Dəmiryolçular aksiya keçirdilər, narazılar Prezident Administrasiyasına çağırıldı

img

10-01-2014 [12:34]


Azərbaycan Dəmir Yolları” QSC-nin binası qarşısında qatar bələdçiləri etiraz aksiyası keçirib. "Aznews.az"ın məlumatına görə, aksiyanı kişi qatar bələdçiləri keçirirlər. Aksiyaya səbəb bələdçilərin heç bir əsas göstərilmədən işdən çıxarılmalarıdır. Bələdçilər qurum rəhbərliyindən onların xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasının aydınlaşdırılmasını tələb edirlər.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov kişi qatar bələdçilərinin qadınlarla əvəzlənməsinə etiraz etməsi faktını təsdiqləyib. O deyib ki, bu məsələ ilə bağlı hazırda etiraz edən tərəflərlə danışıqlar aparılır: "Problem qısa vaxtda həll olunacaq və bununla bağlı ətraflı məlumat veriləcək”.

***
10:26

Bir bələdçi 2 il bundan əvvəl narkotik apararkən rus sərhədçiləri tərəfindən saxlanılaraq həbs edilib. Ondan sonra qərar verilib ki, bələdçilər qadınlarla əvəzlənsin. Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, onların qadın bələdçilərlə əvəz edilməsinin səbəbi budur və bu tapşırıq Prezident Administrasiyasından gəlib.

"Axar.az”ın hadisə yerində olan müxbiri xəbər verir ki, bu açıqlama bələdçilərin narazılığına səbəb olub və etirazçılar indi Prezident Administrasiyasına gedirlər. Əsas niyyətləri bu məlumatın - tapşırığın doğru olub-olmadığını öyrənməkdir. Etirazçılar ondan şikayət edir ki, yeni gələn qadın bələdçilər onlar qədər peşəkar deyil və bir nəfər qanun pozucusuna görə bu addımın atılması, kişi bələdçilərin kütləvi şəkildə işdən azad edilməsi ədalətsiz qərardır.

11:26

Hazırda etiraz edən bələdçilərdən 5 nəfər Prezident Administrasiyasına dəvət edilib və onların etirazı dinlənilir. Digər bələdçilər isə PA-nın qarşısında şikayətlərinin nəticəsini gözləyirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA