Qənirə Paşayevanın cavabı sərt oldu

img

02-03-2014 [20:49]


"Bu ölkədə bir qrup cahil, həyatda heç zaman xeyirli işlə məşğul olmayan, millətin oğul və qızlarına şər-böhtan atmaqla məşğul olan və bundan zövq alan insan var. Bir neçə gündür məni nurçuluq təriqətinin mənsubu olmaqda ittiham edirlər və bununla mənə zərbə vuracaqlarını düşünürlər".


"Reytinq" qəzeti xəbər verir ki, bu sözləri deputat Qənirə Paşayeva Facebook-dakı səhifəsində yazıb. O, daha sonra qeyd edib: "Ay bədbəxtlər, əvvəlcə sizə xatırladım ki, ölkəmizdə din azadlığı var və hər kəsin inancına sayğı duyulmalıdır. Hər bir insan istədiyi təriqətə inana və ona bağlı ola bilər. Konstitusiyamıza və qanunlarımıza görə də burada heç bir qanunsuzluq yoxdur. Başqalarının inancına müdaxilə edib, onu hədəf almaq isə ciddi qanun pozuntusudur. Mən də hər bir Azərbaycan vətəndaşı kimi istədiyim təriqətə inan-maqda, daxil olmaqda sərbəstəm və hər hansı təriqətin mənsubu olmaq istəsəm, sizdən və başqalarından bunun üçün icazə almamalı və hesab verməməliyəm. Əgər hər hansı bir təriqətin, o cümlədən nurçuluq təriqətinin üzvü olsam, bunu qorxmadan, açıq şəkildə söyləyərəm. Burada qanunsuz bir şey olmadığını təkrar siz cahil və xəbis niyyətli insanlara söyləmək istəyirəm. Nurçuluq təriqətinin üzvü olsam, bunu açıq şəkildə söyləməkdən çəkinmərəm. Bu gün şok video dediyiniz çıxışı isə mən 1 il əvvəl etmişəm və bir gün məni Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finalı) etdiyim çıxışımdan dolayı ittiham edəcəyinizdən qorxsaydım, o çıxışı etməzdim. Çünki sizdən fərqli olaraq, mən sifarişlərlə işləmirəm. Məni o festival-dakı çıxışımdan dolayı ittiham edən bədbəxtlər, Seyid Yəhya əş-Şirvani əl-Baküvi həzrətləri ilə, onun böyük irsi ilə bağlı onlarla tədbirdə, beynəlxalq konfranslarda çıxış etmişəm. Baküvi ən böyük təriqəti - Xəlvətiliyi quran şəxsdir. Yəqin savadınız, ya da xəbəriniz olmayıb, xəbəriniz olsa, məni xəlvətilik təriqətinin üzvü ol-maqda da suçlayardınız. Çünki ən çox çıxışlarımı Baküvi ilə bağlı edirəm və hətta parlamentdəki çıxışımda da gənclərimizi onun irsini öyrənməyə çağırmışdım".

Deputat daha sonra digər çıxışlarına da toxunmaqla bərabər, onu ittiham edənləri yenə belə cavab verib: "İnternetdə ən çox izlənən və bir il əvvəl canlı yayımda etdiyim çıxışı "şok video əldə etmişik",- kimi yayan bədbəxtlər, indiyə qədər o videoya nə qədər insanın izlədiyinə və tarixinə baxın. Yazıqlar olsun sizə".

Deputat bildirib ki, bu kampaniyanın arxasında dayanan adamları çox yaxşı tanıyır: "Bu kampaniyanın rəh-bərlərindən birinə bu sualı verirəm. Əgər bu məktəblər pis idisə, niyə övladınızı orada oxumağa vermişdiniz? O zaman demək sizin övladınız da nurçuluq təriqətinin üzvüdür. Bizi, bir qrup gənc insanı çeşidli mətbuat orqanları vasitəsi ilə hədəfə alan bədbəxtlər, sizin dərdiniz başqadır, bunu bilənlər bilir. Siz bu ölkəni, onun inkişafını sevmirsiniz, siz sadəcə öz şəxsi maraqlanızı və mənafeyinizi düşünürsünüz və sizin kimi istedadsız insanların önünə keçən aydın gənclərə nifrət edir, onlara bu yollarla zərbə vurmaq istəyirsiniz. Amma alınmayacaq, Allah böyükdür və ölkəmizin sizin kimi böhtançıların sözləri ilə deyil, faktlarla işləyən Milli Təhlükəsizlik Nazirliyi var. Onlar kimin kim olduğunu çox yaxşı bilirlər. Gücünüz sadəcə əliniz çatan mətbuat orqanlarında bizi hədəf almağa çatır, amma bu reketçiliklə məşğul olan agentliklərlə sabahdan onlar kimi şantaj deyil, hüquq müstəvisində danışacağıq. Mənə vurduqları mənəvi ziyana görə onlardan məhkəmə yolu ilə əldə edəcəyim təzminatı ehtiyacı olanlara hədiyyə etməkdən böyük məmuniyyət duyacam".

"Qafqazinfo” mübahisəyə səbəb olan videonu təqdim edir:

şərh yaz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA