil edilərək pedaqoji kollektivdə müzakirə edilmir. Sənədləşdirilən məktəb pedaqoji şuraları reallığı əks etdirirmi, müzakirələr necə keçirilir? Yaxud heç keçirilirmi? Məktəb rəhbərliyi tərəfindən məktəblərin fəaliyyəti ətraflı, analitik təhlil olunmur. Hər müəllimin nöqsanı, uğuru, məktəbin səviyyəsi qeyri- müəyyənlik şəraitində qalır. Hər bir müəllim, ümumilikdə pedaqoji kollektivin qarşısında reallaşması mümkün olan və irəliyə aparan hədəflər qoyulmalı və bu prosesin gedişi izlənilməli, qiymətləndirilmələr aparılmalıdır. Təhlillər yarımillik, illik, bir neçə illik olaraq aparılmalıdır, hər kəsin məsuliyyəti müəyyən edilməlidir. Belə məktəblərdə qabaqcıl dünya təcrübəsi ilə maraqlanılmır. Respublikada, rayonda uğur qazanmış qabaqcıl müəllimlərin, məktəblərin iş təcrübəsi öyrənilmir.

8. Müəllimlərin əməyinə bilik, bacarığı ilə bərabər fəaliyyətinin nəticələrinə görə əmək haqqı verilməməsi təhsilin ciddi problemidir. Sertifikasiyada imkan daxilində bunu nəzərə almaq mümkün olsa, bu təhsilin inkişafında sağlam rəqabətə stimul olmaqla böyük nəticələr verər.

9. Məktəblərin fəaliyyətinin qiymətləndirilməsində yeni yanaşmalar zərurətə çevrilib. Yalnız buraxılış imtahan nəticələrində ən yüksək bal toplayan və ali məktəblərə qəbul olanlara görə qiymətləndirmək özünü doğrultmur. Bu həm də repetitor yanına axını gücləndirir, məktəbdə tədris pozulur. Buraxılış imtahanında 30-40 baldan aşağı toplayan şagirdlərin sayına diqqət yetirilməlidir. İcbari təhsildə ümumi orta təhsil səviyyəsinin qiymətləndirilməsi nəzərə alındığı kimi bu mərhələdə məktəblər üzrə şagirdlərin təhsil səviyyəsində minimum akademik bilikləri də ayrıca nəzərə alınmalıdır. Söhbət illərlə nəticəsi ən aşağı olan məktəblərdən gedir. Sıfıra yaxın nəticələrə görə məktəb və müəllim məsuliyyət daşımalıdır.
Şagirdlərin biliyinin akademik qiymətləri ilə bərabər onların tərbiyəsi, davranışına da qiymət verilməlidir. Tərbiyəni qiymətləndirməyin müvafiq kriteriyaları olmadığına görə bunu ölçmək çətinliyi başa düşüləndir. Axı məktəbdə nəzətdə tutulan çoxsaylı tərbiyəvi tədbirlərdən əlavə hər bir dərsin tərbyəedici funksiyası da var. Bu vacib sahə dəyərləndirilməlidir.

10. Bir zamanlar pedaqoi təhsil almaqda yaranan boşluq nəticəsində müəllim cərgəsinə təsadüfi adamların qoşulmasının yaratdığı problem hələ də davam edir.  Onların bir hissəsi təhsilin idarəetmə strukturlarında da yerləşmişlər. Bu problem xeyli şəkildə aradan qalxsa da, hələ belələri az deyil.

11. Metodik iş, təlimə dəstək məktəblərdə reallaşmayan, ümumi söz, faydasız sənədləşmələr səviyyəsində aparılır. Təhsili idarəedənlər praktik fəliyyətlərində metodiki işi qiymətləndirmir, nəzərə almır və özləri də bu sahədə çox məlumatsız olurlar. Ümumiyətlə təhsili idarəedənlər arasında metodiki işin əhəmiyyəti, faydalılığını başa düşməyən, dəyərləndirməyənlər az deyil.

12. Qloballaşma və cəmiyyətin hazırkı inkişaf səviyyəsində baş verən çoxlu problemlər zəminində təlim- tərbiyə prosesində psixologiyanın əhəmiyyəti, oynadığı həlledici rolu axıradak qəbul edilərək fəaliyyətdə nəzərə alınmır. İnsana təsir etmək onun yeni bilikləri qavraması baxımından, istərsə də davranış və hərəkətlərini nəzarətdə saxlamaq, idarə etmək baxımından məktəb psixologiyası məktəbin bütün fəaliyyətinə peşəkar səviyyədə daxil olmalıdır. Əks halda anlaşılmazlıq, nəticələrin arzuedilən səviyyədən aşağı olması daim qaçılmaz olacaq. Psixoloji xüsusiyyətlər pedaqoji kollektiv arasında, rəhbərliklə-müəllimlər, müəllim-şagird, valideyn-müəllim münasibətlərində spesifik yanaşma, tələblər irəli sürür. Aqressiya ilə heç bir sahədə uğur qazanmaq mümkün deyil.

13. Cəzasızlıq mühiti. Təhsilə rəhbərlik edən insanlar ümumi mənafe düşüncəsi, əqidəsinə sahib olmalıdır. İllərlə təhsil sahəsində müəyyən yer tutan, heç bir uğurlu nəticələr əldə etməyən, bəzən müxtəlif formada təhsildə sağlam olmayan atmosferanın formalaşmasına səbəb olan, buna şərait yaradan şəxslər özlərini rahat hesab edib. Onlara bəsdir deyilməlidir. Halbu ki, bir çoxlarının isə qabiliyyət və bacarığı uyğunsuz olduğuna görə heç vaxt yaxşı təhsil işçisi olmaq şansı yoxdur. Ancaq on illərlə gözlənilməlidir ki, onların 65 yaşı tamam olsunmu? Əlbəttə, elə yaş həddi çatanlar var ki, onlara dəyər verilməsi unudulmamalıdır. Layiq olmayanlarla daha tez xudahafizləşilməlidir ki, problemlər dərinləşməsin.

14. Çoxdandır ki, təhsildə yerli idarəetmə strukturu təhsilin inkişafetdirici istiqamətdə qurulmasına kömək edə bilmir. Rayon təhsil şöbələrinin fəaliyyəti, kadr potensialı müasir idarəetmə tələblərinə, müəllimlərlə yaradıcı işləmək prinsipinə cavab vermir. 15 ildir ki, müxtəlif yazılarda bu barədə fikirlərimi əsaslandırmışam. Bir çox rayonlarda təhsil şöbələri təhsilin inkişafına mane olan struktura çevrilirdi. Yeni yaranacaq regional idarələrlə bağlı ümid və gözləntilərimiz çoxdur.

QEYD: Yuxarıda qeyd olunduğu kimi göstərilən nöqsanlar təhsilin səviyyəsi, nəticələri illərlə davamlı olaraq aşağı olan ümumtəhsil məktəblərinə aid olan problemlərdir. Uğurlu, qabaqcıl məktəblərimiz, təhsili idarə edənlər, bacarıqlı liderlər, peşəkar, fədakar müəllimlərimiz çoxdur və onlarla fəxr edirik! Uzun illər təhsil sahəsində çalışan, müəyyən təcrübəyə sahib olan biri kimi təhsilimizin uğurlu gələcəyinə inanıram! Belə müzakirələrin özü də bu istəklərdən yaranır. Qalib dövlətin təhsili də, müəllimi də ən yüksək səviyyədə olmalıdır!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq