ABU-nun sabiq rektoru Elşad Abdullayevin müraciətlərində adı tez-tez hallanan, istintaqa çağırılan və özünün dediyi kimi, hazırda ölkədən çıxmasına qadağa qoyulan və eyni zamanda, MTN-nin polkovniki Mahir Abdullayevin ən yaxın dostu olan Qulu Cəfərov "Yeni Müsavat"a maraqlı müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Qulu bəy, öncə ondan başlayaq ki, 2012-ci ilin sentyabrından etibarən başlanan Elşad Abdullayev, Mahir Abdullayev, mandat qalmaqalı və buna aid mövzularla bağlı nəyi nə qədər bilirsiz? - Mandat məsələsi olanda mən universitetdə yox idim. 1997-ci ilin oktyabrından 2001-ci ilə qədər mən ABU-da işləmişəm. Demək olar ki, hər gün səhərdən-axşama qədər Mahirlə birgə olmuşuq. Ancaq yatmağa evlərimizə gedəndə ayrılmışıq. 2001-ci ildən sonra mən Mahiri demək olar ki, görməmişəm. Telefonla söhbətimiz olub. Axırıncı dəfə bir pul söhbətimiz vardı. Mən Rusiyada taxta sexləri açmışdım. Onda Mahirdən 72 min dollar borc almışdım. Onu hissə-hissə almışdım, hissə-hissə də qaytardım. Axırıncı dəfə 2003-cü ilin sentyabr ayında qaytarmışam. Mahir itən vaxt mən Yesentukidə idim. Oktyabrın 18-də gəldim. Gələn kimi mənə qayınanam xəbər etdi ki, bəs Mahir itib. Mən də bunu eşidən kimi Elşadın bacısı oğlu Araza zəng elədim.
"Mahirin yoldaşı dedi ki, o ailədən heç kim bir çörək alıb qapımızı açmayıb...” Soruşdum ki, nə məsələdir? O da mənə dedi ki, Elşad müəllim təcili sizi çağırır universitetə. Getdim universitetə. Adamın ağlına gələ bilməz ki, belə situasiya yaransın. Otağa girib gördüm ki, Elşad, digər qardaşları Eldəniz, Elsevər, İsmayıl və Mahirin qaynı Məmməd ordadır. Məmmədi tanıyıram, yaxşı münasibətimiz vardı, çox güman ki, nə baş verəcəyini bildiyi üçün mən girəndə otaqdan çıxdı. Məmməd çıxandan sonra bu qardaşlar düşdülər üstümə. Demək, sual verirdilər, sonra Elşad bunlara göz-qaş edirdi, bunlar məni vururdular.
- Nə sual verirdilər? Və niyə vururdular? - Sual bu idi ki, Mahir hardadır? Deyirəm ki, mən də onu öyrənməyə gəlmişəm. Mənə dedilər ki, sən Mahiri hara aparmısansa, qaytar geri. Lazımdırsa, hansısa zibilliyə pul ataq, gedin götürün, amma Mahiri qaytarın. Dedim, a kişi, mən Mahirdən pul qazanırdım, onun itməsini istəməzdim axı. Prokurorluqda işləyən qardaşları Elsevər də tapançalı idi. Götürüb silahı başıma dirədi. Dedim ki, kişilər, mən iki dəfə geniş miqyasda infarkt keçirmişəm, xəstə adamam, heç kimə gücüm çatmır, qəfil hərəkət də edə bilmərəm. Məndən əlinizi çəkin. Məni belə vəziyyətə salmaq lazım deyil. Məni xeyli döyüb söydülər. Kişinin hirsindən ağlamağı çox pis olur, xanım. İnanın, mən iki-üç gün ağlamağımı saxlaya bilmədim. Çox yerə şikayət etdim. Heç kəs şikayətimə baxmadı, diqqət etmədi. Ola bilsin, hansısa dəstəkləri vardı. Özləri də bərk gedirdi, hamını pulla susdura bilirdilər. Ona görə də bunlardan şikayətimə məhəl qoyulmadı. Arasından bir xeyli keçdi. Bunlar Mahirin nə qədər dostu varsa, onları yığır və başlayırdılar sorğu-suala. Sual da bu idi ki, Mahirin səndə nəyi var? Mən dedim ki, məndə pulu vardı, o pulu da qaytarmışam.
- Konkret sizinlə bağlı Elşad Abdullayev müraciətlərindən birində yazıb ki, Siz "yazıb bildirirəm ki, mən 72 min beş yüz dollar pul almışam. Sverdlovsk diyarından taxta gətirərkən məbləğ 120 min dollar olmuşdu. Hazırda Abdullayevə Mahir İslam oğluna 300 min dollar borcum qalıb. Öz xəttimlə yazıram. Narazılıq etmirəm. Halal pulunu qaytarıram” məzmununda bir izahat yazmısız.
"Başıma tapança dirəyib izahat yazdırdılar” - Bunlar otuzdurdular məni stolun arxasına. Başıma bir tapança dirədi. Dedi ki, yaz "Mahirin mənə 300 min dollar borcu var”. Dedim, mən heç 300 mini bir yerdə görməmişəm. Necə belə bir şey yaza bilərəm axı? Mən canımın qorxusundan 30 min yazdım, bunlar sonradan daha bir "0" əlavə etdilər. Dedim, sex ordadır, gedin baxın. Mən ordan bir qəpik qazanmamışam, hələ ki ondan-bundan borc alıb saxlayıram. Sonra da bankrot olub, gəldim. Halbuki mən Mahirin pulunu özünə qaytarmışam, yanında da Sənan İbrahimov olub. O streslərdən sonra yoldaşımla 2-3 həftə Yesentukidə dincəlmişik. Hər gün Firdovsi Sarıvəliyevi - ABU-nun ərazisindəki yataqxananı özəlləşdirməyə bunlara kömək etmişdi - yanlarına çağırıb döyürdülər. Tələb edirdilər ki, pulları qaytar. O da deyirdi ki, a kişi, mən sizə iş görmüşəm də. Axırda da onun ürəyi partlayıb öldü. Mənim özümü də bir yas yerində yüksək rütbəli bir məmurla, konkret bir nazirlə görüşəndə bunlar gördülər. Ondan sonra çəkinib məndən əl çəkdilər. Mənim qayınatam Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədovla xalaoğlu idi. Qayınatam Hüseyn Əhmədova zəng edib dedi ki, ”xalaoğlu, bu məsələni həll edək". Hüseyn Əhmədov da deyirdi ki, mənim Elşada gücüm çatmır.
- Belə çıxır, siz həm də Elşad Abdullayevlə qohumsuz? - Belə qohum düşür də. Bizim yoldaşlarımızın ataları xalauşağıdılar.
- Bəs Mahir Abdullayevlə necə tanış olmusuz? - Biz APİ-də bir yerdə oxumuşuq. O, tarix fakültəsini qurtarıb, mən isə tarix-hüquq. Birinci kursdan sonra əsgər apardılar bizi.
- Sonra San-Marino Universiteti dövrü başlandı...
- Yox, San-Marinonu 97-ci ildə Əhmədxanın əlindən aldılar. Onu döyə-döyə yola saldılar. 3 korpusu vardı San-Marinonun, 97-ci ildə lisenziya aldı.
- Qulu bəy, dediz ki, sizdən o vaxt əl çəkdilər ki, yanınızda bir naziri gördülər. Bəs Sizdən başqa kimləri Mahirlə bağlı sorğu-suala tuturdular? - Axtardıqları, sorğu-suala tutduqları adamları ancaq pula, mülkə görə axtarırdılar: "Mahirin səndə nəyi var?” deyə hamını incidirdilər. Əsas bunu soruşurdular. Mən o vaxt Mahirin yoldaşına da zəng etdim. Dedim ki, Mahirin filankəslərin adında evləri var, bəs o evlərin vəziyyəti necə oldu? Dedi, hamısını Elşad əlimizdən alıb. Qurana and olsun, yoldaşı dedi ki, hələ bu günə qədər o ailədən bir nəfər də olsun, bir çörək alıb girməyib ki, Mahirin balaları sağdır, ya ölüblər. İki balasının canına and içib dedi bunu. Siz inanın ki, mən o universitetdə qulaqlarımla eşitmişəm ki, Elşad 100 dollara görə Mahirin anasına söyüb. Vallah, siz bu adamları, o xalqı tanısaz, azərbaycanlılıqdan imtina edərsiz.
- Mahirin yoldaşı ilə belə başa düşdüm ki, 2004-2005-ci illərdə əlaqə saxlamısız. - Bəli, 2005 idi. Zəng vurub dedim ki, indi bir qədər imkanım var. Bazarlıq edim, qoy yoldaşım gətirsin. Dedi, ehtiyac yoxdur, atam, qardaşlarım baxır mənə.
- Sözünüzdən belə çıxdı ki, qardaşların həmin vaxt bütün araşdırması "Mahiri kim oğurlayıb” yox, "Mahirin kimdə pulu var” istiqamətində olub... - Əlbəttə. Bu adam məni də hər yerdə o cinayətkar dəstənin üzvü kimi təqdim edir. Guya Mahirin oğurlanmasını biz təşkil etmişik.
- Elşad Abdullayevin həmin müraciətini xatırladım. Səhv etmirəmsə, sizi MTN-in idarə rəisi Akif Çovdarovla əlbir olub, Mahiri aradan götürməkdə, Sverdlovskda ortaq taxta-şalban biznesi qurub, onun pulunu qaytarmamaqda ittiham edirdi. - Hə, deyirdi. Bu günə qədər yüzlərlə versiya deyib bu adam. Guya hamı bunun yanına gəlir, bu adam da onlara qardaşına görə pul verir. Həyatı boyu mümkün olan şey deyil bu. O, kiməsə pul verər e, amma müqavilə ilə, notariusla. İnana bilmərəm ki, o, Sevinc Babayevaya, ya da Gülər Əhmədovaya pul versin. Mütləq qol çəkdirməli idi. Mən bu ailəni yaxşı tanıyıram. Onlar burdan Kürdəmirə gedəndə bir dəfə də olsun yolda dayanıb, çörək yeməzdilər. Xəsisliklərindən. Mən Mahiri çox yaxşı tanıyıram. Respublikada bəlkə də iki-üç artist var ki, Mahirin yanına gəlmirdi. Qalan hamısı gəlirdi. Mən başa düşə bilmirdim ki, onlar nəyə gəlirlər bunun yanına.
- Müğənni deyəndə daha çox Mətanət İsgəndərli yada düşür. Bu xanımın istintaqa ifadəsi də vardı... - Mətanət heç... Mətanətlə onların sevgi dünyası vardı. Mətanət onu dünyada hamıdan çox istəyirdi. Bəlkə də Mətanət oxuduğu mahnıların çoxunu ona oxuyurdu.
- Hətta belə bir versiya da səsləndirilirdi ki, Mahir Abdullayevi məhz Mətanət İsgəndərlinin evindən aparıblar. Sonuncu dəfə Mahirin telefonunun siqnalları həmin ərazidə olub və sair... - O versiya da vardı. Amma həyatı boyu mümkün deyildi. Mətanət ölümündən keçərdi, amma ona razı olmazdı. Çox insan adam idi. Nolsun ki, artistdir, amma onun da öz dünyası vardı. İnanın ki, Mahir də həyatda Mətanətdən qorxduğu kimi heç kimdən qorxmurdu.
"Mahir eşidəndə ki, Mətanət gəlir, özünü pəncərədən atdı...”- Niyə qorxurdu? - Qısqanclığından. Qorxurdu ki, birdən onu kiminləsə tutar. Binəqədidəki parkda bir "Sevinc” kafesi vardı. Bir dəfə oturmuşduq orda. Mətanət Əsədova deyə bir qadın da vardı, o da bizimlə oturmuşdu. Sənan, mən, Mahir və Mətanət idik. Biz birinci mərtəbədəki kafedə oturmuşduq. Birdən bir nəfər dedi ki, Mətanət İsgəndərli gəlir. Sənan dedi, "Mahir evin tikilsin, Mətiş gəlir”. Bunu eşidəndə Mahir, özünü pəncərədən atdı ki, mən burda deyiləm. (gülür) Xumar Qədimova, Elza Seyidcahan hər gün Mahirin yanına gəlirdilər. Bəlkə də "raskrutka”ya gəlirdilər, bilmirəm. Amma Mahirdə heç vaxt pul olmazdı. Semesterdən semesterə hərdən əlinə pul keçərdi. Elə bil bərəkətsiz adam idi. Qızıl alırdı ordan-burdan, onu satırdı. İndi Mahirin dalınca danışırlar ki, guya universitetdəki qızlara, müəllimələrə pis gözlə baxırdı, ələ keçirmək istəyirdi. Mahir ömür boyu elə şey eləməzdi. Onu Eldəniz, Elşad edirdi. Mahirdə heç vaxt elə şey olmayıb ki, desin filankəsi ələ keçirməliyəm.
- Bəs Mətanət İsgəndərli ilə necə tanış olub? - Onu kimsə tanış edib, yadımda deyil indi. Amma 97-ci ildən vardı münasibətləri. Mən Mətanətin evində də olmuşam, bizə qəşəng yemək, tort verib. Uşaqları balaca idi onda. Mahirlə gedirdim, iki-üç saat orda olurduq. Çox yaxşı, səmimi insan idi.
- Bəs Mahirin oğurlanması, itməsi, öldürülməsi - bütün versiyalar üzrə vermək olar bu sualı - barədə nə bilirsiz? Sizin versiyanız nədir? Necə baş verib bu hadisə? - Mən ABU-dan aralansam da, hamını tanıyırdım. Elşadın köməkçisi Mirzə ilə əlaqəm vardı, orda baş verənlərdən xəbərdar idim. Mahir itməmişdən 15 gün qabaq Elşad prorektorlardan biri olan Bəylərlə Fransaya getmişdi. Elşad ordan oktyabrın 11-də gəlib. Həmin vaxt Aqil Əliyevə çatası 20 milyon dolları verməmək üçün getmişdi Fransaya. Qara pullar idi bunlar. O qayıdandan 2 gün sonra Mahir itkin düşdü. İçi mən qarışıq yüzlərlə insan düşünürdü ki, Mahiri məhz Elşad aradan götüzdürüb.
- Nə üçün? Səbəb nə idi? - Pul məsələsi. İnanın ki, o universitetdə bir gündə 500 min yığmaq mümkün idi. Elə qəbuldan...
- Universitetə qəbul ilin hər günü olmur axı. - Siz nə danışırsız? İlin hər günü qəbul olurdu, 365 gün. Bazar günü də qəbul vardı. Pul ver, sənədini ver. Əgər mən vasitəçilik etmişəmsə, 1 həftədən sonra tələbənin sənədləri hazır idi. Adam var idi ki, bir il gözləyirdi. Uşağı əsgər gedib gəlirdi, amma onun nə pulunu qaytarırdılar, nə də işini həll edirdilər. Mahir necə qazanırdı deyimmi? Yığırdı 200 nəfərin sənədini. Amma siyahıya 10 nəfərin adını yazırdı, pulunu da verirdi Elşada. Elşad da baxırdı siyahıya, imzasını qoyurdu, deyirdi, bunları qəbul edin. Mahir də o siyahını qoyurdu həmin işə baxan adamın - Nizami Süleymanovun qabağına. 11 nəfəri edirdi 50 nəfər. Siyahıda alt-alta sıx-sıx yazırdı, altda da imza var. Bunu imzalamaq istəməyəndə isə Nizami Süleymanova gözünü ağardırdı ki, bax, mən də sənin işlərini açaram ha...