Əli Abbasovun təqdimatı qalmaqal yaratdı, nazir icra başçısının kürəkəninə də jest edib

img

07-02-2014 [10:29]



Xəbər verildiyi kimi, prezident İlham Əliyev informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə 31 nəfər müxtəlif ad və fəxri fərmanla təltif ediliblər.

 Sərəncamdan da göründüyü kimi, mükafatlandırma informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərlə bağlı olub. Lakin Mia.az-ın ilkin araşdırması zamanı ortaya fərqli faktlar çıxıb. Aydın olub ki, nazirlikdən Prezident Administrasiyasına gedən təqdimat xarakterli siyahıda nazir Əli Abbasovla aparat rəhbəri Vidadi Zeynalova yaxın kadrların adları daha çox üstünlük təşkil edib. Hansı ki, onların bir çoxunun ümumiyyətlə kosmik sənaye sahəsi ilə bağlılığı yoxdur. 

Eyni zamanda, mükafatlandırılanlarla müqayisədə haqq edənlərin mütləq əksəriyyəti kənarda saxlanılıb:

"Şübhəsiz ki, bu, birbaşa nazirin istəyi və təqdimatı ilə həyata keçirildi. Orada elə adamlar ad və ya medal aldılar ki, onların çoxu "təsadüfi" kadrlar deyil. Mütləq əksəriyyəti yüksək vəzifəli şəxslərin qohumlarıdır. Məsələn, "Dövlət qulluğunda fərqlənməyə görə" medalla təltif olunan Əlyar Təmirov hazırda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Mübariz Əhmədzadənin (Əhməd Əhmədzadənin qardaşı) kürəkənidir. Bu adam Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Tənzimləmə şöbəsinin müdiridir. Əli Abbasov nazir gələndən sonra o, 2 il ərzində çox sürətlə yüksəldildi. İndisə medalla da qiymətləndirdilər.  Sözüm odur ki, arxasız rabitəçiləri belə arxalı məmurlar mükafatlandırmada da əvəzlədilər. Hesab edirəm ki, bu, həm də prezidenti aldatmaqdır”. 

Mia.az-ın məlumatına görə, təltif edilənlər arasında elm, təhsil sahəsində işləyənlər də var. Məlumatda o da bildirilir ki, mükafatlandırma rabitəçilərin peşə bayramı günü gözlənilib. Lakin sərəncam təxminən 2 ay gecikib. Gecikmənin səbəbi və təltif edilənlərlə bağlı geniş araşdırma aparmaqdayıq. Mia.az-dan araşdırmanın nəticəsini oxuya bilərsiniz!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA