
Ötən ilin mart ayında Sumqayıtın "İnşaatçılar” qəsəbəsində yaşıllıqlarınməhv edilməsi - xeyli sayda ağacın kəsilməsi ilə yadda qalan Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binası tikildi.Rayon icra hakimiyyəti üçün keçmiş poçt binası yenidən rekonstruksiya olunduvə bu işləri görən icraçılar binanın qarşısındakı ağacları doğradılar, ətrafı hərtərəfli "təmizlədilər”, genişləndirdilər.
Nəticədə həqiqətən gözəl bir bina ortaya çıxdı, ətrafı abadlaşdırdılar, əraziyə yaxşı asfalt örtüyü çəkildi. Amma...
Bu dəfə...
Bir neçə aydır ki, rayon icra hakimiyyətinin binasının arxası zibilxanaya çevrilib. Bura aylardır ki, təmir olunur və tikinti tullantıları, zibillər bu həyətin içinə, məhəllədaxili yolun kənarına tökülüb. Sakinlərin xeberle.com-a söylədiklərinə görə bu zibillik icra hakimiyyətinin binasının təmiri nəticəsində yaranan artıqlar, tullantılar nəticəsində qalaqlanıb.
Gəlin sakinlərin sözünə inanmayaq, belə hesab edək ki, bu zibillik inzibati binanın təmiri nəticəsində deyil, sakinlərin buraya əllərinə keçdiklərini atmaları nəticəsində yaranıb... Yaxşı, bəs onda niyə Qubadlı Rayon İcra Hakimiyyəti bu neçə ayda sözügedən zibilliyi təmizləməyib. Niyə hətta o zibilliyin ortasında unitazın belə dayanmasına "dözüb”?! Əgər rayon icra hakimiyyətinin arxası bu vəziyyətdədirsə, digər yerlərdən nə gözləyək?!
Qarşı tərəflərin də mövqeyini verməyə hazırıq.
Elnur Ağayev, Xeberle.com
Fotolar müəllifindir





