"2014-Azərbaycan üçün hay-küylü il olacaq"

img

22-12-2013 [23:15]


Son dövrlər Ukraynada baş verən ayqalanma bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da ciddi dəyi-şikliklərə inam yaradıb. Artıq bir çoxları 2014-cü ildə ölkəmizdə ictimai-siyasi baxımdan aktivliyin artacağını düşünürlər.Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da "Reytinq"ə müsahibəsində qarşıdan gələn ildə siyasi aktivliyin müşahidə olunacağını deyir:

- Mənə elə gəlir ki, dünyada baş verən proseslər və Ukrayna hadisələri ilə bağlı olaraq, 2014-cü il çox aktiv olacaq. Həm də nəzərə alsaq, qarşıdan gələn il At ilidir, bir az obrazlı yanaşsaq, qaçhaqaç, qovhaqovlu il olacaq.

Türkiyədəki hadisələrə də diqqət yetirsək görərik ki, orda da proseslər qızışıb. Gələn il orda parlament seçkiləri ilidir, hakimiyyətin dəyişməsi mümkündür, ona görə də orda da xeyli aktiv proseslər baş verəcək. Sözsüz ki, bütün bunların Azərbaycana da təsiri olacaq. Həmin proseslərdə azərbaycanlıların da olduğunu nəzərə alsaq, Azərbaycanın həmin proseslərə yönəldiyini demək mümkündür. Yəni, mən hesab edirəm ki, 2014-Azərbaycan üçün hay-küylü il olacaq.

- Qeyd etdiyiniz ölkələrdəki proseslər Azərbaycana hansı formada təsir edə bilər?

- İndidən proseslərin hansı formada baş verəcəyini demək çətindir. Amma xalq hərəkatı və yaxud başqa bir formada aktivliyin təzahür edəcəyi şübhəsizdir.

Əvvəla, gələn il sosial-iqtisadi vəziyyət daha da ağırlaşacaq. Bu da xalqın passivliyindən irəli gəlir ki, müqavimət gücü yoxdur. Eyni zamanda, beynəlxalq aləm Ukraynadakı prosesləri bir nəticəyə çatdırsa, Azərbaycan da o prosesə qoşulmalıdır. Ya xoşluqla, ya da zorla Azərbaycan prosesə qoşulacaq. Hər hansı bir formada Azərbaycan o prosesə qoşulsa, ölkədə ciddi dəyişilmələr olacaq. Hesab edirəm ki, bütün aspektlərdən baxdıqda, proseslər Azərbaycanda müəyyən bir aktivliyə gətirib çıxaracaq.

- Azərbaycandakı aktivlik siyasi düşərgə müstəvisində olacaq, yoxsa cəmiyyət bütövlükdə ayaqlanacaq?

- Əgər söhbət ciddi dəyişikliklərdən gedirsə, aktivlik yalnız partiyalar müstəvisində deyil, bütövlükdə xalq aktiv olmalıdır.

- Yəni, xalq meydanlara çıxacaq?

- Söhbət xalqın meydana çıxmasından getmir. Amma hər şey ola bilər. Bir yerdə ki, xalq kütləvi şəkildə aktivləşir, o zaman kortəbii etirazlar, tətillər ola bilər. Konkret situasiyanın necə cərəyan edəcəyini deyə bilmərəm, amma hər halda, xalqın iştirakı ilə ciddi hadisələr baş verəcək.

- Sərdar bəy, 2014-cü ildə ölkəmizdə bələdiyyə seçkiləri keçirilməlidir. Bu seçkilərdən nə gözləyirsiniz?

- Şəxsən mən, Azərbaycanda seçki yolu ilə hər hansı ciddi dəyişikliklərin olacağını gözləmirəm. Başa düşmək lazımdır ki, burda vəziyyəti seçki ilə dəyişmək mümkün olmayacaq. Dünyada baş verən hadisələr də göstərir ki, seçki ilə situasiyanın dəyişməsi ən az ehtimal olunan haldır.

- Hər halda, bələdiyyə seçkiləri hakimiyyət dəyişikliyinə səbəb olacaq seçki deyil...

- Düzdür, bələdiyyə seçkiləri hakimiyyət dəyişikliyinə səbəb olacaq seçki deyil. Amma bələdiyyə seçkiləri ölkəyə normal seçki ab-havası gətirə bilər. O da qeyd etdiyim aktivlik əhval-ruhiyyəsinin yaranmasına və qarşıdakı dövrdə dəyişikliklərin təməlinin qoyulmasına səbəb olar. Yəni, bələdiyyə seçkiləri bir provakasiya kimi çıxış edə bilər.

- Bəs, qarşıdan gələn ildə müxalifətin əsas prioriteti nə olmalıdır?

- Müxalifət hər ildə, hər seçki ərəfəsində özünə prioritet seçməməlidir. Müxalifətin özünün ümumi prioriteti var və o da hər dövr qüvvədədir. Əsas prinsiplərdən biri kimi xalqı maarifləndirməli, milli maraqlara xidmət etməli, dövlətçiliyin möhkəmlənməsinə çalışmalı, xarici təhdidlərin qaşrısını almaq üçün müəyyən addımlar atmalıdır. Bunların hamısı o qədər ciddi məsələlərdir ki, onların birini digərinə görə prioritet elan etmək olmaz.

- 2013-cü ildə müxalifətin böyük birliyi yarandı, ancaq seçkidən sonra bu birlik də parçalandı, kimlərsə ordan uzaqlaşdı...

- (Sualı sona qədər dinləmir)Onlar müxalifətin öz istəyi ilə, arzusu ilə, yaxud könüllü yaranmış birliklər deyildi, ona görə də necə yaranmışdısa, eləcə də dağıldı. Əgər Milli Şuranı nəzərdə tutursunuzsa, hər şey göz qabağında baş verdi. Nə Milli Şura, nə İctimai Palata həqiqətən siyasi məntiqdə yox, siyasi qüvvələrin müəyyən ambissiyalarının təmin edilməsi, yaxud da məcburən ictimai rəyin təzyiqi altında atılan addımlar şəklində meydana çıxdı. Belə birliklər isə dayanıqlı ola bilməzdi.

- 2014-də ən azı bələdiyyə seçkiləri ilə bağlı müxalifətin bir araya gəlməsinə ehtiyac varmı?

- Mənə elə gəlir ki, hər bir siyasi hadisənin özünə aid konfiqurasiyası olmalıdır. Heç bir konfiqurasiya başqa bir siyasi prsesdə istifadə oluna bilməz.

Məsələn, Milli Şura indi niyə dağılır? Bunun əsas səbəbi ondan ibarətdir ki, Milli Şura prezident seçkiləri üçün yaradılmışdı, qarşıdan isə bələdiyyə və parlament seçkiləri gəlir, o, prosesdə isə həmin qüvvələri bir arada saxlamaq olmur. Hesab edirəm ki, hadisələrə bu cür yanaşmaq lazımdır.

- Sizcə, müxalifət qarşıdakı dövrdə hansı variantdan istifadə etməlidir?

- Bu, hadisələrin hansı müstəvidə cərəyan etməsindən asılı olacaq. Əgər hadisələr həqiqətən də mən dediyim istiqamətdə inkişaf edəcəksə, proseslər müxalifətin daha ciddi birlik yaratması ilə nəticələnəcək.

- Qeyd etdiniz ki, ölkə daxilindəki sosial narazılıq da qarşıdakı dövrdə gərginliyi artıracaq...

- (Sözümüzü kəsərək)Mən narazılıqdan danışmadım. Dedim ki, Ukraynada, Türkiyədə baş verən hadisələr Azərbaycana təsir edəcək. Bu da situasiyanı aktivləşdirəcək.

Türkiyədə baş verən cinayət hadisələrinin bir ucu Azərbaycana gəlir. Hələlik bu hadisələrin beynəlxalq ictimaiyyətdə nə dərəcədə əks-səda doğuracağı barədə danışmaq olmaz.

İkincisi, Ukrayna ilə eyni geopolitik sahədə olduğumuzdan, ordakı hadisələr bura da sirayət edəcək.

- Adətən kütləvi etirazlar sosial problemlərlə başlayır və siyasi nəticələrlə yekunlaşır. Azərbaycandakı sosial vəziyyət bəllidir. 2014-də sosial narazılığın genişlənməsi mümkündürmü?

- Sizinlə razı deyiləm. Dünya təcrübəsi göstərir ki, sosial narazılıqlarla siyasi dəyişilmələr baş vermir. Hətta Amerika inqilablarını şərh edən alimlər deyirdilər ki, bir çoxlarının düşündüyü kimi, qulların üsyanı azadlığın əldə olunmasına səbəb olub, amma əslində, elə deyil. Onların azad olmasının əsas səbəbi şimalda formalaşmağa başlayan təsərrüfat ukladı ilə cənubdakı ukladın üst-üstə düşməməsi idi. Yəni, burda məsələnin kökündə sosial narazılıq deyildi. Ona qalsaydı, ən böyük inqilablar Afrikada olardı, çünki Afrikadakı kimi ağır sosial-iqtisadi vəziyyət heç yerdə yoxdur. Əksinə, elm sübut edir ki, bəzi ölkələrdə inqilablar inkişafdan başlayır, nəinki sosial-iqtisadi vəziyyətin ağırlığından.

Siz oktyabr inqilabını nəzərdə tutursunuzsa, orda əsas məsələ vətəndaşların var-yoxdan çıxması deyildi, Almaniyanın yaxından dəstəyi ilə böyük dəyişikliklərin baş verməsi idi.

- Sərdar bəy, o fikirlər də səslənir ki, hakimiyyət 2014-də konstitusion islahatlara gedəcək, proporsional seçki sistemi bərpa olunacaq. Bu barədə səslənən fikirləri real sayırsınız?

- Mənim müşahidələrimə görə, Azərbaycan iqtidarı baş verən hadisələrin nə ilə nəticələnəcəyini gözləyir. Amma mən, Azərbaycan xalqının da, müxalifət liderlərinin də, hakimiyyətdə olanların da xarakterini çox yaxşı bilirəm ki, vəziyyətdən asılı olaraq, mövqelərini çox asanlıqla dəyişəcəklər. Ola bilsin ki, hakimiyyət müxalifətdən də qabaq demokratik dəyişikliyə getsin. Ona görə də gözlənilən hər bir dəyişiklik realdır.

- Hazırkı prosesləri nəzərə alaraq, 2015-ci il parlament seçkiləri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Əgər 2014-cü il ictimai-siyasi baxımdan fəal keçəcəksə, 2015-ci il parlament seçkilərində də aktivlik olacaq və parlamentdə müxalifət çox böyük sayda təmsil olunacaq.

- Bu günə kimi müxalifət parlamentdə fraksiya yarada bilməyib. 2015-də müxalifət belə bir imkanı qazana bilərmi?

- Müxalifət nəinki fraksiya yarada, hətta ola bilər ki, parlamentdə çoxluq təşkil eləyər. Hər şey ola bilər.

- Sizcə, hakimiyyət belə bir seçki keçirərmi ki, əleyhdarları parlamentdə çoxluq təşkil eləsin?

- Situasiya hakimiyyəti təhdid edəcəksə, məcburən istənilən dəyişikliyə gedəcək, demokratik seçki də keçirəcək. Mən demədim ki, hakimiyyət buna imkan verəcək, ya yox. Türkiyədə, Ukraynada, ümumiyyətlə, ətrafımızda baş verən hadisələr Azərbaycanda da prosesləri radikal şəkildə dəyişdirə bilər. Hakimiyyətin ən böyük bacarığı o ola bilər ki, müəyyən maneələr yaradıb, prosesləri bir qədər gecikdirsin.

- Bəs, qeyd etdiyiniz proseslər baş verərsə, Azərbaycan müxalifəti hansı formada prosesə qoşulmalıdır?

- Ukraynada müxalifət hansı formada çıxış edir? Bütün müxalifət bir yerdədir, heç bir ayrı-seçkilik yoxdur, hamı ümumi maraqlara xidmət edir. Azərbaycanda da real siyasi hakimiyyətin dəyişilməsində müxalifət bir yerdə olub.

- Axı, 2003-cü ildə də, 2013-cü ildə də müxalifətin hamısı bir yerdə olmadı, halbuki dəyişikliyə müəyyən inam var idi...

- Hansı inam var idi? O inam Rusiya ilə bağlı idi, xalqın özündən gəlməmişdi. Rusiyadan gələn dəyişiklik bizə lazım deyildi. Cəmiyyətdə başa düşən insanlar bilir ki, Rusiya vasitəsiylə gələn dəyişiklik daha ağır situasiya yarada bilər.

Bir məsələni də unutmayın ki, dünyada daxili faktorlardan daha çox xarici faktorlar üstün rol oynamağa başlayıb. Ona görə də, düşünürəm ki, dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycanda da dəyişilmələr olacaq.

Zaur ƏHMƏD

  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA