Özünü yandıran əlilin ölümü siyasiləri də üz-üzə gətirdi - AÇIQLAMALAR

img

30-12-2013 [11:18]


Dekabrın 25-də özünə qəsd etmiş II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənovun dekabrın 28-də dünyasını dəyişməsi Azərbaycanda böyük ictimai əks-sədaya səbəb olub. Hakimiyyət təmsilçiləri müxalifəti hadisəni siyasiləşdirməyə çalışmaqda ittiham edib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az-a açıqlamasında deyib ki, müxalifət insan faciəsindən özünə divident qazanmaq istəyir: "Qarabağ qazisi Zaur Həsənov dünyasını dəyişib və onun dəfni və digər məsələlərlə bağlı dövlət bütün lazım olan tədbirləri həyata keçirir. Azərbaycanın bəzi müxalifət qurumlarından daim hər şeydən istifadə etmək cəhdi var. Bu da o cəhdlərdən biridir”.


İqtidaryönlü deputat Fəzail Ağamalı deyib ki, bu hadisənin məlum həddə çatmasında günahı olan və ailə faciəsinə səbəb olan hər kəsi qınayır: "Kimin burada günahı varsa o, həm Allah, həm də vicdanı qarşısında cavab verməlidir. Sual olunur, Zaur Həsənov necə qanunsuz tikili tikib, niyə ona icazə verilib? Bilirik ki, Azərbaycanda icazəsiz daşı-daş üstə qoymaq mümkün deyil. Onun ailə tərkibinin böyüklüyünü və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşdüyünü nəzərə almadan bu şəklə salmaq bağışlanası hal deyil”.

Milli Şuranın sədri Cəmil Həsənli isə olayla bağlı bəyanat verib. Bəyanat onun facebook səhifəsində yerləşdirilib. Bəyanatda deyilir: "Qarşılaşdığı ədalətsizliklərə dözməyərək özünü yandıran Qarabağ döyüşçüsü Zaur Həsənovun ölüm xəbəri qəlbimizi parçaladı. Bu, hər şeydən öncə bir döyüşçünün, bir vətəndaşın, bir insanın, bir həmvətənin faciəsidir. Dəhşətlisi odur ki, bu faciə həm də ölkə insanının ümumi taleyinin göstərici kimi ortaya çıxıb. Azərbaycan vətəndaşları avtoritar siyasətin qurbanına çevrilib. Heç də hər kəs intihar etmir, heç də hər kəs özünə od vurmur. Amma ölkəni ağuşuna alan haqsızlıq, ədalətsizlik, bərabərsizlik, məmur özbaşınalığı, oğurluq və rüşvətxorluq bütün cəmiyyəti ağır bəlalar və dərdlərlə təhdid edir. Ona görə də, biz Zaur Həsənovun ölümündə günahkar hakimiyyəti görürük”.

Öz növbəsində Müsavat başqanı İsa Qəmbər dekabrın 29-da partiya Məclisinin sessiyasında çıxışında Qarabağ qazisi ilə bağlı da danışıb. Qazinin ölümündən kədərləndiklərini deyən İsa Qəmbər hakimiyyəti sərt tənqid edib. İsa Qəmbər deyib ki, hakimiyyət, müəyyən qüvvələr Azərbaycan xalqına Qarabağı unutdurmağa çalışır. Qarabağ qazilərinə qarşı münasibət də bununla bağlıdır. İsa Qəmbər dekabrın 29-u saat 4-ə planlaşadırdıqları bayram tərbirini Qarabağ qazisinin ölümünə görə təxirə saldıqlarını da deyib.

AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində Qarabağ qazisinin ölümü ilə bağlı hadisəyə münasibət bildirib: "Dövlət səviyyəsində himayə olunan ədalətsizliyin, haqsızlığın, soyğunçuluğun qarşısında millətin iradəsi dayanmalıdır”.

ADP sədri Sərdar Cəlaloğlu isə qəzetimizə açıqlamasında vətəndaşı özünü öldürmə həddinə gətirib çıxaran Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev barədə mütləq cinayət işi qaldırılmalı olduğunu bildirdi: "Bu məsələ siyasətdən kənardır və heç kim də məsələni siyasiləşdirmir. Həmkarlar İttifaqları Konfederasiyası siyasətdən kənardır. Ona görə də həmin qurumun, onun sədrinin fəaliyyəti ilə bağlı deyilən fikirlər niyə siyasi hesab olunmalıdır? Baş vermiş cinayətə görə günahkarların cəzalandırılması tələbləri niyə siyasi hesab olunmalıdır? Həmin qurumun sədri öz vəzifəsindən sui-istifadə edib bir vətəndaşı intihar eləməyə məcbur edib. Cəmiyyət, o cümlədən müxalifət isə tələb edir ki, qanunun tələbi nədirsə, o həyata keçirilməlidir. Müxalifətin guya indi hadisəni siyasiləşdirmək istədiyi barədə deyilənlərin əsası yoxdur. Prokurorluq Səttar Mehbalıyevə cinayət işi qaldırmayacaqsa, Zaur Həsənovu özünə qəsd həddinə gətirib çıxaran səbəblərlə bağlı araşdırma aparılıb günahkarları məsuliyyətə cəlb etməyəcəksə, bu, artıq olacaq siyasi sifariş. Bu zaman müəyyən siyasi mövqe ortalığa qoymaq olar. Hələ gözləməliyik görək prokurorluq necə davranacaq”.

"Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov isə moderator.az-a açıqlamasında deyib ki, prezident İlham Əliyev Zaur Həsənovun özünü yandırmasına səbəb olan Səttar Mehbalıyevin həbsi ilə bağlı Baş Prokurorluğa göstəriş verməlidir. Onun fikrincə, məlum olayın bütün məsuliyyəti S.Mehbalıyevin üzərinə düşür və bu səbəbdən də onun qanun qarşısında cavab verməsi labüddür: "Səttar Mehbalıyev bu məsələdə öz yaxasını hər hansı şəkildə kənara çəkə bilməz. Bundan başqa, o, Azərbaycan dövlətini dünyada biabır edib. Zaur Həsənovla bağlı acınacaqlı mənzərə Ermənistan saytlarında dəqiqəbədəqiqə, anbaan göstərilir. Bütün dünya kanalları həmin bu səhnəni nümayiş etdirir və Azərbaycanda Qarabağ əlilinə, qaziyə olan arzuedilməz münasibəti ortaya qoyur. Buna görə də Səttar Mehbalıyev məsuliyyətə cəlb edilməli və layiqli şəkildə cəzalandırılmalıdır”(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA