General Ziya Məmmədovla "açıq döyüş"ə qərar verdi

img

26-01-2014 [14:52]



Nəqliyyat naziri Ziya Məmmədovla Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalov arasındakı qarşıdurma pik nöqtəyə çatıb. 

Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, nazirlə generalı üz-üzə gətirən paytaxt Bakıda fəaliyyət göstərən bəzi hallarda 156 xidmətlə sifariş edilən evakuasiya xidməti göstərən avtomobillərdir: «Ziya Məmmədov bir neçə aydır Ramiz Zeynalovdan yol polisinin sərəncamında olan evakuator xidməti göstərən avtomobillərin Nəqliyyat Nazirliyindən lisenziya alınmasını tələb edir. Lakin general Ramiz Zeynalov nazirliyin bu tələbini rədd edir. Nazirlik isə bu maşınların yük avtomobili olduğunu israr edərək, əks halda sərt tədbirlərə əl atacağını deyir». 

Müsahibimizin sözlərinə görə, Nəqliyyat Nazirliyi ilə Baş Dövlət Yol Polisi arasındakı qarşıdurma yanvar ayından daha da kəskinləşib: «Nəqliyyat Nazirliyi çox kəskin şəkildə tələbini qarşı tərəfə çatdırıb. Əgər yanvar ayında evakuator xidməti göstərən maşınlar lisenziya almayacaqlarsa, o zaman həmin maşınlar nazirliyin müfəttişlərinin «hücumu»na məruz qalacaq. Artıq bu barədə nəqliyyat müfəttişlərinə qəti tapşırıq da verilib. Məsələnin ən maraqlı tərəfi odur ki, Ziya Məmmədovun şəxsi nəzarətində olan bu tələbə general Ramiz Zeynalov çox kəskin reaksiya verib». 

Mia.az bildirir ki, general Ramiz Zeynalov müvafiq vəzifəli şəxslərin vasitəsiylə evakuator avtomobillərinin sürücülərinə sərt tapşırıq verib: «Sürücülərə birbaşa generalın adıyla tapşırıq verilib ki, heç bir nəqliyyat müfəttişinə tabe olmasınlar. Yəni onlara sənəd təqdim etsinlər, hər hansı bir tələblərinə əməl olunsun. Maraqlı burasıdır ki, generaldan gələn tapşırıqdan sonra evakuator sürücüləri tədbirli davranıblar. Onların əksəriyyəti maşınların  dövlət nömrə nişanlarını açıblar. Bu, nəqliyyat müfəttişlərinin xəbərsiz nömrə açmalarından sığortalanmaq məqsədiylə edilir. O səbəbdən şəhərdə nömrəsiz evakuator maşınları görsəniz, təəccüblənməyin».

 Paytaxt Bakıda 150-dən çox evakuator maşının olduğunu deyən müsahibimiz həmin xidməti maşınların kimə məxsus olması ilə bağlı da maraqlı faktlardan söz açıb. Bu ya digər istiqamətdə araşdırmalarımız olacaq.  

/span

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA