İlham Əliyev məhkəmə, yol polisi, kupça və sair məsələlərlə bağlı yenı fərman imzaladı

img

12-02-2014 [10:23]



Azərbaycan prezidenti İlham Əliyev "ASAN xidmət”in mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi haqada fərman imzalayıb. 

 Mia.az xəbər verir ki, yeni fərmanla bundan sonra mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (kupça), texniki pasportların verilməsi "ASAN xidmət"ə tapşırılıb. 

***

Prezident İlham Əliyevin digər fərmanı da aktual məsələrdən bəhs edir. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti də verilib.

İndiyə qədər dövlət agentliyinin ilkin qeydiyyat istisna olmaqla yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi səlahiyyəti olub.

Bundan əlavə,   fərmanda qeyd olunur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən "ASAN imza" vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılsın.

"ASAN ödəniş" sistemi aşağıdakıları təmin etməlidir:

- inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini;

- inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını;

- inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə "ASAN ödəniş" sisteminin təşkilini və fəaliyyətini təmin etməli, aşağıdakı ödənişlərin həmin sistem vasitəsilə həyata keçirilməsini aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etməlidir:

- inzibati cərimələrin yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə xüsusi ödəmə terminalları ilə ödənilməsini;

- yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələrin mobil telefon aparatları ilə ödənilməsini;

- məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsini.

Daxili İşlər, Ədliyyə nazirlikləri və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları "ASAN ödəniş" sisteminin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri informasiya resursları ilə təmin edəcəklər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlərə baxılma qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı şəffaf və operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestrinin elektronlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA