Evlərin sökülməsi mənzil bazarında qiymətləri kəskin bahalaşdırdı

img

08-02-2014 [22:30]


Son günlərdə Bakıda yaşayış binalarının sökülməsi və yerində "göydələnlər”in tikilməsi planı ev bazarında və alqı-satqı mərkəzlərində ciddi bahalaşmaya səbəb olub. Belə ki, beşmərtəbəli yaşayış binalarının sökülüb, daha hündür mərtəbəli binalarla əvəz olunması, insanları ev bazarları və alqı-satqı mərkəzlərinə üz tutmağa vadar edib. 

Biz də evlərin satış və kirayə qiymətlərini öyrənmək üçün metronun "Neftçilər” stansiyası yaxınlığında yerləşən ev bazarına yollandıq. Apardığımız müşahidələr isə yayılan bu məlumatların doğru olduğunu göstərdi.

Ayxan Hüseynov adlı makler evlərin qiymətlərində ciddi artım olmasından danışdı: "Son bir ayda bahalaşma var. Bizə müraciət edənlərin sayı günü-gündən artır. Çox güman ki, buna səbəb şəhərin mərkəzi yerlərində evlərin sökülməsidir. Bir faktı deyə bilərəm ki, bizə kirayə ev tutmaq üçün müraciət edənlərin sayı, ev almaq istəyənlərin sayından 2-3 qat çoxdur. Bu da kirayə ev tutan insanların o evlərdə müvəqqəti yaşayacağı ilə əlaqədardır. Bu insanlarla bizim problemimiz evlərin qiymətindədir. Çünki onlara hökumət tərəfindən verilən məbləğ bizim dediyimiz məbləğdən azdır. Əslində evlərin qiymətlərinin bahalaşması ilə heç bir əlaqəmiz yoxdur”.

"Heydər Əliyev” prospektində sökülən beşmərtəbəli evlərin sakinlərindən olan Ayaz Quliyev kirayə ev tuta bilməməsinin səbəblərindən söz açdı: "Bir aydan çoxdur ki, yaşadığımız bina sökülüb. Bizə kirayə ev tutmaq üçün 300 manat pul verilib. Mənim evim 3 otaqlı olub. İndi bu verilən pulla şəhərin mərkəzindən ev tutmaq mümkün deyil. Bakıda evlərin qiyməti, insanların qiymətindən qat-qat yüksəkdir. Şəhərdən kənarda ev tutmaq mənə və ailəmə sərf etmir. Uşaqlarım məktəbə gedir, iş yerim buradır. Hazırda qohumlarımın evində qalıram” .

Bir neçə ev alqı-satqı ofisinə də baş çəkərək, yaranmış vəziyyətlə maraqlandıq. Bizə yayılan xəbərlərin doğru olduğunu təsdiqlədilər.

Makler Fərid Ağayev kirayə evlərin qiymətində 50-100 manat, satılan evlərin qiymətində isə 3-5 min manat məbləğində artım olduğunu söylədi.

Apardığımız müşahidələrdən o nəticəyə gəlmək olar ki, metroətrafı ərazilərdə evlərin qiymətində ciddi artım mövcuddur. Bu isə həmin ərazilərin şəhərdaxili hərəkət üçün daha sərfəli olması və insanların maraq göstərməsi ilə izah edilir.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA