Bakıda bank müdirinin ölkədən qaçması xəbəri yayıldı

img

14-01-2014 [09:50]



Bakıda mərkəzi ofisi Xətai prospekti 38-də yerləşən və bir neçə filialla təmsil olunan "VTB Azərbaycan” bankının müdiri Aleksandr Yuryeviç Yeryominin ölkədən qaçdığı ilə bağlı xəbərlər yayılıb. Redaksiyamıza daimi oxucularımız tərəfindən verilən məlumatda deyilir ki, yeni ilin ilk iş günündən bəri bank demək olar ki, bütün əməliyyatları naməlum səbəbdən ləngidir. 

Bankın xidmətlərindən yararlana bilməyən oxucularımızın verdikləri məlumata görə, hazırda "VTB Azərbaycan” əməkdaşlıq etdiyi bir çox sığorta şirkətini çətin vəziyyətə salıb.
Bankın min bir yalanı Servisdə təmir olunan avtomobilini götürə bilməyən Sahil Sayılov bu barədə qəzetimizə ətraflı məlumat verib. 

Zərərçəkən yazır: "Dekabr ayında avtomobilimlə qəza törətmişəm. Hadisə yerinə polis və sığorta şirkətinin nümayəndələrini dəvət etmişəm. Daha sonra maşınımı aparıb servisə təqdim etmişəm. Sığorta şirkətindən mənə bildirildi ki, onlar maşının girov olduğunu ”VTB Azərbaycan"a mənim adıma sənəd göndəriblər. Həmin sənəddə qeyd olunur ki, bank dəymiş zərəri birbaşa servisə ödəsin. Həmin sənəd dekabrda "VTB Azərbaycan”da  qəbul olunub. Mən sığorta şirkəti ilə tez-tez əlaqə saxlayır, bank tərəfindən sənədin göndərilib-göndərilmədiyini öyrənməyə çalışırdım. Amma onlar hər dəfəsində mənə bildirirdilər ki, sənəd bizə gəlib çatmayıb. Ərinmədim, "VTB Azərbaycan”ın mərkəzi ofisinə getdim. Sığorta tərəfindən göndərilən sənədə niyə cavab verilmədiyini öyrəndim. Mənə dedilər ki, məktub bizə gəlib, amma biz həmin məktubu bankın filialına göndərmişik. Yasamalda yerləşən "VTB Azərbaycan”ın "Nizami” filialında da oldum. Məni qəbul edən Samir adlı şəxs bildirdi ki, bizə məktub gəlməyib. Mən yenidən baş ofisə getdim. Onlar bildirdilər ki, sənədin surəti əsasında məsələni iki günə həll edəcəyik və ödəniş olunacaq. Arxayın qayıtdım. Yanvarın 13-də maşınımı götürmək üçün servisə getdiyimdə yenidən problemlə üzləşdim. Servisdən bildirdilər ki, ödəniş olmayıb. Sığortaya getdim, dedilər bizlik deyil. Gəldim yenidən bankın mərkəzi filialına;  mənə dedilər ki, məktubunuz sığorta şirkəti tərəfindən bizə gəlməyib. Mən sığorta şirkətinə qayıdıb həmin məktubun orijinalını gətirib banka təqdim edəndə və onları məhkəməyə verəcəyimi deyəndə nədənsə bankın kargüzarlıq şöbəsində işləyən Günel Rzayeva adlı şəxs mənə məktubun tapıldığını bildirdi".

Gizli qəbul olunan qərar

Problemlə üzləşən yüzlərlə müştəri kimi, oxucumuz Sahil Sayılov dünən bankın mərkəzi ofisinə gedib. Onlar müdiriyyətlə görüş tələb ediblər: "Bankın işçiləri bizləri sakitləşdirməyə çalışdı. Amma biz israrla müdirlə görüş tələb etdik. Bizə dedilər ki, müdir xaricdədir. Nə vaxt gələcəyi də bilinmir. Problemin səbəbini soruşduqda isə onlar bildirdilər ki, bank daxilində yeni qəbul olunan qərara görə, servislərə birbaşa ödənişlər dayandırılıb”.

Bu o deməkdir ki, bank vətəndaşa dəymiş ziyana görə servisə ödəniş etmir. Yaratdığı tranzit hesaba həmin pulu köçürür  və zərərçəkmiş həmin pulu oradan götürərək servisə ödənişi həyata keçirir. Bunun üçün isə mütləq bankın müdiri Aleksandr Yuryeviç Yeryominin  imzası olmalıdır. Öyrəndik ki, yeni qərar bank müdirinin ölkədən getməsindən bir neçə gün öncə qəbul olunub. Qərara əsasən bundan sonra bütün əməliyyatlar və sığorta ödəmələri müdirin imzası ilə həyata keçirilməlidir.

Oxucumuz deyir ki, bankdan bildiriblər ki, Aleksandr Yuryeviç Yeryominin gəlməsi də problemi həll etmir: "Bizə dedilər ki, İdarə Heyətinin toplantısında həmin sənədlərə baxılacaq. Ondan sonra qərar veriləcək ki, bu məbləğ ödənilsin, ya yox. İndi təsəvvür edin, mən işimi-gücümü atıb, haqlı olduğumu bilə-bilə bankın İdarə Heyətinin verəcəyi qərarı gözləməliyəm”.

Müştərilərə isə  eyni  bank daxilində qəbul olunan bu gizli qərar nədənsə çatdırılmayıb. Həmçinin bankın əməkdaşlıq etdiyi sığorta şirkətləri çoxsaylı şikayətlərdən bezərək bankın bu problemə aydınlıq gətirməsi üçün rəsmi sorğu göndərib.

Qaçıb, yoxsa istirahət edir?

Zərərçəkmiş oxucularımız  iddia edir ki, bank müdiri Aleksandr Yuryeviç Yeryomin ölkədən qaçıb. Məsələ ilə bağlı dünən bankda olduq. Bizə bildirdilər ki, müdir neçə gündür Moskvada istirahət edir. Yanvarın 13-ü axşam saatlarında ölkəyə qayıdacaq. Vətəndaşların problemləri İdarə Heyətində bir-bir baxıldıqdan sonra icraata yönləndiriləcək. Yeni qərara əsasən sənədlərə ancaq müdir özü imza atmalıdır. 2011-ci ildən banka rəhbərlik edən Aleksandr Yuryeviç Yeryomin ölkədə olmayanda onu İdarə Heyətinin üzvü Zaur Rəsulov əvəz edirmiş. Lakin yeni qərara əsasən Z. Rəsulovun bu öhdəçiliyi əlindən alınıb. 

Zərərçəkmiş oxucumuz sonda bildirdi ki, bank tərəfindən aldadılanlar yanvarın 14-ü  saat 15-də mərkəzi ofisin qarşısında etiraz aksiyası keçirəcəklər. 

Nəzərinizə çatdıraq ki, "VTB” bank ölkəmizdə 2010-cu ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 50 815 000 ( əlli milyon səkkiz yüz on beş min) manat olmaqla, hər birinin nominal dəyəri 0.2 (sıfır tam onda iki) manat olan, 254 075 000 (iki yüz əlli dörd milyon yetmiş beş min) adlı, sənədsiz, adi səhmdən ibarətdir. 

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB ASC "Moody’s Investors Service", "Standard & Poor’s" və "Fitch" kimi beynəlxalq reytinq agentliklərinin verdikləri reytinqlərdə Rusiya bankları arasında ən böyük reytinqə layiq görülüb.
Bank VTB (Azərbaycan) ASC-nin səhmdar kapitalı Rusiya tərəfi - Bank VTB ASC (51%) və Azərbaycan tərəfi - "AtaHoldinq” ASC (48.99%) və fiziki şəxs (0.01%) arasında bölüşdürülüb(musavat.com).

  • Bakıda bank müdirinin ölkədən qaçması xəbəri yayıldı   <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir229/img1534015.jpg' target='_blank'>Yüklə</a>
  • Bakıda bank müdirinin ölkədən qaçması xəbəri yayıldı   <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir229/img1534016.JPG' target='_blank'>Yüklə</a>

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA