Ordu Azərbaycan siyasətində prioritet istiqamətlərindən biridir

img

21-01-2014 [17:43]


Dövlət quruculuğunun ən mühüm sütunlarından biri olan Azərbaycan Ordusunun inkişafı, problemlərinin həll olunması hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Əsası hələ uzaqgörən siyasətçi Heydər Əliyev tətəfindən qoyulan bu ənənə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ordu quruculuğu sahəsində görülən işlər, aparılan islahatlar bunu deməyə əsas verir. Hər zaman çıxışlarında ordu, hərb məsələlərinə, hərbçilərin sosial problemlərinin həllinə geniş yer ayıran dövlət başçısı bir daha sübut edir ki, ordu Azərbaycan siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır.
Azərbaycan mürəkkəb geostrateji regionda yerləşdiyinə və ərazimizin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyinə görə Müdafiə Nazirliyi və ordu daim cəmiyyətin diqqət mərkəzindədir. Bu strukturda baş verən hər hansı bir dəyişiklik adətən böyük rezonansa səbəb olur.
2013-cü ilin sonunda Azərbaycan Respublikasının müdafiə naziri təyin olunan general polkovnik Zakir Həsənov nazir kimi fəaliyyətinə genişmiqyaslı islahatlardan başladı. Bu dəyişikliklər bəzi mətbuat orqanları tərəfindən qərəzli şəkildə köhnə rəhbərliyin kadrlarının vurulması kimi təqdim edilməyə çalışılsa da, hər bir qurumun yeni rəhbərliyinin öz komandasını formalaşdırması normal hal kimi qəbul edilməlidir. Eyni zamanda, bütün bu dəyişikliklərin qanuna uyğun olaraq həyata keçirilməsi faktını da nəzərdən qaçırmaq olmaz. Yaş həddi və ya digər səbəblərlə əlaqədar bir sıra şəxslərin vəzifələrindən azad edilməsi, şəxsi heyətin üzvlərinin bir çoxuna yeni rütbələr təqdim olunması prosesi və digər islahatların aparılmasında tək məqsəd Ali Baş Komandanın qarşıya qoyduğu problemlərin həll olunmasına yönəlib. Buna görə də Müdafiə Nazirliyindəki kadr islahatlarının sabiq müdafiə nazirinə qarşı atılmış addım kimi qiymətləndirmək yanlışdır. Qeyd etdiyim kimi verilən qərarlar, atılan addımlar, islahatlar Azərbaycan Ordusunun daha da gücləndirilməsi, əldə edilmiş naliyyətlərin möhkəmləndirilməsi, qarşıya qoyulmuş vəzifələrin uğurlu həlli naminədir. Hansısa şəxsi maraqdan çıxış edib, bu islahatlara müxtəlif "don” geyindirmək vətəndaş mövqeyinə sığmır.
Zakir Həsənov nazir təyin edildikdən sonra ilk işlərdən biri cəbhə bölgələrində yerləşən hərbi hissələrə səfər etmək oldu. Tanışlıq xarakteri daşıyan bu səfərlərdə cəbhə bölgəsininin problemləri öyrənilir və bu problemlərin həll edilməsi istiqamətində nə kimi işlərin görülə biləcəyi aydınlaşır. Cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlərində müdafiə nazirinin qarşıda duran vəzifələri bir daha onlara xatırlatması olduqca mühümdür.
Həyata keçirilən mühüm addımlardan biri də tank taborlarının cəbhə bölgəsinə göndərilməsi oldu. Görünür məhz bu addım, tank taboru kimi güclü hərbi bölmələrin cəbhə xəttinə göndərilməsi Ermənistanda yeni nazirin islahatlarının həyacanla qarşılanmasına səbəb oldu. Artıq Ermənistanda gündəmin əsas mövzularından biri də Azərbaycan Müdafiə Nazirliyində həyata keçirilən islahatlardır. Dəyişiklikdən qorxuya düşən düşmən artıq Azərbaycanın müharibə bəyanatlarının ciddiyə alınmasına çağırır və beynəlxalq ictimaiyyətə mesaj göndərir ki, Azərbaycanı müharibə seçimindən çəkindirsin.
Digər mühüm qərarlardan biri də hərbi hissə komandirlərinin sürücülərinin mülki vətəndaşlar olması haqqında verilən göstərişdir. Bu istiqamətdə işlər davam etdirilir və hazırda bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasının mülki şəxslərə tapışırılması istiqamətində hazırlıq aparılır. Bu islahat ordumuzun strukturunun yüksək dünya standartlarına uyğunlaşdırılmasını, hərbçilərin hərbi hazırlıq, vaxtlarını döyüş qabiliyyətlərinin artırılmasına sərf etmək imkanlarını artıracaq. Həmçinin yaşayış məntəqələrində yerləşən hərbi hissələrdə aşpazların mülki şəxslərdən olması da bu barədə müəyyən çatışmazlığı aradan qaldıracaq.
Silahlı Qüvvələrin qida rasionun dəyişdirilməsi istiqamətində də müəyyən işlər görülməsi təqdirəlayiqdir. Belə ki, Müdafiə Nazirliyi Sovet dövründən qalma bir sıra qidaların rasiondan çıxarılmasını və onların milli mətbəxə məxsus yeməklərlə əvəzlənməsini nəzərdə tutur. Nazirlik bütün hərbi hissələrdə meyvə və çərəzlərin rasiona daxil edilməsinə də hazırlaşır.
Azərbaycanın xarici siyasətində hərbi əməkdaşlıq mühüm istiqamətlərdən biridir. Xüsusilə, digər ölkələrlə hərbi əlaqələrin qurulması və inkişafı diqqət mərkəzində saxlanılır. Bu baxımdan yeni nazir tərəfdaş ölkələrlə münasibətlərə əhəmiyyət verdiyini fəaliyyətə başladığı ilk dövrdən sübut etdi. Nazirin ilk xarici səfərinlərdən biri qardaş Türkiyəyə oldu. Türkiyəyə səfəri zamanı general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti qardaş ölkənin müdafiə naziri İsmət Yılmaz, Baş Qərargah Rəisi Ordu generalı Necdət Özəl, prezident Abdullah Güllə görüşərək hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığı müzakirə etdi. Həmçinin Azərbaycan tərəfi Türkiyə Aviasiya Sənayesi və ASELSAN şirkətinin müəssisələrində oldu. Qeyd etmək lazımdır ki, Türkiyə Azərbaycanın əsas strateji tərəfdaşıdır və Azərbaycan Ordusunun, hərbi sənayesinin qurulmasında qardaş ölkənin yardımları danılmazdır. Bu baxımdan Türkiyə Silahlı Qüvvələri ilə münasibətləri gücləndirmək, mövcud əməkdaşlığı daha da inkişaf etdirmək Azərbaycanın strateji məqsədlərindən biridir.
Müdafiə naziri kimi Zakir Həsənovun xarici səfərlərindən biri də Fransa oldu. Düşmən Ermənistanın əsas havadarlarından biri olan Fransa ilə əlaqələri genişləndirmək, əsl həqiqətləri çatdırmaq mühüm əhəmiyyət kəsb edir. Fransaya səfər zamanı bu ölkənin Silahlı Qüvvələrinin rəhbərliyi ilə danışıqlar nəticəsində "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Saziş” imzalandı. Həmçinin səfər zamanı Fransa hərbi sənayesində aparıcı şirkətlərlə də bir sıra mühüm görüşlər keçirildi.
Eyni zamanda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Koreya Respublikasına da rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri keçirildi, ikitərəfli münasibətlər müzakirə olundu. Müdafiə nazirinin digər bir səfəri də qonşu Rusiyaya oldu. Qeyd edək ki, general-polkovnik Zakir Həsənov Moskvaya Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün səfər edib.
Bu gün Azərbaycan ordusu maddi-texniki təminatına görə region ölkələrindən əsaslı surətdə fərqlənir. Yeni müdafiə naziri dəfələrlə vurğulayıb ki, Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək. Qeyd edək ki, artıq Azərbaycan Ordusu ən müasir hərbi texnika və silahlardan istifadə edir. Hərbi Hava Qüvvələrimizin istifadəsinə "Orbiter”, "Aerostar”, "Seacher”, "Hermes-450”, "Heron” tipli pilotsuz kəşfiyyat təyyarələri verilib, S-300 PMU-2 "Favorit” zenit-raket kompleksləri, "Barak-8” zenit-raket kompleksləri, "Green Pine” radarları kimi müasir silah sistemlərindən istifadə edən ordumuzun döyüş hazırlığı getdikcə möhkəmlənir.
Hazırda Azərbaycan öz hərbi sənayesini qurmaqdadır. 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi qısa müddət ərzində istehsal etdiyi silahlarla diqqət mərkəzinə düşə bilib. Cənubi Afrika Respublikasının "Paramount Group” şirkəti ilə birlikdə "Matador”, "Marauder” zirehli transpartyorları istehsal edilib, "Gürzə” patrul maşını yığılaraq istifadəyə verilib. Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış İstiqlal snayperi isə anoloqlarını göstəricilərinə görə ötməyi bacarıb. İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sərgisində diqqət cəlb edən silahlardan biri də məhz "İstiqlal” olub. "IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyi 130 adda müdafiə təyinatlı məmulatla təmsil olunub. Sərgidə 7,62x51 mm-lik "Yalquzaq” snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə” patrul maşını, pilotsuz uçuş aparatları Azərbaycan hərbi sənayesinin uğurlarını nümayiş etdirib.
Qeyd edək ki, "IDEF-2014” sərgisi bu il ölkəmizdə keçiriləcək. Artıq Azərbaycan hərbi məhsulların idxalatçısından ixracatçısına çevrilir. Artıq 2014-cü ildən kiçik çaplı topların da istehsalına başlanılacaq.
Son günlər Azərbaycanda hərbi sahədə görülən ən mühüm qərarlardan biri də 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldı. Bu addım mərkəzlə birbaşa quru əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm islahatdır. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması buradakı hərbi birləşmələrin daha çevik olmasına, döyüş qabiliyyətinin artırılmasına səbəb olacaq. Muxtar Respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edən bu dəyişiklik Silahlı Qüvvələrin vahid mərkəzdən idarə olunmasını da asanlaşdıracaq.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun yaradılması prosesində bir sıra kadr islahatları da həyata keçirilib. Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsi 5-ci Ordu Korpusunun komandiri general-leytenant Kərəm Mustafayevə tapşırılıb və yeni müavinlər təyin olunub. Blokada şəraitində olan Muxtar Respublikada sərhədlərin etibarlı qorunmasını təmin etmək məqsədilə yaradılmış Əlahiddə Ümumqoşun Ordusu müharibə şəraitində çevik hərəkət etmə qabiliyyəti ilə müdafiəni təmin etməlidir. Ümumilikdə Əlahiddə Qoşun növünün yaradılması həmçinin ordunun idarəetməsinin müasirləşdirilməsi kimi də qəbul olunmalıdır. Bu sistemdən NATO ölkələrində də istifadə olunur. Müasir hərbi sistemdə, xüsusilə də NATO ölkələrində çevik əməliyyat qüvvələrinin və mobil hərbi birləşmələrin formalaşdırılması əsas istiqamətlərdən biri hesab olunur.
Bu sahədə hər zaman olduğu kimi bu gün də cəmiyyətin, mətbuatın orduya münasibətdə həssas olması mühüm şərtlərdəndir. Ölkədə ordu quruculuğunu əks etdirən yazılarda şəxsi mövqedən çıxış etmək yolverilməzdir. Mətbuatda ordu haqqında yer alan xəbərlərə həssaslıqla yanaşılması hər bir jurnalistin vicdan borcudur. Çünki cəmiyyətlə ordu arasında münasibətlərin tənzimlənməsi, yeniyetmələrdə ordu haqqında hansı təsəvvürün yaranacağı birbaşa mətbuatdan asılıdır. Orduda baş verən dəyişiklikləri, qüsurları təqdim edərkək daha diqqətli olmaq lazımdır. Mətbuatı yalnız Azərbaycan vətəndaşlarının deyil, düşmənin, ölkəmizi istəməyən qüvvələrin də izlədiyini nəzərdən qaçırmaq olmaz.
Bu gün Azərbaycan Ordusu öz gücünü, hərbi kadrlarının peşəkarlığını artırır, qüdrətini yüksəldir. Məhz belə zamanda hər bir Azərbaycan vətəndaşı öz ordusu ilə fəxr etməli, onun gücünə inanmalıdır.

Emin HƏSƏNLİ,
politoloq


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA