Azərbaycanda kimlər siyasi məhbus sayılır?- Siyahı

img

18-02-2014 [14:45]


Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri bəzi digər hüquq müdafiəçiləri ilə birgə siyasi məhbus siyahısı hazırlayıb. Siyahıda 27 nəfərin adı var.

Qrupun üzvü Novella Cəfəroğlu fevralın 18-də "Media forum” saytına deyib ki, yeni siyahını 9 hüquq müdafiəçisi tərtib edib: "Belə qərara gəlmişik ki, siyahını açıqlamayaq. Biz siyahıya işi ilə yaxından tanışıq olduğumuz şəxsləri əlavə etmişik. Amma həmin şəxslərin adlarını açıqlamaq istəmirik. Siyahı prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Prezident yanında Əfv Məsələləri Komissiyasına, Avropa Şurasına və Avropa İttifaqına göndərilib”.

Hüquq müdafiəçisi qeyd edib ki, siyahıda sabiq deputat Gülər Əhmədovanın adı yoxdur.

"Media forum” saytı xəbər verir ki, yeni siyahıda keçmiş səhiyyə naziri Əli İnsanovun, Müsavat başqanının müavini Tofiq Yaqublunun, REAL hərəkatının sədri İlqar Məmmədovun, gənc fəallar Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlının, islamçılardan 2 nəfərin və məhbus jurnalistlərin adları var.


Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu eyni zamanda həbsdə olan islamçıların ayrıca siyahısını hazırlayır. Qrup onları siyasi məhbus saymasa da, məhkəmədə hüquqlarının pozulduğu qənaətindədir və yenidən mühakimə olunmalarını istəyir.

"Media forum” saytı xatırladır ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:

- saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;

- saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;

- həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;

- vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA