Binəqədidə utanverici fakt - FOTOLAR

img

12-02-2014 [10:51]


Binəqədi rayonunda "Azadlıq prospekti” metro stansiyasının üstündə salınan parkda qəribə mənzərə meydana gəlib. Parkın "Şahənşah” şadlıq sarayı önünə düşən hissəsində əkilmiş və xeyli böyüyərək qol-qanad atmış həmişəyaşıl şam ağaclarının gövdəsi soyulub. Bu mənzərə ətrafda yaşan sakinləri narahat edir. 


Həmin ağacların şəkillərini çəkib öz facebook səhifəsində paylaşan Rufik İsmayılovun sözlərinə görə, təxminən 10-a yaxın ağacın eyni üsulla, xüsusi kəsici alətlə qabığının yonulduğu görüb: "Hadisə yerinin şəklini çəkərkən, özünü parkın xidmətçisi kimi təqdim edən bir nəfər mənə yaxınlaşaraq, burada qeyri-adi heç nə olmadığını söylədi. İddia etdi ki, bu, ağaclara edilən aqrotexniki qulluqdur və hər ilin bu vaxtı təkrarlanır. Özümün də kənd yerində böyüdüyümü belə aqrotexniki qulluğun olmadığını bildirəndə isə o, dərhal ərazidən uzaqlaşmağa başladı. Arxasınca gedib nə qədər cəhd etsəm də onun dəqiq kimliyini öyrənə bilmədim. Sadəcə, ağacların şəklini çəkib iş günü ərzində bu hadisəni araşdırmaq qərarına gəldim”.

Aqrotexniki qullu necə olur?

Mövzu ilə bağlı danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ilin-günün bu vədəsində həmişəyaşıl ağacların qabığının soyulması heç də aqrotexniki qulluq deyil. Mütəxəssis deyir ki, yaşıllıq qənimi olan hansısa şəxslər müəyyən maraq naminə qəsdən ağacların gövdəsini soyub onları qurutmaq istəyiblər: "Ümumiyyətlə, Azərbaycanda həmişəyaşıl şam ağaclarına xüsusi aqrotexniki qulluq edilmir. Bəzən o da istisna hallarda, xüsusən də həmin ağacların budaqları piyadaların və nəqliyyat vasitələrinin gediş-gəlişinə mane olanda, müəyyən budama işləri aparılır. Amma heç vaxt şam ağaclarının gövdəsi kəsici alətlə kəsilmir və ya soyulmur. Sözügedən ərazidəki ağacları kimlərsə bilərəkdən zədələyib. Görünür, nümayişkaranə şəkildə həmin ağacları kəsməyə ehtiyat ediblər. Ona görə də əvvəlcə gövdələrini zədələyiblər. Məqsədləri bu yolla həmin ağacların qurumasına nail olmaq, ardınca onları rahat şəkildə kəsib atmaqdır. Hesab edirəm ki, yaşıllıq zolaqlarına, bununla da yaşadığın mühitə belə biganə münasibət yolverilməzdir”.

Nazirlik: "Kimlərsə ağaclara qəsdən zərər verib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyir ki, nazirliyin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin mütəxəssisləri hadisə yerində olub, araşdırma aparıblar: "İlkin müşahidələr nəticəsində aydın olub ki, bu, ağaclara aqrotexniki qulluq deyil. Nazirlik əməkdaşlarına bəlli olmayan səbəblər üzündən kim və ya kimlərsə ağaclara qəsdən zərər verib. Həmişəyaşıl ağacların kimlər tərəfindən, nə məqsədlə belə vəziyyətə salınmasını aydınlaşdırmaq üçün nazirlik Binəqədi Rayon Polis İdarəsinə müraciət edəcək”.

İcra hakimiyyəti: "Məsələ nəzarətimizdədir”

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov isə həmişəyaşıl ağacların məqsədli şəkildə zədələnməsi barədə yeni eşitdiyini, bu barədə məlumatsız olduğunu söylədi: "Ağacları məqsədli şəkildə zədələyənlər barədə bizdə konkret məlumat yoxdur. Lakin rayon icra hakimiyyəti bu barədə artıq məlumatlıdır. Yaşıllaşdırma idarəsinə, hüquq-mühafizə orqanlarına da xəbər verilibdir. Ərazi tərəfimizdən nəzarətdə saxlanılır. Araşdırırıq görək, bunu kim, hansı məqsədlə edib. Hələlik isə bu barədə dəqiq məlumat yoxdur. Ancaq bir daha təkrar edirəm ki, məsələ bizim nəzarətimizdədir”.

Jurnalist Rufik İsmayılov: "Kimlərsə acığa düşüb...”

Jurnalist Rufik İsmayılov deyir ki, fevralın 11-i səhər saatlarında işə gələrkən yenidən hadisə yerində olub: "İstəyirdim bilim ki, dünəndən bu yana ərazidə hər hansı dəyişiklik olub, ya yox. Gördüklərim məni bir qədər də heyrətləndirdi. Kimlərsə acığa düşüb, cəzasız qalmağından istifadə edərək, daha bir neçə ağacın gövdəsini yonmuşdu. Belə ağacların hamısını bir-bir yoxlayıb saydım. 3-ü çinar, 14-ü şam olmaqla, irili-xırdalı ümumilikdə 17 ağacın gövdəsi kəsici alətlə soyulmuşdu. Ərazidə diqqətimi çəkən başqa bir məqam isə ağacların zədələndiyi meydançaya bitişik yarımçıq tikili oldu”.

Jurnalist deyir ki, ağacları bu kökə salanlar həmin obyektin tikintisini başa çatdırmaq istəyənlərdir.  Onun sözlərinə görə, rayon icra hakimiyyətinin, sahə müvəkkilinin və digər aidiyyəti dövlət qurumlarının xəbəri olmadan ərazidə daşı-daş üstünə qoymaq qeyri-mümkündür(musavat.com).









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA