"Müdafiə Nazirliyinin başı Bakıda medal və vəzifə paylamağa qarışıb" - Üzeyir Cəfərov

img

29-01-2014 [17:43]



Tovuzun Əlibəyli kəndi istiqamətində cəbhə xəttini keçən erməni "diversant”ın "zərərsizləşdirilməsi” bəzi media orqanları tərəfindən əsl rezonans kimi dəyərləndirilib. Baş verən bu olayı az qala lokal hərbi əməliyyatların mühüm dönüş nöqtəsi kimi təqdim edən media, nədənsə erməni "diversantın” əl-qolunu sallaya-sallaya təmas xəttini keçməsi və mülki sakinlər tərəfindən tutulması faktını "gözdən qaçırıb”. Habelə, cəbhə xəttinin məlum ərazisinə cavabdeh olan hərbi hissi komandanlığının təmas xəttinə faktiki olaraq nəzarət etmədiyi və yalnız mülki sakinlərin xəbərdarlığından sonra prosesə müdaxilə etdiyi gerçəyi də tamamilə "unudulub”. Hansı ki, bu gün ictimaiyyəti narahat edən ən başlıca məsələlərdən biri məhz budur.

Cavabdeh olduğu ərazidən bixəbər olan hərbi hissə komandiri həbs edilməlidirmi? Erməni "diversant”la bağlı baş verən son olay onu sübut etmirmi ki, cəbhə xəttindəki mülki şəxslərin təhlükəsizliyi faktiki olaraq qorunmur?

Bununla bağlı "Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov mövcud durumun biabırçı həddə olduğunu qeyd etdi:

"Bu gün mən sərhədyanı bölgədə baş verən məlum hadisəyə görə bir daha çox dərin təəssüf hissi keçirdim. İndi burda baş vermiş "diversiantın zərərsizləşdirilməsi" əməliyyatı haqqında detallara qədər danışmayacağam. Sadəcə, qısaca demək istəyirəm ki, bizim MN-nin başı Bakıda medal və vəzifə paylamağa qarışmış rəhbərliyi çox ciddi nəticələr çıxartmalıdır. Hesab edirəm ki, son günlər cəbhə xəttində baş vermiş gərginliklər fonunda SQ-in məsul şəxslərinin, xüsusən də Şəmkir Hərbi Birləşməsinin, o cümlədən Tovuzdakı hərbi hissənin komandanlığının belə başıpozuqluğa yol verməsi ən azından Azərbaycan xalqına xəyanətdir. Elə yeri gəlmişkən millət vəkili Qənirə Paşayevanın "həftə səkkiz, mən doqquz" baş çəkdiyi döyüş hərbi hissəsinin komandiri polkovnik Mayis Bərxudarov üçün yəqin ki, ən çətin günlər, həftələr başlayır. Düşünürəm ki, Hərbi Prokurorluq və Hərbi Əks Kəşfiyyat İdarəsinin əməkdaşları bu faktı ən sərt formada araşdırmalı və kimliyindən asılı olmayaraq, hər kəs öz cəzasını çəkməlidir. Özü də, bu istiqamətdə Azərbaycan ordusunun bir neçə əsgərinin erməni tərəfə "dumanda guya azaraq əsir düşməsi" hadisələri də yaddan çıxmayıb. Bir sözlə, mən MN-nin rəhbərliyinə xatırlatmaq istərdim ki, onların eyforiyaya qapılması üçün heç bir əsas yoxdur. Onlara Azərbaycan xalqının təhlükəsizliyi və ən əsası isə ərazi bütövlüyümüzün təmin edilməsi, ərazilərimizin etibarlı qorunması həvalə edilib. Onların "islahat və uğurları" göz qabağındadır...”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA