Rövnəq Abdullayevdən prezidentə yalan məlumat; ARDNŞ rəhbəri dövlət proqramını fiaskoya uğratdı

img

23-01-2014 [12:32]


Bakı və ətraf qəsəbələrin tam qazlaşdırılması 2014-2016-cı illərdə Bakı və ətrafının inkişafı üzrə dövlət proqramında prioritetlərdəndir. Dövlət proqramında həmçinin enerji təchizatının yaxşılaşdırılması, yeni istilik obyektlərinin tikintisi, köhnələrin bərpası və müasirləşdirilməsi nəzərdə tutulur. Bu barədə "Turan” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, dövlət proqramında ekoloji vəziyyətin yaxşılaşdırılmasına da yer ayrılıb.

Məişət tullantılarının emalı, yaşıllıqların artırılması üzrə işlər davam etdiriləcək. Əvvəllər Bakının qazlaşdırılmasının 2013-cü ildə başa çatdırılması nəzərdə tutulurdu. Layihə həyata keçirilmədi və böyük dövlət proqramı fiaskoya uğradı.


Təbii ki, dövlət proqramının həyata keçirilməməsi üçün heç bir obyektiv səbəb yoxdur. Bu proqram qəbul olunandan (2009-cu il) keçən müddətdə dünya bazarında neftin qiyməti 2 dəfə artıb. Yəni ARDNŞ-in maliyyə imkanları ən azı 2 dəfə genişlənib. Eyni sözləri "Azəriqaz” haqqında da demək olar. Bu proqram qəbul edilən ərəfədə əhaliyə satılan təbii qazın qiyməti 2 dəfədən çox artırıldı. ARDNŞ-ə 1000 kubmetri 47 manata başa gələn mavi yanacaq əhaliyə 2 dəfə bahasına - 100 manata satılır. Deməli, layihənin dalana dirənməsinin yeganə səbəbi qalır - ARDNŞ boslarının gündən-günə artan və ucu-bucağı görünməyən korrupsiya ehtirasları.


Yunanıstandan Bolqarıstana qədər investisiya yatıran, Gürcüstanda təmənnasız stadion tikən ARDNŞ-in öz ölkəsinin qazlaşdırılması kimi strateji əhəmiyyətli layihəni yarımçıq saxlaması təbii ki, heç bir tənqidə dözmür. Bu məsələdə ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla, Neft Şirkətinin rəhbərliyi məsuliyyət daşıyır. Bakının qazlaşdırılması proqramının fiaskoya uğramasının səbəbləri barədə ötən saylarımızda yazmışdıq.

ARDNŞ-dəki mənbələrin sözlərinə görə, 2010-cu ilin ilk yarısında işlər nisbətən normal axarda getsə də, ilin ikinci yarısından başlayaraq korrupsiya maraqları dövlət əhəmiyyətli layihənin taleyini sual altında qoyub. Proqramın başlanğıcında ARDNŞ-in "Azəriqaz” İstehsalat Birliyi ilə podratçı şirkətlər arasında müqavilələr imzalanıb. Ancaq burada yaşayış massivlərinin sürətlə qazlaşdırılması və işlərin keyfiyyətli icrası müqavilələrin prioritetləri sırasına daxil edilməyib. "Azəriqaz”la podratçı şirkətlər arasında qeyri-rəsmi razılaşmaya görə, ümumi məbləğin 40 faizi "şapka” kimi birliyin rəhbərinə çatır, qalan vəsaitlə isə həm işlər görülür, həm də vergilər ödənilirdi.

Podratçı şirkətin qazancı da buraya daxil idi. Daha dəqiq desək, ümumi məbləğ qeyri-rəsmi belə bölüşdürülürdü - 40 faiz "şapka” şəklində "Azəriqaz” rəhbərliyinin cibinə axırdı, 7 faiz vergi və sosial ödəmələrə yönəldilirdi, 6 faiz şirkətə qazanc qalırdı, 47 faiz isə real işlərə sərf edilirdi.

Bu insaflı şərtlər 2010-cu ilin birinci yarısına qədər davam edib. İkinci yarım ildə isə "Azəriqaz” boslarının iştahaları bir az da genişlənib və şərtlər daha da sərtləşdirilib; ödəmələrdə ciddi ləngimələr yaranıb. Yeni şərtlər isə belədir - "şapka” 50 faiz, qazanc 3 faiz, vergi və sosial ödəmələr 7 faiz, real işin görülməsi 40 faiz. Özü də işlər ilkin olaraq podratçının imkanları hesabına həyata keçirilir, ödəmələr isə sonraya saxlanılır.
2011-ci ilin əvvəlində korrupsiyaya qarşı kampaniya başlanandan sonra podratçı şirkətlərdə müəyyən ümidlər yaransa da, qısa zamanda bu ümidlər yox oldu. Bu da azmış kimi, daha bir qəddar rejim tətbiq edildi. "Azəriqaz” boslarına çatan "şapka”nın nağd şəkildə verilməsi dayandırıldı.

"Azəriqaz”ın bu soyğunçu siyasəti ona gətirib çıxarıb ki, podratçı şirkətlər və onların tərəfdaşları iflas həddinə çatıblar. Podratçı şirkətlərin materiallar aldıqları Metak, Dərnəgül Boru, STP və s. kimi şirkətlərə borcları milyon manatlarladır. Podratçı şirkətlərə ödəmələr aylarla yubadılır. Borcun ümumi məbləği milyonlarla ölçülür. Bir sözlə, indiyə qədər qazlaşdırma proqramına uyğun olaraq layihələr "Azəriqaz”ın deyil, əsasən podratçı şirkətlərin vəsaitləri hesabına həyata keçirilib. "Azəriqaz”ın kredit götürərək podratçı şirkətlərə olan borcların ödənəcəyi ilə bağlı verilən vədlər elə vəd olaraq qalıb.


Xeyli müddətdir "Azəriqaz” yeni layihə həyata keçirməyib. Çünki "Azəriqaz”ın müflis olma həddinə çatdırdığı podratçı şirkətlər işləri öz imkanları hesabına davam etdirmək gücündə və marağında deyil. Ancaq müntəzəm şəkildə ARDNŞ rəhbəri Rövnəq Abdullayev dəfələrlə ölkə prezidentinə qazlaşdırılmanın vəziyyəti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar verib. Ancaq sonda fiaskonu gizlətmək mümkün olmayıb və proqramın icra müddəti daha 2 il uzadılıb. Normalda R.Abdullayevdən izahat istənilməli, onun məsuliyyəti müəyyən edilməlidir. Əks halda, proqramın icrası illərlə uzana bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA