Vasif Talıbova qarşı güc nümayişi, MR rəhbəri xalası oğlunu azadlığa buraxdıra bilmir

img

06-01-2014 [11:33]


2013-cü ilin avqust ayının 7-dən həbsdə olan Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğlu Nicat Quliyevi Səbayel Rayon Məhkəməsi ev dustaqlığına buraxmaqdan imtina edib.



Vəkilin "mediaforum” saytına dediyinə görə, Səbayel Rayon Məhkəməsində N.Quliyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və sabiq nazirin ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb: "Biz vəsatətimizi kifayət qədər əsaslandırmış, təkzibolunmaz və məntiqli arqumentlər qoymuşduq. Əvvəla, Nicat Quliyevin ittiham olunduğu iş üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. İkincisi, səhhətində ciddi problemlər var. O, ağır xəstə olduğuna görə həbsxanada saxlanıla bilməz, bu, onu həyatı üçün ciddi təhlükədir. Ziyalı, yüksək mədəniyyətli adamdır, ciddi sarsıntı keçirir. İki körpə qızı, yoldaşı tək qalıb. Üçüncüsü, Nicat Quliyev harasa getməyəcək, istintaqdan qaçıb gizlənməyəcək. Obyektiv istintaqın aparılmasına təsir etmək niyyəti də yoxdur. Niyə də etməlidir ki?

Azərbaycan qanunları, ölkənin qoşulduğu beynəlxalq konvensiyalar, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası Nicat Quliyev barəsində həbs qərarının dəyişdirilməsinə, onun ev dustaqlığına buraxılmasına imkan verir. Məhkəmə bu barədə qərar çıxarmaqda tam səlahiyyətlidir. Nicat Quliyevin həbsdə saxlanılması əsassızdır, insan hüquqlarının ciddi şəkildə pozulmasıdır. Nicat Quliyevin ittiham olunduğu maddə az ağır cinayət əməlini nəzərdə tutur. Belə cinayət törədənlərin istintaqı həbs qərarı seçilmədən də aparıla bilər. Amma nədənsə, Nicat Quliyevi həbsdə saxlamaqda təkid edirlər".


Vəkil bildirib ki, Səbayel Rayon Məhkəməsində keçirilən prosesdə prokuror, Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi də iştirak edib: "Biz bu qədər arqument gətirdiyimiz halda onlar bir cümlə deməklə kifayətləndilər. Guya Nicat Quliyev azadlığa çıxsa qaçıb gizlənər, obyektiv istintaqın aparılmasına mane olar. Bu da şablon cümlədir və arqumentsizlikdən irəli gəlir. Hakim də hər iki tərəfi dinlədi və müşavirəyə getdi. Qayıdıb şikayətin təmin olunmadığını elan etdi. Səbayel Rayon Məhkəməsinin qərarı ilə razılaşmırıq və apelyasiya şikayəti verəcəyik”.

Vəkilin sözlərinə görə, sabiq nazir hələ də istintaqda ifadə verməyib.


V.Talıbovun yaxın qohumunun 5 aydır ki, MTN-də saxlanmasını özünə qarşı Bakıdakı bəzi mərkəzi hakimiyyət təmsilçilərinin qurulmuş oyunu hesab etməsi barədə məlumatlar var. Çünki Naxçıvan Ali Məclisin sədrinin qohumları sırasında N.Quliyevə münasibəti həmişə isti olub. O, hər Naxçıvana gələndə V.Talıbov şəxsən onu qarşılamaq üçün aeroporta gedib və öz evində qonaq saxlayıb. N. Quliyevin 2005-ci ildə( o zaman polisə müqavimət ittihamı ilə həbs edilmişdi) məhz Vasif Talıbovun xahişi və səyi nəticəsində həbsdən buraxıldığı da iddia olunur.

Bu dəfə isə N.Quliyevlə bağlı ittihamlar o qədər ciddidir ki, V.Talıbov neçə aydır onu həbsdən buraxdıra bilmir. Xəbərə görə, hakimiyyətin ən qüdrətli şəxslərindən olan V.Talıbovun xalası oğlu prezident seçkisi ərəfəsi Milli Şuranın o vaxtkı sədri Rüstəm İbrahimbəyovla, o cümlədən bu quruma daxil olan digər şəxslərlə telefon əlaqəsinin qurbanı olub. İddialara görə, bu barədə prezidentə təkzibedilməz faktlar verilib. Prezidenti inandırıblar ki, məsələ daha ciddidir və onun həbsi qaçılmazdır. Bundan sonra isə onun həbsinə qərar verilib. Həbsdən bir müddət sonra məsələ ilə bağlı V.Talıbovun prezidentlə görüşdüyü də gələn xəbərlər sırasında idi.

Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilən N.Quliyevin bu müddətdə istintaq ifadə verməməsi, onun hətta ev dustaqlığına belə buraxılmaması ortada siyasi səbəblərin olduğuna işarədir. Qeyd edək ki, V.Talıbovu narazı salan əsas məqamlardan biri də qohumun həbs əməliyyatın zamanı əməliyyatçıların "əndazəni aşması” olub. Belə ki, avqustun 7-də saat 19-da Novxanı qəsəbəsindəki bağ evindən çıxıb və qonşuluqda yerləşən mağazaya gedən N.Quliyevə hətta evinin yanından keçərkən ev paltarlarını dəyişib, onu gözləyən doğmalarına saxlanıldığını xəbər verməyə belə imkan verməyiblər. N.Quliyevin ailəsi onu həbs edilməsi barədə yalnız 20-yə yaxın MTN əməkdaşı bağ evində axtarış apararkən xəbər tutublar.


V.Talıbovun xalası oğlunu həbsdən hətta ev dustaqlığına belə buraxdıra bilməməsi son vaxtlar Ali Məclis sədrinin hakimiyyətdəki mövqelərinin zəiflədilməsi barədə xəbərlərlə üst-üstə düşür. Yeri gəlmişkən, ötən ilin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qəzənfər Novruzov da işdən çıxarılması diqqəti yenidən V.Talıbovun personasına yönəltmişdi. Çünki Q.Novruzov Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.

Son aylar Vasif Talıbovun Bakıya az-az gəlməsi barədə xəbərlər var. Məlumata görə, sonuncu dəfə oktyabrın 19-u səhər Bakıya prezidenti inauqurasiya mərasiminə şəxsi təyyarəsi ilə gələn V.Talıbov tədbirdə iştirak etdikdən dərhal sonra Naxçıvana qayıdıb. V.Talıbovun Bakıda yaşayan oğlanlarının da son vaxtlar bahalı avtomobilləri ilə küçələrdə gözə dəymədikləri deyilir. İddialara görə, hansısa səbəbdən onların mühafizəsinin gücləndirildiyi də söylənir.

Maraqlıdır ki, V.Talıbovun Bakıdakı ən ciddi dayaqlarından biri olan prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun da bacısı oğluna 2 il həbs cəzası verilib. Hakimiyyətin iki nəhəng fiqurunun yaxın qohumlarının həbsi "qanunun təntənəsi”ndən daha çox hansısa ciddi prosesin tərkib hissəsinə bənzəyir.
Amma hansı proses?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA