Prezident İlham Əliyev ard-arda 4 sərəncam imzaladı

img

13-02-2014 [20:12]


Azərbaycan prezidenti İlham Əliyev "Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti nəzərə alınaraq, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

*** 
Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr vermiş xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Lütfəli Əmir oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur. Fitri istedada, yüksək səhnə mədəniyyətinə malik sənətkar kimi Lütfəli Abdullayev özünəməxsus təkrarolunmaz üslubda canlandırdığı son dərəcə koloritli, rəngarəng obrazlarla Azərbaycan teatr tarixinə və kino salnaməsinə yeni parlaq səhifələr yazıb.


***
Azərbaycan Prezidenti İlham Əliyev "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.

Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranıb.

Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcək.

"Qafqazinfo” nun məlumatına görə, sərəncamda qeyd olunur ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılsın.

"Elektron məhkəmə" informasiya sistemi aşağıdakıları təmin etməlidir:

- ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu;

- cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini;

- məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını;

- məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;

- məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını;

- məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;

- işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını;

- qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini;

- sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılmasını;

- "Elektron hökumət" portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı;

- məhkəmə statistikasının elektron qaydada aparılmasını;

- məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını.

Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, bu sərəncamda nəzərdə tutulan "Elektron məhkəmə" informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etsinlər, "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarını müəyyən etsinlər.

Nazirlər Kabinetinə bu sərəncamda göstərilənlərə uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


*** 

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Gəncə şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsin:

"Tərəqqi" medalı ilə

Məmmədov Əli İmaməli oğlu

Səfərov Xaqani Zeynalabdin oğlu

Seyidov Nazim Fətulla oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Kərimov Aqşin Şahin oğlu

Dövlət başçısı, həmçinin Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Xalq Artisti"

Balayev Məmmədəli Bəşir oğlu

Şərifov Vaqif Abdulla oğlu

Verdiyev Fikrət Süleyman oğlu

"Əməkdar Artist"

Abbasov Elxan Yunis oğlu

Elçiyev Elçin Emin oğlu

Cəfərov Məmməd Əhməd oğlu

"Əməkdar Müəllim"

Bağırov Sərdar Cabbar oğlu

Hacıyev Məhəmməd Teymuraz oğlu

Yusubalıyev Yusub Köçəri oğlu

"Əməkdar Mühəndis"

Qurbanəliyev Çingiz Midhət oğlu

Məmmədov Elgün Fərman oğlu

Mahmudov Miryusif Mircəfər oğlu

"Əməkdar Memar"

Rüstəmli Əli Xasay oğlu



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA