General “qara kassa”ya nəzarət edir - sərt ittiham

img

20-01-2014 [00:52]


Xəbər verildiyi kimi, bir neçə gün öncə vəkil Aslan Ismayılov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPI) ünvanına ittihamlarla çıxış etmişdi. A.İsmayılov bildirmişdi ki, artıq bir neçə aydır BŞDYPI-nin qanun pozuntusu ilə üzləşib. Keçən ilin oktyabr ayından başlayaraq özünü bu qurumun əməkdaşı kimi təqdim edən şəxslər ona zəng edərək mərkəzi idarəyə çağırırlar.

Telefonla zəng edən şəxslər A.İsmayılovun yol hərəkəti haqqında qanunun tələblərini pozduğunu bildirirlər. Amma virtualaz.org xatırladır ki,A.İsmayılov "Azadlıq” qəzetinə açıqlamasında heç bir qanunu pozmadığını bəyan eetmişdi: "Əgər qaydanı pozmuşamsa, cəriməni aparıb bankda ödəməyə hazıram. Mən gözəl bilirəm ki, şəhər yol polisində bu məsələlərlə bağlı bir bazar mövcuddur. Kim radara, kameraya düşüb ora dəvət edilir və uzun növbələrdə dayanmağa məcbur olur”.

A.İsmayılovun söylədiklərinə cavab olaraq BŞDYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Kamran Əliyev isə bildirmişdi ki, A.İsmayılov onunla da əlaqə saxlayıb: "Aslan İsmayılov bu məsələ ilə bağlı bizə müraciət edib. Biz də ona bildirmişik ki, onun avtomobilinə keçən ilin avqust ayında cərimə kəsilib. Cəriməyə səbəb Aslan İsmayılovun avtomobili qanunla icazə verilməyən şüşələrlə idarə etməsi olub. Bununla bağlı protokol tərtib edilib. Həmin protokolda Aslan müəllimin öz izahatı və imzası da var”.

Qəzetlə yenidən əlaqə saxlayan A.Ismayılov bildirib ki, BŞDYP təmsilçisi K.Əliyev məsələyə yanlış don geyindirməyə çalışır. A.İsmayılov yenə dediyində qaldığını söyləyib. Heç bir qanun pozuntusu etmədiyini vurğulayan vəkil hesab edir ki, DİN onu təxribata çəkməyə çalışır: "Mən həqiqətən Kamran Əliyevlə danışmışam. Amma xarakterimə uyğun olaraq iki nəfərin arasında olan danışığı mən heç zaman qarşı tərəfin razılığı olmadan çalışıram ki, açıqlamayım. Mən Kamran Əliyevlə bir yox, beş dəfə danışmışam. Beş dəfə danışığın hər birində də mən Kamran Əliyevdən xahiş etmişəm ki, mənə qarşı haqsızlıq edirlər. Kamran Əliyevə də deyirəm ki, yalan danışmaq zabitə yaraşmaz. İdarə etdiyim avtomobili yeri gəldi-gəlmədi saxlayırlar. Mən DİN-in özümə münasibətini bilirəm. Onlar məni hansısa təxribata çəkərək, ”banditizmdəki" xəbərdarlığı ictimailəşdirdiyimə, bu məsələni gündəmdə saxladığıma görə düşünürəm ki, hələ hədəfdəyəm. Kamran Əliyev mənə "zəng edib yoluna qoyaram” deyəndə söylədim ki, mənə minnət qoymayın. Çünki mən qanuni haqlarımı tələb edirəm. Qanunu pozduğumu təsdiq edən sənəd varsa, onu mənə göndərsinlər. Əminliklə deyirəm ki, belə bir sənəd yoxdur".

K.Əliyevin A.İsmayılovun avtomobili qanunla icazə verilməyən şüşələrlə idarə etməsi barədə dediklərinə gəlincə isə, A.İsmayılov vurğulayıb ki, bu da həqiqətin təhrif olunmasıdır: "Əgər belə bir protokol varsa, onu mənə təqdim etmirlərsə, mətbuata çıxarsınlar. Mən o protokolu görəndən sonra onları necə ifşa edəcəyimi bilirəm. Mənim hər bir açıqlamam onların protokolu saxtalaşdırıb həmin sənədi yeni qaydada tərtib etmələrinə gətirib çıxara bilər. Mən qanuna tabe olan şəxsəm. Demirlər qanunu pozmuşam, protokolu təqdim etsinlər. Mən belə bir şey xatırlamıram. Hadisənin beş ay əvvəl olduğu deyilir. Mən həyatımda yalan danışan insan deyiləm. DİN kimi yalan danışmaq fikrində də deyiləm. Mən bir daha Ramil Usubova müraciət edirəm. Əgər elə protokol varsa, mənə təqdim edilsin”.

Hazırkı mübarizəsinin yalnız onun hüquqlarının pozulmasıyla bağlı olmadığını deyən A.İsmayılov vurğulayıb ki, o, DİN-də olan böyük bir korrupsiyanı mətbuata çıxardığından təzyiqlərə məruz qalır: "Hazırda DİN-in bildiyi böyük bir korrupsiya əməli var. Bu, Ramiz Zeynalovun nəzarət etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindəki "qara kassa”dır. Həmin kassaya milyonlarla vəsait yığılsa da, o pullar dövlət büdcəsinə daxil olmur, heç kimə qəbz verilmir. İlham Əliyev hər dəfə elan edir ki, korrupsiyaya qarşı mübarizə aparırıq. Zakir Qaralov deyir ki, korrupsiyaya qarşı mübarizə davam edir. Mən minlərlə insanın bildiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindəki iri korrupsiyanın yerini göstərirəm. Getsinlər, onu ifşa etsinlər”(gundemxeber).  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA