“20 Yanvar faciəsi insanlığa qarşı bir cinayətdir” - Dekan müavini

img

14-01-2014 [09:43]


"20 Yanvar faciəsi" SSRİ-nin dağılma prossesində baş verən, hədəfində insanlıq adına dəyərləri yox eləmək olan, ən qanlı hadisələrdən biridir. 1988-ci ildən etibarən Ermənistanın dövlət dəstəkli terrorizmi nəticəsində Dağlıq Qarabağda müharibəyə çəkilən Azərbaycan Respbulikası, milli birlik mübarizəsi aparırdı. Azərbaycan xalqı, SSRİ dövründəki assimilyasiya siyasətlərindən ən az təsirlənən xalq olmuşdur. O dövrdə xalqın küçələrə tökülməsi, mitinqlərdə iştirak etməsi, milli birlik və bərabərlik adına verilən bəyanatlarla Azərbaycan xalqı öz suverenliyini yetmiş il sanki ürəyində yaşatdığını bütün dünyaya göstərmişdir. Yarım əsrdən çox SSRİ tərkibində olan Azərbaycanı zəbt eləmək ruslar üçün o qədər də asan olmayacaqdı. Bizləri bizlərdən daha yaxşı tanıyan Ruslar bu həqiqəti də çox yaxşı bilirdilər.

Bu kontekstdə, 1990-cı ilin 19-20 yanvar tarixlərində Bakıda ruslar tərəfindən tarix boyunca əmsalına ancaq orta əsrlərdə rast gələcəyimiz bir qırğın həyata keçirildi. 26 min nəfərlik Sovet birlikləri Bakıyı işğal edərək əhətəyə almış və şəhərdəki silahsız dinc əhaliyə qarşı tanklarla, ağır silahlarla planlı şəkildə hücum təşkil etmişdir. Bu hücumlar qarşısında çaş baş qalan Bakı əhalisi tanklar vasitəsilə əzilərək, silahlara tuş gələrək mərhəmətsizcə rus ordusu tərəfindən qətl edilmişdir. Bu qətliamlardakı əsas məqsəd Bakı mərkəz olmaqla, bütün Azərbaycanı sanki əsir alaraq Rusiyanın təsirində bir hökümət təsis etmək və Ermənistanla davam edən Dağlıq Qarabağ müharibəsində Azərbaycanı tamamilə güçsüz buraxmaq idi.

Bu qətliam nəticəsində qadın, yaşlı və uşaqlarla birlikdə 170 nəfər vəhşicəsinə öldürülmüş, 370 nəfər ağır yaralanmış, 321 nəfər itgin düşmüş və Bakı şəhəri döyüş meydanına çevrilmişdir. 20 yanvar tarixindəki Bakıdakı qırğınla birlikdə Azərbaycanda Sovet rejiminin süqutu sürətlənmişdir. SSRİ-nin dağılması ərəfəsində müxtəlif sovet ölkələrində (Gürcüstanda, Latviyada, Qazaxıstanda) mərkəzi hökümət tərəfindən insanlığa sığmayan tədbirlər görülsə də, digər Sovet respublikalarından fərqli olaraq Azərbaycan xalqı, 1991-ci ildə təkrar qazandığı müstəqilliyini ancaq qanla əldə edə bilmişdir.

Həmin illərdə sovet lideri olan M. Qorbaçovun qərarları ilə Bakıda sadəcə Azərbaycan xalqına qarşı deyil bütün insanlığa qarşı həyata keçirilən "20 yanvar faciəsindən" 24 il keçir. SSRİ-nin dağılmasında fəal rol oynayan Qorbaçov, başqa imperialist güclər tərəfindən "qəhrəman" olduğu elan edilmişdir. Hətta insanlıq naminə cinayətdə imzası olan bu adama Nobel mükafatı verilərək bir baxıma fəaliyyətləri xüsusilə də Qərb dövlətləri tərəfindən təqdir edilmişdir.

Bakının ən yüksək yerlərindən birində yerləşən "Şəhidlər xiyabanını" ziyarət edib orada hüzur içərisində Azərbaycanın dirçəlişini izləyən şəhidlərimizi yad edərkən, müstəqilliyimizin nə qədər dəyərli olduğunu daha yaxşı anlaya bilərik. "20 yanvar faciəsi" imperializmi kirli üzünü, fəsadlarını da açıq aydın göstərməsi baxımından əhəmiyyət kəsb edir. O tarixlərdə Qərb dövlətləri SSRİ-nin dağılmasına hazır deyildilər. Bu səbəbdən Qərb dövlətləri ümumiyyətlə SSRİ regionunda Rusiyaya öncəlik verən siyasət aparırdılar.

Səbəblərinə nəzər saldığımızda, "20 Yanvar Faciəsi" türklərə və eyni zamanda müsəlman əhaliyə indekslənmiş, qlobal səviyyədə imperialist siyasətlərin bir məhsulu, yeni dünya "nizamındakı" bir mərhələsi kimi əslində bütün insanlıq adına işlənmiş bir cinayətdir. Bu qətliamın bu şəkildə bilinməsi və xatırlanması zərurətdi... Cani kimdir görəsən... Ruslardırmı?, Nobel mükafatına layiq görülən Qorbaçovdurmu? Cinayətkarlar, adları nə olursa olsun dövrdən dövrə dəyişiklik göstərən ancaq hədəfləri insanlıq, insani dəyərlər olan "cinayət mərkəzli sistem" yaradan və tətbiq edənlərdir... Bu oyunların mərkəzində qalmamaq üçün xalq olaraq öz dəyərlərimizə sahib çıxmalıyıq. İmperialist məqsədlər çərçivəsində SSRİ ordusu tərəfindən törədilən "20 Yanvar Faciəsini" doğru oxumalıyıq və bunun kimi bir daha qanlı cinayətlərə məruz qalmamaq üçün, necə deyərlər - tariximizin bu şəkildə təkrar etməməsi adına, bu hadisələrdən lazımi dərsləri almağımız əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamına da müvafiq, "20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın xüsusilə də xaricə istiqamətli intensiv həyata keçirilməsi və "insanlığa qarşı bir cinayətə” məruz qaldığımızın göstərilməsi önəmlidir.  Təkrar ildönümü səbəbilə bütün şəhidlərimizi hörmət və sevgiylə xatırlayaraq onlarla qürur duyur, bizlərə buraxdıqları vətən torpağından onlara Allahdan rəhmət diləyirik.

Samir Quliyev, 

Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakultəsi Dekan müavini


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA