Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Rafiq Abdullayevi yıxıb sürüdülər

img

24-02-2014 [17:23]


"Xəbərlə” xəbər portalı (xeberle.com)Sumqayıtın məmurlarını necə tanıyırıqadlı yeni rubrikaya start verib. Rubrikada Sumqayıt məmurlarının fəaliyyəti haqqında şəhərimizin jurnalistlərindən münasibət öyrəniləcək, onlar haqda fikir yürüdüləcək. İlk olaraqSumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin faəliyyəti ilə bağlı həmkarlarımıza "Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rəhbəri Rafiq Abdullayevin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualı ilə müraciət etdik.


Zaur Əhməd, mia.az saytının redaktoru

- Rafiq Abdullayevi tanımıram, onun rəhbəri olduğu qurumun fəaliyyətini müşahidə eləməmişəm. Bu gün əhalinin ən çox girib-çıxdığı, gündəlik qida məhsullarını aldığı ucuz marketlərə baş çəkmək kifayət edər. Anti-sanitariya baş alıb gedir. Digər iaşə obyektlərində də analoji vəziyyət mövcuddur. Orta məktəblərin bufetlərində, uşaq bağçalarında da gigiyenik qaydalar azdan-çoxdan hamıya bəllidir. Bu siyahını çox uzatmaq olar. Amma bir sözlə, demək olar ki, Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin faəliyyəti sıfıra bərabərdir. Əgər şəhərdə sanitariya, gigiyena sahəsində ciddi problemlər varsa, deməli, Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzi - onun rəhbəri Rafiq Abdullayev öz işinin öhdəsindən gələ bilmir, ya da bunlara göz yumurlar. Göz yummaq isə başqa nəsnələrin qarşılığında mümkün olur. Yumşaq desəm, Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rəhbəri Rafiq Abdullayevin fəaliyyətinə aşağı qiymət verirəm.

Rövşən Əliyev, ATV-nin əməkdaşı

-GEM-in rəhbərini tanıyan hər hansı sumqayıtlı jurnalist varmı?! Addımbaşı ət kəsimi dükanları və restoranlarda toy sahiblərindən alınan rüşvət onlar barəsində hər şeyi deyir.


Sübhan Arifoğlu,
"Zaman və Biz” qəzetinin baş redaktoru

-
Onsuz da zəhərli qazlarla boğulan bu şəhər sakinləri ərzaq mağazaları və çörək bişirmə sexlərindəki vəziyyət bir yana, yarmarka adıyla yerləşdirilən ərazi, orada satılan ət və kənd təssərrüfatı mallarına fikir versəniz, Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərinin fəaliyyətinə rahatca qiymət verərdiniz. Mal bazarlarındakı acınacaqlı vəziyyətə oradan keçən kanal dolub daşanda və ət kəsimi yerlərinə baxanda Rafiq Abdullayevin fəaliyyəti yada düşür.

Bəhruz Salmanov, "Xeberlent.az” saytının baş redaktoru
-
Bu qurumun rəhbərini şəxsən tanımıram. Qurumun fəaliyyəti isə gəzdiyimiz küçələrdən, mindiyimiz nəqliyyatdan, şəhərdə olan restoranlardan, uşaq bağçalarından, məktəblərdən, universitetlərdən, dükanlardan və s. bəllidir.

Elçin Abdullayev, müstəqil yazar
-
Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzi və onun rəhbəri Rafiq Abdullayev haqqında sadəcə eşitmişəm. Yəni, mərkəzin istər qida, istər kommunal, istər əmək, istərsə də digər gigiyena sahəsində ciddi əməli fəaliyyətlərini müşahidə etməmişəm. Yalnız bəzi hallarda şəhərin baş epidemioloqu Cahan xanımın mətbuat vasitəsilə maarifləndirici fikirlərinə rast gəlmişəm. Bir sozlə, sozügedən mərkəzin fəaliyyətini qənaətbəxş hesab etmək, məncə, yalnışlıq olardı. Çünki, hər şey göz onündədir. İstənilən iaşə obyektlərinin mətbəxtinə baxmaq istənilən insanda bu qurum haqqında dolğun təsəvvür yaradır.

Məftun Ənvəroğlu, "Yeganə yol” qəzetinin baş redaktor müavini
-
Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyətinə dair əvvəllər mətbuatda tənqidi fikirlər səsləndirmişəm. Hal-hazırda da həmin mövqeyim dəyişməz qalır. Başda rəis Rafiq Abdullayev olmaqla, mərkəzin fəaliyyətini qənaətbəxş hesab etmirəm. Bir-iki misal çəkmək istəyirəm. Mərkəzin işçiləri tərəfindən şadlıq evlərindən, kafe-restoranlardan hər gün təhlil (analiz) üçün müəyyən qədər qida məhsulları götürülərək mərkəzə aparılır. Lakin təhlillərin cavabı yenidən həmin iaşə obyektinə bildirilmir. İaşə evlərindən götürülən qida nümunələri ilə yanaşı, müəyyən məbləğdə pul da alınır. Alınan pulların kimin cibinə getdiyi də maraq doğurur. Bundan əlavə, qida sektorunda çalışan işçilərin bir qismində tibbi kitabça yoxdur, varsa da orada müayinələr haqqında qeydlərə rast gəlinmir... Əlqərəz, bu sahədə hesab edirəm ki, problemlər çoxdur. Mərkəz rəhbərliyinin sanki "Araz aşığındadır, Kür də topuğundan".

Vüsal Məmmədov, "168 saat” qəzetinin baş redaktoru
-
Sumqayıt GEM-dən istənilən məsələ ilə bağlı açıqlama almaq mümkündür. Ancaq Mərkəzin müdiri Rafiq Abdullayev müsahibəyə həmişə "xəsislik" edir... Bu qurumun işinin öhdəsindən necə gəldiyinə qaldıqda isə Sumqayıtın bir çox marketlərində vaxtı keçmiş məhsullara rast gəlmək mümkündür - faktlar var.

Hüseyn İbadlı, SalamNews.az-ın əməkdaşı
-Sumqayıtda mərkəzi küçə və prospektlərdən başqa digər ərazilərdə sanitar-gigiyenik vəziyyət olduqca dözülməz həddə çatıb. Xüsusilə dəniz kənarı ərazilərdə ölmüş heyvan cəsədləri və gec çürüyən qida məhsullarının qalıqları infeksiya mənbəyinə çevrilib. Bir sözlə, həmin ərazilər xarabalığı xatırladır. Vəziyyət bu cür davam edərsə, 1 ildən sonra dəniz kənarında nəinki dincəlmək, heç nəfəs almaq da olmayacaq. Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rəhbəri Rafiq Abdullayevin fəaliyyətinə gəlincə deyə bilərəm ki, mövcud vəziyyət onların fəaliyyətinin hansı səviyyədə olduğunu göstərir. Düşünürəm ki, bu tənqiddən müəyyən qədər də olsa, nəticə çıxarmalıdırlar.

Teymur Hacıyev, Milli.az saytının əməkdaşı
-
Rafiq müəllimlə şəxsi tanışlığım yoxdur. Heç bir zaman onunla ünsiyyətdə olmamışam. Ancaq onun məsul olduğu sahələr göz qarşısında olduğu üçün bu barədə fikirlərimi deyə bilərəm. Sumqayıtıdakı ət kəsimi yerləri, heyvan bazarı və digər bu kimi obyektlər Rafiq Abdullayevin fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində bərbad vəziyyətdədir. Anti-sanitariya hökm sürür. Əgər bu gün şəhərimizdə hər səhər məktəbə gedən uşaqların gözü qarşısında heyvan kəsirlərsə, həmin heyvanlar günlərlə yaşayış yerlərində bağlanaraq qalırsa, ət kəsimi ilə bağlı qəbul olunmuş standartlara əhəmiyyət verən yoxdursa və bu cür halları Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsləri görməzlikdən gəlirlərsə, mən Rafiq müəllim haqqında tərif söyləyə bilmərəm.

Elşən Allahverdiyev, "168 saat.com” saytının baş redaktoru
-Bir aydır ki, Rafiq Abdullayevdən müsahibə almağa çalışırıq. Hər dəfə müsahibənin zamanını bir həftə uzadır. Ümid edirəm ki, bu həftə sözünün üstündə duracaq...

Vüsal Hətəmov, "Birlik.az” saytının baş redaktoru- Belə bir qurum var? Varsa niyə fəaliyyəti yoxdur? Bunların fəaliyyəti ancaq və ancaq Sumqayıtda dükanlardan, ticarət obyektlərindən pul yığmaqdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA