Bəylər Əyyubovla bağlı yeni qalmaqal; Generalın işçilərinin bir-biri ilə ciddi konflikti var

img

28-12-2013 [11:25]


Redaksiyamıza içərisində prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun da adının keçdiyi ilginc məlumat daxil olub.

Qaynağımızın xəbərinə görə, B. Əyyubovun rəhbəri olduğu xidmətin şöbə rəisləri arasında çox ciddi konflikt yaranıb. Həmin konfliktin kökündə hansı məsələnin dayandığı bəlli deyil. Xəbərdə deyilir ki, B.Əyyubovun rəhbərlik etdiyi xidmətdə 3 şöbə var. Həmin şöbələrin rəisləri Səftər Hacıyev, Tərlan Qədirov və Abdulla Mirzəliyevdir. Konflikt S.Hacıyevlə digər 2 şöbə rəisi arasındadır.

Məlumata görə, hətta iş o yerə çatıb ki, mərhum prezident Heydər Əliyevin vəfatı günündə mühafizə xidməti məzarı ziyarət etsə də, S. Hacıyev və onun şöbəsində çalışanlar ora getməyiblər. Bu qərarın kim tərəfindən verilməsi məlum olmasa da, belə ehtimal edilir ki, B. Əyyubov Fəxri Xiyabanda tərəflər arasında xoşagəlməz hal yaranmaması üçün S. Hacıyevin ora getməməsini tapşırıb.

Xəbərdə o da iddia olunur ki, S. Hacıyevin adı qapadılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin açıqladığı və "ölüm eskadronu” adlanan siyahıda 1-ci olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsində B.Əyyubovun həbsdə olan bacısı oğlu Osman İsayev onun əmisi oğlu Sultan İsayevin, Rauf Həsənli və Amil Şirəliyevin məhkəmə prosesində sərt bəyanatlar səsləndirib. Generalın bacısı oğlu ölkədə demokratiyanın olmadığını və sifarişlə həbs olunduqlarını deyib. O, sonda deyib ki, bu ölkənin vətəndaşı olmaq istəmir. Bu sensasion bəyanatlar mətbuatda çıxdıqdan sonra bir çoxları B.Əyyubovun durumunun kəskin pisləşəcəyini proqnoz verirdilər. Lakin prezident İlham Əliyev Bəylər Əyyubova general-polkovnik hərbi rütbəsinin verilməsi haqda sərəncam imzalamaqla baş mühafizəçiyə etimadın yüksək səviyyədə olduğunu təsdiqlədi.

Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA