Hacı İbrahimdən özünü yandırmaq istəyən sahibkara təklif: “İstəyirsə, özünü lap damdan atsın"

img

27-01-2014 [16:43]


"İstəyirsə, özünü lap damdan atsın. Mətbuat səhifələrində mənim şəxsiyyətimə yönəlik təhqirlərlə dolu məqalə dərc etdirən Elşad Məmmədovu məhkəməyə verəcəyəm. Qoy, bu məsələ hüquq müstəvisində həll olunsun. Yoxsa bu adam şantajlarından əl çəkməyəcək”. 

Bunu "Yeni Müsavat”a "Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli sahibkar Elşad Məmmədovun özünü yandıracağı xəbərinə münasibət bildirərkən deyib.

"Avesta” konserninin prezidenti eyni zamanda sahibkar Elşad Məmmədovla bağlı məsləyə bir daha aydınlıq gətirib: "51 və 52 saylı iki mənzilin Elşad Məmmədova satışı da məhz "Skat” restoranında görülən işlərin müqabilində həyata keçirilib. Bir müddət sonra məlum oldu ki, Orxan Sadıxovla birgə "Skat” restoranda heç bir iş görməyiblər. Buna görə də E.Məmmədovla bağlanmış müqavilənin ləğvini tələb etdim. Məhkəmə də öz növbəsində iddiamı təmin etdi. Elşad Məmmədov da mətbuatda dediyi kimi heç kimə pul verməyib, yalan danışır. "Xəzər Adaları”nda Orxanla birlikdə "Skat” restoranını götürüb iş görəcəkdilər. Müqavilədə imzaladıqları öhdəlikləri yerin yetirmədilər. Elə bildilər fırıldaq işlədib məni aldadıb, aradan çıxacaqlar. Ona mənzilin sənədlərini verməmişəm, kağız vermişdim ki, guya ödədilər. Bir də gördüm ki, Gürcüstana qaçıblar. Onları tutub gətirdilər. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ifadə aldılar. Şikayət etdi, məhkəmədə uduzdu. Bu dəfə də dinc dayanmadı, qəzetlərlə hücuma keçdi”.
Hacı İbrahim Nehrəmli bildirdi ki, biznesmenin özünü yandıracağı barədə mətbuata xəbərlər ötürməsi də, sadəcə diqqət çəkmək üçündür: "Deyir ki, guya mən pul verib aldığı mənzilləri onun əlindən almışam. Mənim buna nə ehtiyacım var axı. "Yeni Şəhər”də meqa proje həyata keçirirəm. Ev satıram. Mənim iki evə ehtiyacımmı var? Elşad Məmmədov özünü yandırmaq istəyirsə, yandırsın. Bu ölkənin qanunları var. Hamı o qanunlara tabe olmalıdır. Fırıldaqçılıqla heç kəs dövləti aldada, onun qanunlarını tapdalaya bilməz. Ona görə də qərar vermişəm ki, Elşad Məmmədovu şərəf və ləyaqətimi təhqir etdiyi üçün məhkəməyə verim. Qoy qanun qarşısında cavab versin”.


Qeyd edək ki, bir neçə gün əvvəl 355 min manat pulunun mənimsənildiyini iddia edən əslən Qazax rayonundan olan iş adamı Elşad Məmmədov başına gələn olaylarla bağlı özünü "Avesta” konserninin binası qarşısında özünü yandıracağını bəyan edib.
O, bildirib ki, "Avesta” konserninin sahibi Hacı İbrahim Nehrəmlini onun 355 min manat vəsaitini ələ keçirib. E.Məmmədovun sözlərinə görə, bu barədə işə hətta ayrı-ayrı məhkəmə instansiyalarında da baxılıb. Lakin hələ də pulunu geri ala bilməyən sahibkar artıq intihara əl atmaq zorunda qalıb.

O, bildirib ki, borc əlindən ailəsinin dolanışığını da təmin edə bilmir: "Əvvəllər xırda sahibkarlıqla məşğul idim. İndi əlimdə olan pulumu Hacı İbrahim Nehrəmlinin adamları aldığından borc aldığım adamların qarşısında girov qalmışam. Bilmirəm nə edim. Buna görə də çıxış yolunu intiharda görürəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA