Yüzlərlə autizmli uşaq dörd divar arasında kəndirlənmiş vəziyyətdə yaşamağa məruz qalıb

img

16-02-2014 [23:07]


XXI əsrin qlobal problemi olan autizm sindromu ölkəmizdə də öz fəsadlarını törədir. Yaranma səbəbi elmə tam məlum olmayan autizmdən yeganə qurtuluş yolu (müəyyən faiz) mütəmadi olaraq peşəkar ixtisasçılar tərəfindən aparılan xüsusi təlim, xüsusi pəhriz, ailə və cəmiyyətin autizmli uşaqlarla normal rəftarıdır.

Ancaq məsələ ondadır ki, Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən şəxslərin əksəriyyətinin ailəsi aztəminatlı olduqlarından, ciddi problemlərlə üzləşirlər. Xüsusi özəl təlimlərin mütəmadi surətdə aparılması maddi vəsait tələb etdiyindən, hamının buna imkanı çatmır.

"Autizm" Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri Çiçək Məmmədli "Reytinq"ə deyib ki, autik uşaqlarla bağlı vəziyyət daha da pisləşib. Yəni, onların sayının çox olması, problemlərinin həlli istiqamətində lazımi addımların atılmaması vəziyyəti kritik həddə çatdırıb.

Birlik rəhbərinin sözlərinə görə, yüzlərlə autizmli uşaq dörd divar arasında kəndirlənmiş vəziyyətdə yaşamağa məruz qalıb: "Cəmiyyətin autizmi tanımaması ucbatından bu uşaqlar ümumi nəqliyyatda, ictimai yerlərdə ətrafdakıların qınağı ilə üzləşirlər. Autizm psixoloji problem olduğundan, ilk baxışda bu uşaqları tanımaq olmur. Onların bəzisi ümumiyyətlə danışmır, sakit olur. İlk baxışda, bunların autizmidən əziyyət çəkdiklərini müəyyənləşdirmək qeyri-mümkündür. Bu xəstəlikdən əziyyət çəkən uşağı tanımaq üçün gərək onunla ünsiyyətə girəsən. Məsələn, adını soruşursan, amma deyə bilmir, sakit oturur, yalnız bu zaman onda hansısa problemin olduğunu müəyyən etmək olur. Lakin bəziləri, kənarda özünü tanıdır. Düzdür, ətrafdakılar çox zaman autizm haqqında məlumatlı olmadıqlarından, onun hərəkətlərinə məna verə bilmir və problemli uşaq olduğunu deyirlər".
Həqiqətən də, cəmiyyətin autizm haqqında yetərli məlumatı yoxdur. İnsanlar əsasən, övladlarında bu problem aşkarlandıqdan sonra məlumat toplayırlar. Məlumat olmadığından, bəziləri illərlə uşağın probleminin nə olduğunu anlamır, həkimə müraciət etmir.


Müsahibimiz də bu qənaətdədir ki, insanlar yetərincə məlumatlı olmadıqlarından, autizmdən əziyyət çəkən uşaqlarla necə davranmağı bilmirlər. Yəni, uşağın davranışında hər hansı problem olarsa, cəmiyyət onunla mehriban davranmalıdır: "Lakin çox zaman əksini müşahidə edirik. Bəziləri belə uşaqları öz-lərindən kənarlaşdırmağa çalışır, onu dəli adlandırırlar.

Bir müddət əvvəl bir qadın ağlaya-ağlaya autizmli uşağını bizim cəmiyyətə gətirdi və uşaqdan imtina etmək istəyirdi. Səbəbini soruşduqda bildirdi ki, bu məsləhəti ona qonşuları verib. Lakin xarici ölkədə yad insanlar belə mərkəzlərə müraciət edir, bu tip psixoloji problemi olan uşaqları bir müddət öz ailələrində saxlayırlar".
Ç.Məmmədli bu xəstəliklə bağlı qanunvericilikdəki boşluqlara da toxunub. Birlik rəhbəri deyib ki, bu-nunla bağlı aidiyyatı qurumlara etdikləri müraciətlərə müsbət cavab verilməyib: "Xatırlayırsınızsa, bir il öncə elə sizin qəzetdə bu məsələyə toxunmuşduq. Qanunda autizm sindromu yer almadığına görə, bundan əziyyət çəkən uşaqlar əlillik müavinəti almırlar. Eyni zamanda, bu cür övladı olan analar işləyə bilmirlər. Çünki bu uşaqlar üçün bağçalar yoxdur. Bütün inkişaf etmiş ölkələrdə Autizmi araşdırma və bərpa mərkəzləri fəaliyyət göstərir. Bu problemin həllini xarici ölkələrdə axtaran və bu üzdən orada yaşamağa üstünlük verən valideynlərimiz də var. Ölkəmizdə son zamanlar autizm üzərində bəzi iş adamları autizm biznesi yaradıblar. Amma getdikcə artan bu problemin həlli günün tələbidir".
Azərbaycanda autik uşaqların və onların ailələrinin əsas problemlərindən biri də bu xəstəlikdən əziyyət çəkənlərə təlim keçəcək peşəkar kadrların yetərincə olmamasıdır. Bu səbəbdən də həyata keçirilən təlimlərdə yaxşı nəticələr alınmır.


Ç.Məmmədlinin fikrincə, bu işdə dövlət dəstəyi olmalıdır ki, bu sahədə qabaqcıl ölkələrin təcrübəsini ölkəmizdə tətbiq etmək asanlaşsın: "Autizmli uşaqlar üçün xüsusi məktəb olmalıdır. Ölkəmizdə birbaşa autizmlə bağlı məktəblər yoxdur. Həmin xəstələr başqa nevroloji problemli uşaqlarla birgə təhsil alırlar. Lakin bu düzgün deyil. Çünki hər bir xəstəliyin fərqli əlamətləri var. Onların hər biri üçün xüsusi məktəb-lər yaradılmalıdır. Həmçinin, inkuliziv baxğalar, məktəblər olmalıdır ki, orada normal uşaqlarla yanaşı, autizm problemli uşaqlar da oxusun. Xarici ölkələrdə bütün sahə poliklinikalarında uşaqların inkişafı üçün mərkəzlər var. Əgər valideyn aparmırsa, onlar özləri gəlib uşağı psixoloji testdən keçirir, hansısa psixoloji problemin olub-olmadığını müəyyənləşdirirlər. Əgər müalicə üçün ailənin imkanı yoxdursa, dövlət tərəfindən müalicə olunur. Bizdə isə uşaqda hansısa psixoloji problem hiss edəndə, həkimə aparırıq, həkim deyir: "narahat olma, hər şey düzələcək". Yəni, sözüm ondadır ki, vaxtında aşkarlanmaması problemi bir az da çətinləşdirir".
Birlik rəhbəri deyib ki, bu sahədə dövlət qurumları, bələdiyyələr də fəaliyyətlərini artırsalar, çox gözəl olar: "Necə ki bütün ölkələrdə bələdiyyələr bu sahədə də fəaliyyət göstərirlər, televiziyalarda vaxtaşırı autizm haqqında maarifləndirici verilişlər verirlər, Azərbaycanda da analoji addımlar atmaq olar. Əslində, bu, o qədər də çətin deyil. Sadəcə olaraq, bir qədər səy göstərmək lazımdır".

Qeyd edək ki, "Autizm" Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi sözügedən problemə diqqət çəkmək üçün fevral, mart və aprel aylarını autizm ayı elan edib. Birlik, bu aylar ərzində mütəmadi tədbirlər keçirmək, kampaniyalar təşkil etmək niyyətindədir. Bu səbəbdən də birlik sədri həm cəmiyyətdən, həm dövlət qurumlarından, həm də KİV-lərdən dəstək istəyir: "Bu kampaniya Azərbaycanda autizm sindromundan əziyyət çəkən uşaqların, eləcə də onların ailələrinin üzləşdikləri problemlərin həl-linə diqqət ayrılmasına rəvac verə bilər. Ona görə də bu məsələni qabardaraq, cəmiyyətin diqqətinə çatdırmağa çalışırıq. Azərbaycanda ilk və yeganə təşkilat olan "Autizm" Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi xarici donor təşkilatların yardımı ilə mütəmadi olaraq pulsuz xüsusi təlimlərlə au-tuzmli uşaqların sosiallaşması və cəmiyyətə inteqrasiyasına çalışır. Eyni zamanda, ölkəmizin bir sıra böl-gələrində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklə-nən layihələr əsasında "Autizm maarifləndirmə", "Regionlarda autizm maarifləndirmə", "Autizm stiq-ma" layihələrini həyata keçirib. Ancaq hesab edirik ki, problemə daha geniş şəkildə yanaşmaq lazımdır. Məsələn, cəmiyyətimizin böyük əksəriyyəti bu xəstəlikdən xəbərsizdir. Ona görə də fevral, mart və aprel ayları Autizm ayı elan edilib. Məqsəd ölkəmizdə dörd minə yaxın autizmdən əziyyət çəkən uşağı, onların reabilitasiya məsələlərini, ailələrə dəstək məsələsinin gündəmə gətirməkdir. Bunun üçün ilk növ-bədə dövlətin bu sahəyə marağını artırmaq lazımdır. Çünki bu, sadə məsələ deyil. Mövcud problemlərin aradan qaldırılması, autik uşaqlar və ailələrə zəruri şəraitin yaradılması üçün dövlətin ciddi dəstəyi la-zımdır. Hər şeyən öncə proqramlar, layihələr hazırlanmalıdır ki, məsələyə ciddi yanaşılsın. Düşünürük ki, bu kampaniya ilə aidiyyatı dövlət qurumlarının diqqətinə bu sahədə ölkəmizdə yaşanan problemləri çatdırmaq mümkün olacaq".
Birlik rəhbərinin dediyinə görə, elan etdikləri Autizm ayı şəbəkəsinə 14 araşdırmaçı KİV nümayəndəsi, 4 informasiya agentliyi və bir neçə TV də qoşulub: "Əsas məqsədimiz autizm sindromunun Milli Məclisdə müzakirəsinə nail olmaqdır. İstəyirik ki, bu problem də müvafiq qanunlarda nəzərə alınsın. Çalışırıq ki, ölkəmizdə, dövlət səviyyəsində "Autizm" Araşdırma və Bərpa Mərkəzi yaradılsın, autizmli övladı olan ailələrə dövlət dəstəyi verilsin. Bu aylar ərzində həm mətbuatda, həm elektron mediada, həm də televiziya və radioda autizmin nə olduğu, bu sahədəki vəziyyət və problemlərin həlli yolları barədə ictimaiyyəti məlumatlandırmağa çalışacağıq. Bu tədbirləri planlı şəkildə həyata keçirmək istəyirik. Deməli, fevralda müxtəlif KİV-lərdə yazılar, televiziyalarda geniş verilişlərin hazırlanması planlaşdırılır. Mart ayında Autizm metodik vəsaitin çapı, Autizm qəzetinin növbəti sayının nəşri, tədbirlərin təşkili və KİV-də yazıların çap olunması nəzərdə tutulur. Aprelin 2-də geniş tədbir keçiriləcək. Kampaniyanın nəticəsi olaraq, diplomların təqdimatı, Autizm foto-sərgisinin nümayişi, xeyriyyə marafonu və s. tədbirlər nəzərdə tutulur".
Ç.Məmmədli hesab edir ki, autizmlə bağlı tədbirlərin müsbət nəticəsi olacaq. Onun qənaətincə, həm cəmiyyətin, həm də aidiyyatı qurumların bu problemə diqqətini cəlb etmək mümkün olsa, irəliləyişlər əldə ediləcək: "Çox güman ki nəsə olacaq. Biz, 2008-ci ildən autizmi tanıtdırmağa başladıq və artıq bu sahədə bu qədər irəliləyişlər gördüksə, deməli, davam etsək, daha yaxşı ola bilər. Bu problemi gündə-mə gətirmək və gündəmdə saxlamaq lazımdır.
Əslində, deməyə sözüm çoxdur. Mənim iki övladım bu problemdən əziyyət çəkir. Həm də mən, Azərbaycanda autizm sindromundan əziyyət çəkən uşaqların valideynlərinin təmsilçisiyəm. Bir gündə demək olar ki, bütün bölgələrdən, paytaxtdan edilən zənglərə cavab verirəm, onları yerləşdirirəm, hüquqi yardımlar göstərirəm. İnanın, adamın ürəyi ağrıyır. Elə bilirlər ki, mən dövlət təşkilatının rəhbəriyəm və əlimdə imkanlarım var. O qədər suallar verirlər ki... Deyirlər ki, bu uşaqlar üçün niyə mərkəz yoxdur? Mən usanmadan bütün suallara cavab verməyə çalaşıram. Amma elə məsələlər var ki, onu həll eləmək iqtidarında deyiləm. O sualların əksəriyyətinin cavabı dövlət tərəfindən verilməlidir. Autik uşaqların problemləri dövlət tərəfindən həll olunmağa başlasa, həmin uşaqlar da, onların ailələri də rahat olarlar. Ona görə də, ümid edirəm ki, qarşıdakı üç ay ərzində keçirdiyimiz kampaniyanın köməyi olacaq və gözlənilən effekti verəcək. Bu işdə media nümayəndələrinin həssas olmasını arzu edirəm. Bizim təbdirlər nə qədər çox işıqlandırılsa, aidiyyat orqanlar bir o qədər tez hərəkətə keçərlər. Ona görə də hər kəsi bu işdə səfərbər olmağa çağırıram".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA