Prezident iki sərəncam imzaladı, maaşlar artdı

img

04-03-2014 [22:50]



Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

Bu sərəncamla "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

***

Dövlət qurumlarında çalışan elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına əlavələrin məbləği 2 dəfə artırılıb. 

Nazirlər Kabineti "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında”, "Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” və "Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında” qərarlarında dəyişikliklər edib.

Mia.az APA- ya istinadən xəbər verir ki, indiyədək bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 30 manat, fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən "Elmlər doktoru” elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 30 manat, ədliyyə orqanlarında çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 50 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərin vəzifə maaşlarına 30 manat məbləğində əlavələr müəyyən edilib.

Dəyişikliklərə əsasən, bu əlavələrin məbləği 2 dəfə artırılıb. Bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 60 manat, fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən "Elmlər doktoru” elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 60 manat, ədliyyə orqanlarında bilavasitə ixtisası üzrə çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 100 manat, bilavasitə ixtisası üzrə çalışan elmlər namizədi alimlik dərəcəsi olan işçilərin vəzifə maaşlarına 60 manat məbləğində əlavələr müəyyən edilib.

Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA