Bu günlərdə deputat Adil Əliyev sosial şəbəkələrdə olduqca maraqlı bir yazı paylaşıb. M.Əliyev özünün türk olmasına diqqət çəkib. Həmçinin regionçuluğa qarşı olduğunu açıq şəkildə ortaya qoyub. Gəlin, öncə A.Əliyevin həmin statusu ilə tanış olaq.
"Sən mənə ”haralısan?" - deyə sual verib, qətiyyən məni alçaltma: Mən azərbaycanlıyam, özüm də türk oğlu türkəm! Sən bilirsən ki, dəniz niyə bu qədər böyükdür?.. Çünki heç bir çayı, hətta ən kiçik dərəni belə özündən ayırmır. Başa düşənlərə... Hamınızın doğulduğu bölgəni sevdiyinizi və adətlərinizə hörmətlə yanaşdığınızı bilirəm. Hamı öz yerinin adətləri, təbii sərvətləri və məşhur şəxsləri ilə fəxr edir. Ancaq unutmayın, gücümüz birliyimizdə və bərabərliyimizdədir. Heç kim deyə bilməz ki, mənim doğulduğum bölgə olmasaydı, türk dünyası olmayacaqdı, ya da Azərbaycan müstəqil olmayacaqdı. Ona görə hamımız çox da çətin olmayan, "haralısan?” sualını verməmək üçün əvvəlcə özümüzdən başlamalıyıq. Məncə, doğulduğumuz bölgənin adı pasportumuza yox, şəxsiyyət vəsiqəmizə yazılmalıdır. Biz sizinlə inkişaf edən Azərbaycanımızı daha da inkişaf etdirmək üçün qüvvələrimizi birləşdirməliyik. Daha böyük uğurlara imza atmalıyıq".
Millət vəkili öz əlifbamızın olmasını da arzu etdiyini bildirib və "Bu arzuları həyata keçirmək istəyənlərə yardım etmək üçün hazıram” - deyə yazıb.
Adil Əliyevin durub dururkən bu cür status paylaşması, bu statusdan saytların xəbər düzəldərək onu tirajlaması təsadüfdürmü - bunu demək çətindir. Amma deputatın bu statusunun hansısa ünvanlara, şəxslərə yönəldiyi elə yazıdan görünür. A.Əliyev "Sən bilirsən ki, dəniz niyə bu qədər böyükdür?.. Çünki heç bir çayı, hətta ən kiçik dərəni belə özündən ayırmır. Başa düşənlərə...” - yazır. Burada son cümlə xüsusilə diqqət çəkir. Göründüyü kimi, deputat konkret kiməsə, yaxud kimlərəsə şifrəli ismarış yollayıb.
A.Əliyev general Məhərrəm Əliyevin kiçik qardaşıdır. M.Əliyev uzun müddət Bakı Şəhər Baş Polis İdarəsinin rəisi kimi mühüm və yüksək bir vəzifəni tutub. A.Əliyev də Bakının ən prestijli rayonlarından birində polis rəisi olub. 2005-ci ildən Milli Məclisin üzvüdür. Düzdür, M.Əliyev 2007-ci ildə vəzifədən çıxarıldı, ən geridə qalmış Orta Asiya respublikalarından birinə - Tacikistana səfir göndərildi. Çoxları həmin vaxt bu təyinatı Əliyev qardaşlarının siyasi ulduzunun sönməsi kimi təqdim edirdi. Bu rəyin ortaya çıxmasında Əli İnsanov amili də rol oynayırdı. Xatırladaq ki, Ə.İnsanovla M.Əliyev qudadır. Hələ 2005-ci ildə parlament seçkiləri öncəsi sabiq səhiyyə naziri həbs ediləndə bu gedişatın M.Əliyevin mövqelərini sarsıdacağı, zəiflədəcəyi bildirilirdi. Buna baxmayaraq, nəinki M.Əliyev qudasına görə "vuruldu”, onun qardaşının deputat mandatına sahiblənməsinə də maneçilik törədilmədi. Amma hakimiyyət İnsanovun qudasının bu cür əhəmiyyətli postda qalmasına çox təhamül etmədi: təxminən iki ay sonra Məhərrəm Əliyevi Bakı polisinin rəisi görəvindən aldı və ölkədən uzaqlaşdırdı. Hakimiyyət general Əliyevə qarşı "qamçı-kökə” siyasəti həyata keçirməyə məcbur kimi görünür. Bir yandan ona sanki toxunmur, amma müəyyən müddət sonra vəzifədən və ölkədən uzaqlaşdırır. Bir neçə il sonra sabiq rəis səfir sifətində görəvini bitirib Bakıya qayıdır, ona PA-da önəmli vəzifə verirlər...
Adil Əliyevin özünün türklüyünü qabartması və regionçuluğa qarşı olduğunu göstərməsi sadə məsələyə bənzəmir. Bununla o, sanki hakimiyyətdəki kürd qruplaşmasına meydan oxuyur. Mövcud iqtidarda təmsil olunan türklərin hakimiyyətdəki kürd qruplaşmasına qarşı qıcığının olması haqda indiyədək çox deyilib, çox yazılıb. İqtidardakı türklər gedişatdan narazılıqlarını iki halda büruzə verirlər: ya dar çərçivədə, qeybət janrında, ya da vəzifədən uzaqlaşdırıldıqdan sonra. Amma Adil Əliyevin özünün deputat mandatı daşıdığı, qardaşının isə ali sarayda babat vəzifə tutduğu bir vaxtda "Mən türk oğlu türkəm” bəyanatı verməsi çox ilgincdi. Bu mesajın əslində bir etiraz, az qala üsyan olduğu sezilir.
A.Əliyev azərbaycanlıların bir-birinə "haralısan” sualını verməsinə qarşı olduğunu da dilə gətirib. Deputat açıq şəkildə bu mesajı ilə hakimiyyətin regionçuluq siyasətinə qarşı çıxdığını bildirir. A.Əliyev əslən Naxçıvandandır. Hazırkı iqtidar da regionçuluğu daha çox bu bölgədən çıxan insanlarla edir. Fəqət deputat regionçuluğu sərt formada tənqid atəşinə tutur. Bunun kiçiklik olduğunu obrazlı cümlələrlə birilərinin diqqətinə çatdırır.
Yazını bir tarixi xatırlatma ilə yekunlaşdırmaq istəyirəm. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbsindən bir neçə ay öncə, 2005-ci ilin may ayında telekameralar qarşında səs-küylü bəyanat verdi. O bəyanatın əsas aparıcı xətlərindən biri də özünün türk olmasını qabartması idi. Həmin vaxt Fərhad Əliyev hakimiyyətin ən qüdrətli klanlarından biri ilə müharibə vəziyyətində idi. 5 ay sonra sabiq nazir özünün dəbdəbəli kabinetindən MTN-in təcridxanasına aparıldı. Özü və qardaşı 8 il dustaq həyatı yaşadı. Prezidentin əfvi ilə ötən ilin oktyabrında azadlığa çıxdı.
O Əliyevlərdən sonra ikinci Əliyev qardaşlarının da türkçülük və anti-regionçuluq çağırışları etməsi, hakimiyyətin üzərində bərqərar olduğu iki aparıcı xətti ifşa edən bəyanat verməsi olduqca maraqlı və həm də... qorxuncdur. Məsələnin maraqlı tərəfi cəmiyyət və qəzet üçündür, heç şübhəsiz. Amma qorxunc tərəfi bəyanat müəlliflərinin özləri üçündür.
musavat.com