Bu gün Bakı Apelyasiya Məhkəməsində (BAM) hakim Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses davam etdirilib.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, prosesi izləmək üçün ölkə müxalifətinin liderləri - Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli, "El" hərəkatının lideri Eldar Namazov məhkəmə iclasına qatılıblar.
Cəmil Həsənli məhkəmənin gedişində məhkəmənin ədaləti ilə bağlı irad bildirdiyinə görə iclas zalından çıxarılıb.
Mia.az xəbər verir ki, sabiq nazir yenə də şüşə qəfəsə salınıb.
***
Əli İnsanov məhkəmə zalına gətirilərkən sərt ittihamlar səsləndirdi: "İlham Əliyev, sən mənim xalqımın xidmətçisi ola bilməzsən. Xalqın xidmətçisi xalqın sərvətlərini talamaz. Xalqın xidmətçisi gəncləri türmələrdə çürütməz. Xalqın xidmətçisi qaziləri intihara vadar etməz. Xalqın xidmətçisi ziyalıları məhv etməz. Sən bir özünə bax. Sən bir güzgüyə bax. Sən mənim xalqımın dostu yox, düşmənisən”.
Ə.İnsanovu tələsik şüşə qəfəsə saldılar. Proses başlayan kimi hakim ötən iclasda Ə.İnsanovun müdafiəçiləri ilə görüşü barədə dediklərinin düzgün anlaşılmaması və bu üzdən mətbuatda təhrif olunmuş formada işıqlandırılmasından gileyləndi: "Mən dedim ki, məhkum müdafiəçisi ilə istintaq təcridxanasında, məhkəmə binasında proses başlayana qədər və yaxud fasilələrdə görüşüb məsləhətləşə bilər”.
Bundan sonra hakim Ə.İnsanovun vəkillərilə məsləhətləşməsi üçün 10 dəqiqəlik fasilə elan etdi. Prosesi izləməyə gələnlər zaldan çıxarılsalar da, məhkəmə iclas katibi, Penitensiar Xidmətin əməkdaşları zalda qaldılar və Ə.İnsanovun müdafiəçilərilə görüşündə iştirak etdilər.
Fasilədən sonra vəkil Ağaveyis Şahverdi bir neçə hissədən ibarət vəsatət qaldıraraq, səhiyyə naziri Oqtay Şirəliyevin, təhsil naziri Mikayıl Cabbarovun, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadənin məhkəmədə dindirilməsini istədi: "Biz bu iş üzrə 2007-ci ildə həm birinci instansiya məhkəməsində, həm də Apelyasiya Məhkəməsində Kərəm Həsənov və Oqtay Şirəliyevin, eləcə də dövlət müəssisələrinin özəlləşdirilməsilə bağlı yoxlama aktlarını imzalamamış və ya qeyd-şərtlə imzalamış iqtisadi inkişaf nazirinin müavini olmuş Cabbarovun, nazirliyin aparat rəhbəri Vəliyevin, maliyyə şöbəsinin müdiri Aslanovun dindirilməsi haqda dəfələrlə vəsatətlər qaldırmışıq. Amma həmin vəsatətlər qanunsuz və əsassız olaraq, təmin edilməmişdi. Əli İnsanov Avropa Məhkəməsinə digər hüquqlarının pozulması ilə yanaşı, həm də bu şahidlərin dindirilməməsinə görə şikayət etmişdi. Avropa Məhkəməsi də Əli İnsanovun istədiyi şahidlərin dindirilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirmişdi. Hazırda keçirilən apelyasiya baxışında da Əli İnsanovun həmin hüququ təkrar-təkrar pozulur. Fevralın 7-də keçirilən məhkəmə iclasında Kərəm Həsənov və Oqtay Şirəliyevin dindirilməsi, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu iş üzrə prosesin video çəkilişinin nümayiş etdirilməsi haqda vəsatətimiz qanunsuz və əsassız olaraq təmin edilmədi. Biz bir daha Kərəm Həsənov və Oqtay Şirəliyevin, yoxlama aktlarını imzalamamış və ya qeyd-şərtlə imzalamış Cabbarovun, Vəliyevin və Aslanovun şahid qismində dindirilməsini istəyirik. Həmçinin, birinci instansiya məhkəməsindəki prosesin video çəkilişinə bu məhkəmədə baxılmasını, çəkilişin surəti olan kasetlər müdafiə tərəfinə də verilməsini istəyirik. Çünki o video çəkilişlərə baxıb məhkəmə protokolları ilə müqayisə aparılsa, görünər ki, şahid ifadələri protokollarda təhrif olunub.
Bundan başqa, birinci instansiya məhkəməsində Əli İnsanov tələbə qəbulu ilə bağlı qanun pozuntularını ilk növbədə TQDK sədri Məleykə Abbaszadə və Prezident Administrasiyasında həmin sahənin kurasiyasını həyata keçirən Fatma Abdullazadə tərəfindən törədildiyini bildirmişdi. Məleykə Abbaszadə sifarişlə Milli Təhlükəsizlik Nazirliyinə guya Əli İnsanovun qanunsuz tələbə qəbulu ilə məşğul olması, bu məqsədlə rüşvət alması barədə yalan məlumatlarla dolu məktub göndərib. Həmin məktubdan Əli İnsanovun həbsinə rəvac verən fakt kimi istifadə olunub. MTN-ə göndərilən həqiqətə uyğun olmayan məlumatlara aydınlıq gətirilməsi üçün Məleykə Abbaszadə və Fatma Abdullazadənin də məhkəmədə şahid qismində dindirilməsini istəyirik”.
Ə.İnsanova vəkilinin vəsatətinə münasibət bildirmək imkanı yaradılsa da, əvvəlkilər kimi bu dəfə də onun çıxışı yarımçıq kəsildi.
Əli İnsanov:
- Vəsatətdəki bəzi məsələlərə toxunmaq istəyirəm. Hərçənd, heç şübhə etmirəm ki, siz hakimlər Məleykə Abbaszadə və Fatma Abdullazadəni bura dəvət etməyəcəksiniz. Çünki dəvət edə bilməzsiniz. Onların hər ikisi Heydər Əliyev Fondunun "pul kisələridir"...
Hakim:
- Mahiyyətə uyğun danışın.
Əli İnsanov:
- Xəstəhal şıltaqlıqla dövləti və ölkəni idarə etmək olmaz, İlham Əliyev!
Hakim:
- Mahiyyəti üzrə danışın, kənara çıxsanız, çıxışınız kəsiləcək.
Əli İnsanov:
- Dedim ki, siz bu adamları məhkəməyə gətirə bilməzsiniz. Heç onlar da gəlməzlər. Çünki bilirlər ki, gəlsələr, burada onlara suallarım olacaq. Məsələn, soruşula bilər ki, 12 balla Tibb Universitetinə adını demək istəmədiyim tələbəni necə qəbul etmisiz? İkincisi, aktlarla bağlı...
Hakim:
- Siz vəsatəti müdafiə edirsiz, yoxsa yox?
Əli İnsanov:
- Deyəsən, təkcə mikrofonun düyməsi yox, havanın da düyməsi əlinizin altındadır. Burada indi hava kəsilib, nəfəsim çatmır.
Hakim əlinin altındakı düyməni basaraq, Ə. İnsanovun olduğu kabinədəki mikrofonu söndürdü:
- Əyləşin, siz mahiyyətdən kənar danışırsız.
Dövlət ittihamçısı Ə.İnsanovun vəkilinin qaldırdığı vəsatətə münasibət bildirərkən onun təmin olunmamasını istədi. Prokuror çıxışında bildirdi ki, vəkilin protokollara hər hansı iradı var idisə, vaxtında protokollarla tanış olarkən qeyd şəklində onları göstərə bilərdi.
Prokurorun bu haqda dediklərinə vəkil Ağaveyis Şahverdi etiraz etdi:
- Mən prokurorun dediklərilə bağlı etirazımı bildirmək istəyirəm...
Hakim:
- Əyləşin.
- Niyə imkan vermirsiz sözümü deyim?
- Əyləşin.
- Bu nə deməkdir? Məhkəmənin çəkişmə prinsipini niyə pozursuz?
- Əyləşin.
- Mən münasibət bildirmək istəyirəm. Deyir ki, vaxtında protokola qeyd etməmisiz, halbuki, biz qeyd eləmişik. Bizə video çəkilişləri vermədilər...
- Əyləşin, məhkəmə qaydalarını pozmayın, sizə xəbərdarlıq edirik.
- Biz məhkəmə qaydalarını yaxşı bilirik. Belə məhkəmə aparmaq olmaz.
Hakimlər yerlərində müşavirə edib, vəsatətdə adları çəkilən şəxslərdən yalnız İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri olmuş Vəliyevin və nazirliyin maliyyə şöbəsinin müdiri olmuş Aslanovun dindirilməsinə razılıq verdi. Yuxarıda adları çəkilən nazir və komitə sədrlərinin dindirilməsi, video çəkilişlərin nümayiş etdirilməsi və müdafiə tərəfinə də verilməsinə dair hissədə isə vəsatət təmin olunmadı.
Məhkəmənin bu cür münasibəti vəkil Ağaveyis Şahverdinin etirazına səbəb oldu:
- Bu nə münasibətdir? Biz İqtisadi İnkişaf Nazirliyindən üç nəfərin dindirilməsini istəmişdik. Niyə Vəliyev və Aslanov çağırılır, amma Cabbarov yox? Ona görə ki, o, indi təhsil naziridir?
Məhkəmənin bu cür qərar verməsindən sonra Əli İnsanov müraciət edərək, hakimlər heyətinə etirazını bildirdi:
- Siz özünüz burada konstitusiya və qanunları pozursuz, amma bizdən məhkəmə qaydalarına riayət etməyi tələb edirsiz. Bu məhkəmə prosesi başdan-ayağa pozuntularla gedir. Hanı məhkəmənin çəkişmə prinsipi? Niyə imkan vermirsiz bu adamları dindirib, onlardan suallarımıza cavab alaq?! Əgər həqiqətən ədalətin üzə çıxmasında maraqlısınızsa, niyə imkan vermirsiz? Mən bu məhkəmədən imtina edə də bilərdim. Amma bu, zəiflik olardı. Düşündüm ki, bu cür ağır şərtlər altında da mübarizəmi davam etdirməliyəm. Məni danışmağa qoymursuz, hətta dinləmirsiniz də. Hə qədər haqsızlıq ola bilər?! Mənim barəmdə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda, siz hansı haqla məni "məhkum” adlandırırsınız?! Mən həkim adam indi siz hakimə hüquq öyrətməliyəm? Vətəndaşların hüquqlarına hörmət etməyi öyrətməliyəm?! Siz hakim olaraq, məhkəmə zalında belə bir kabinə qurulmasına niyə etiraz eləmirsiz?! Səhv eləmirəmsə, Cinayət-Prosessual Məcəllənin 310-cu maddəsində şəxsin məhkəmədə hansı şəraitdə dindirilməsi öz əksini tapıb. İlham Əliyevə deyin ki...
Hakim dərhal düyməni basaraq, kabinədəki mikrofonu söndürdü:
- Avropa ölkələrindəki məhkəmələrdə də şəxslərin bu cür kabinələrdə saxlanılması təcrübəsi var.
Məhkəmə zalında olan Cəmil Həsənli hakimin dediklərinə belə bir replika verdi: "Avropaya böhtan atmayın, orada məhkəmələr pultla idarə olunmur”.
Bu replikaya görə hakim C.Həsənlinin məhkəmə zalından çıxarılması barədə göstəriş verdi. C.Həsənli zalı tərk edərkən hakimlərə üzünü tutdu: "Bunun nəyi məhkəmədir? Belə məhkəmə aparırsız, hələ bir utanmırsız da...”
Bundan sonra Ə.İnsanov hakimlər heyətinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etdi.
Vəkilləri də keçmiş nazirin etirazını müdafiə etdilər.
"Bu məhkəmə başlayandan bu günə qədər Əli İnsanovun hüquqları pozulur. Mən vəkil olaraq, lazım olan məqamda ona sözümü deyə bilmirəm. Onunla məsləhətləşə bilmirəm. Əli İnsanov cani deyil, quldur deyil, onu bu şəkildə ətrafdan təcrid etməyə nə ehtiyac var? Mən də etirazı müdafiə edirəm”, - deyə Ağaveyis Şahverdi bildirdi.
Digər vəkil Toğrul Babayev da müvəkkilinin müdafiə hüququnun kobud şəkildə pozulduğunu vurğuladı: "Bir az əvvəl fasilə elan edib, guya, bizə görüşmək imkanı yaratdınız. Konvoylar, məhkəmə iclas katibi də yanımızda oturmuşdular. Belə olan halda, vəkillə müvəkkilinin konfidensial məsləhətləşməsi barədə qanunun tələbi harda qaldı? Bu necə müdafiə hüququnun təmin olunmasıdır?”
Prokuror hakimlər heyətinə etirazın təmin olunmamasını istədi. Elə məhkəmə də hakimlər heyətinə etiraz üçün kifayət qədər əsas olmadığını bildirərək, etirazın baxılmamış saxlanılması haqda qərar qəbul etdi.
Onu da qeyd edək ki, zalda məhkəmə nəzarətçiləri, Penitensiar Xidmətin əməkdaşları ilə yanaşı çoxlu sayda mülki geyimli şəxslər də olur. Hakimlər etirazla bağlı yerlərində məsləhətləşərkən həmin mülki geyimlilər kabinənin qarşısında sıra ilə düzülərək, hətta Ə. İnsanovla vəkillərinin şüşədən də olsa, bir-birini görməsinə, işarələrlə olsa belə, nələrisə izah etməsinə imkan vermirdilər(musavat.com).
Prosesi fevralın 21-də davam etdiriləcək.