Səbail rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə iməclik keçirilib

img

31-12-2013 [14:16]


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin və onun çoxsaylı qonaqlarının sevimli gəzinti və istirahət yeri olan Səbail rayonu ərazisində geniş miqyaslı abadlıq işləri aparılıb.


 Bununla əlaqədar «Yeni nəsil» Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin üzvləri və Səbail rayon gənclərinin birgə təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin cənub-qərb istiqamətində çıxışındakı «Şıx» ərazisində, Salyan yolunun kənarında iməclik keçirilmişdir. 100-dən çox gəncin iştirak etdiyi iməclikdə 500-ə yaxın Eldar şamı, sərv ağacı, kiparis, zeytun və s. ağac, yeni gül kolları əkilmiş, əvvəllər əkilmiş ağaclara qulluq göstərilmişdir. Aksiya zamanı ərazidə xüsusi olaraq quraşdırılmış su qurğuları vasitəsi ilə ağacların, kolların və əkilmiş qazon qatının suvarılması aparılmışdır. Həmçinin bir sıra qurumuş ağaclar da yeniləri ilə əvəz olunmuşdur. Həmçinin mövsüm ərzində bu ərazidə əkilmiş ağaclara, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Tədbirlə bağlı «Yeni nəsil» Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Atatürk Kamallı bildirmişdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişinə həsr olunmuş «Sağlam təbiətdə – sağlam cəmiyyət» adlı tədbir İctimai Birlik üzvləri ilə Səbail rayon gənclərinin birgə təşkil etdikləri ilk aksiyadır. Aksiyada birliyin üzvləri gəncləri ziyanlı vərdiş olan siqaret çəkilməsindən uzaqlaşdırmaq və onları sağlam həyat tərzinə, idmanla məşğul olmağa cəlb etmək məqsədi ilə siqaretə yox deməyə, buna sərf etdikləri vəsaiti toplayıb yeni ağaclar alaraq şəhərin müxtəlif istirahət yerlərində əkməyə çağırmış və bu günkü aksiya zamanı əkilən ağacların 100-ü məhz siqaretdən imtina etmiş gənclərin vəsaiti hesabına alınmışdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA