Vasif Talıbov müəllimləri, həkimləri qul kimi işlədir

img

18-02-2014 [10:07]


Naxçıvanda dövlət idarələrində çalışanların yol təmizləməyə və pazı (çuğundur) becərməyə məcburi qaydada aparılması haqda ötənilki saylarımızda bir neçə yazı dərc olunub. İndi bəlli olur ki, pazı əkin-biçininə, yığımına büdcə təşkilatlarında çalışanların cəlb edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi biznesinin xərcsiz gəlir əldə etməsinə xidmət edirmiş.


Sən demə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun ailəsinə məxsus "Cahan Holdinq”in qənd istehsal edən zavodu varmış. El arasında pazı kimi tanınan şəkər çuğundurunun yığılmasına müəllimləri, həkimləri, büdcədən əmək haqqı alan hər kəsi cəlb etməklə V.Talıbov milyonlar qazanırmış.

Naxçıvan rəhbərinin ailə şirkətinin rəsmi internet səhifəsində qənd istehsalı ilə bağlı belə bir məlumat var: "Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı Naxçıvanda qənd istehsalı və şəkər tozu paketləmə sahələri yaratmışdır. "Marja” Muxtar Respublikanın rəsmi portalına istinadən xəbər verir ki, sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə sahələrin açılışı olmuşdur. "Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov məlumat vermişdir ki, istehsal sahəsinin yaradılmasına 430 min manat vəsait sərf olunmuşdur.


Burada qənd istehsalı və şəkər tozu paketləmə sahələri fəaliyyət göstərir. Qənd istehsalı sahəsində quraşdırılmış müasir texnologiya ayda 280 ton qənd istehsal etməyə imkan verir. Burada bir, iki və beş kiloqramlıq paketlərdə kəsmə qənd istehsal olunur və satışa çıxarılır. Bundan əlavə, istehsal sahəsində 25 kiloqramlıq kisələrdə də qənd istehsalı həyata keçirilir. Şəkər tozu paketlənməsi sahəsi hazır məhsul müxtəlif taralarda paketlənir. Paketləmə sahəsi tam avtomatik rejimdə işləyir və aylıq istehsal gücü 180 tondur. Qənd istehsalı və şəkər tozu paketləmə sahəsində və anbar kompleksində ümumilikdə 48 nəfər işlə təmin olunmuşdur".


Yada salaq ki, şərti olaraq "pazı əməliyyat”ı adlandırılan şəkər çuğunduru yığımlarına "Naxçıvan xanı”nın göstərişi ilə muxtar respublika rayonlarının icra başçılarının rəhbərlik etdiyi haqda da xəbərlər vardı. Bildirilirdi ki, V.Talıbov Naxçıvan rayonlarının icra başçılarının işgüzarlığını pazının məhsuldarlığına görə qiymətləndirir. Şəkər çuğundurunun yığılması mövsümündə bu işə Şahbuz və Ordubaddan başqa, Naxçıvanın bütün rayonlarının büdcə təşkilatlarının işçiləri cəlb edilir. Şahbuzla Ordubadın bəxti onda gətirib ki, dağlıq zonada yerləşirlər və orada pazı bitmir.


"Yeni Müsavat” ötən il Naxçıvanda büdcə təşkilatlarının və hərbi hissə əsgərlərinin V.Talıbovun çuğundur plantasiyalarında işlədilmələri ilə bağlı yazı dərc edib. Həmin yazıda bildirilirdi: "Xəstəxanaların baş həkimləri, məktəb direktorları, vergi, maliyyə, əhalinin sosial müdafiəsi, qaz, işıq idarələrinin rəislərindən tutmuş sıravi işçilərə kimi hamılıqla pazı əkininə cəlb edilib. Sədərəkdə 60 hektar sahədə əsgərlər pazıya qulluq etməklə məşğuldur. Onları da bizlər kimi bel, dırmıq, toxa verib salıblar əkin sahələrinə. Təkcə ötən il əsgərlər 4 min ton pazı yığaraq Vasif Talıbovun adamlarına təhvil veriblər. Erməni hücum etsə, əsgərlərimizin silahı dırmıqdır, beldir, toxadır. Onların qabağına toxa ilə çıxacaqlar? Bizim işimiz Allaha qalıb. Günümüz əkin sahələrində qızmar günün altında keçir. Bir neçə gün əvvələ kimi idarə rəisləri boyunlarında qalstuk pazıya qulluq edirdilər. Sədərəyin icra başçısı Abbasqulu Abbasov gün ərzində evində istirahət edir. Axşam 6-7-də evindən çıxıb sahəyə gəlir. Pazının yanında bircə dənə alaq otu gördüsə, iş vaxtını 1-2 saat da uzadır. Bir neçə gün əvvəl Vasif Talıbovun adamlarından biri gəlib sahədə rəisləri qalstuklu görəndən sonra əmr gəldi ki, qalstukları çıxarın. Bundan sonra rəislər qalstuksuz gəzir. Vasif Talıbov Naxçıvanı böyük bir pazı kolxozuna çevirib. Təsəvvür edin ki, bu dəqiqə təkcə Vergilər Nazirliyinin Şərur şöbəsində 10, Sədərək şöbəsində 5, Babək və Şahbuz şöbələrinin hər birində 7 ştat boşdur. Ora kimsə işləməyə getmək istəmir. Çünki dövlət idarəsində işləmək pazı əkininə getmək deməkdir” .

Qeyd edək ki, dövlət büdcəsindən pazı əkmək üçün bir hektara 80 manat dotasiya ayrılır. Lakin Naxçıvanda həmin dotasiya əkin-biçinlə məşğul olanlara verilmir. Ona görə də əhali pazı əkməyə həvəs göstərmir. Buna görə də büdcə təşkilatlarında işləyənlər məcburi qaydada pazı əkin-biçininə cəlb edilirlər.
musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA