Heydər Əliyev Fondu korlar üçün uşaq evi tikəcək

img

15-01-2014 [18:26]


Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir. Humanitar layihələrdən biri dost Macarıstanda həyata keçiriləcək.

Fondun dəstəyi ilə Budapeşt şəhərində korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusu inşa ediləcək. Heydər Əliyev Fondundan bildiriblər ki, Laszlo Batthyany Roma Katolik Evi üçün əlavə yataqxana korpusu mövcud binalar kompleksinə birləşdiriləcək. Bu uşaqların qidalanması və müalicəsinin daha yaxşı şəraitdə aparılmasına imkan yaradacaq.

Mərkəz 1982-ci ildə Macarıstan Katolik Kilsəsi tərəfindən əlil insanlara qayğı göstərmək məqsədilə yaradılıb.

Uşaq tərbiyə müəssisəsinə görmə, hərəkət və ünsiyyət qüsurlu, fiziki imkanları məhdud uşaqlar qəbul edilirlər. Onlar burada təhsillə yanaşı müalicə alır, müxtəlif təlimlər vasitəsilə hərəkət qabiliyyətini, fərdi bacarıqlarını artırır, peşə vərdişlərinə yiyələnirlər.

Müəssisənin sahəsi 2800 kvadratmetrdir və 1994-cü ildə əsaslı təmir edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 16-da mərkəzdə 18 yaşdan yuxarı reabilitasiya keçmiş uşaqlar üçün əlavə korpusun təməli qoyulacaq. Beşmərtəbəli, 30 çarpayılıq yataqxana tipli korpusun ümumi sahəsi 1385 kvadratmetrdən çoxdur. Layihəyə görə binada məşğələ, istirahət və yataq otaqları, mətbəx və lift nəzərdə tutulub.

Təməlqoyma mərasimində Macarıstan Baş Naziri Aparatının xarici siyasət məsələləri və xarici iqtisadi əlaqələri üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto, Heydər Əliyev Fondunun nümayəndəsi və ölkəmizin Budapeştdəki səfirliyinin əməkdaşları iştirak edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA