Bakıda türk iş adamı həbsdən qurtuldu - Cinayət işi

img

19-12-2013 [12:32]


Xəbər verdiyimiz kimi, Bakıda Xətai metrosunun yaxınlığında, Xocalı prospektində ümumi dəyəri 75 milyon manat təşkil edən «Xətai yaşayış komleksi» inşa edən Türkiyəli iş adamı,  "Hom Paş Prestij” MTK-nın sahibi Hikmət Yigitdölə qarşı Cinayət Məcəlləsinin 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) cinayət işi qaldırılmışdır.

 Xatırladaq ki, məlumatda bildirilirdi ki, türk iş adamı Hikmət Yigitdöl barəsində Vergilər Nazirliyi tərəfindən qaldırılan cinayət işi üzrə bir neçə dəfə məhkəmə prosesi də keçirilib.

 Mia.az-ın əldə etdiyi məlumata görə, türk iş adamı həm cinayət işinin əsassız olması, həm də vergi borcunun silinməsi məqsədiylə məhkəmədə göstərdiyi çabalar fayda verməyib: «Xətai Rayon Məhkəməsi iş adamının iddiasını rədd edib. İşə sonradan Bakı Apellyasiya Məhkəməsində hakimi Qail Məmmədovun sədrliyi ilə də baxılıb. Lakin türk iş adamı problemlərdən yaxa qurtara bilməyib. Tam əksinə, o, həbs təhlükəsiylə üzləşmişdi. Bu səbəbdən də türk iş adamı məcbur qalıb, tələb olunan borcu qəpiyinə qədər ödəyib».

 Məlumata görə, borc ödənildiyindən ötən gün Bakı Apellyasiya Məhkəməsində keçirilən proses müsbət sonluqla yekunlaşıb: «Həmin məhkəmədə hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən proses Hikmət Yigitdöl üçün xoş sonluqla bitib. Hakim borcun ödənilməsini əsas gətirərək, qaldırılmış cinayət işinə xitam verən qətnamə çıxarıb. Bu isə o deməkdir ki, türk iş adamı artıq həbsdən qurtulub».

 Bir daha  qeyd edək ki, Azərbaycanda kifayət qədər böyük bir layihəni həyata keçirən türk əsilli iş adamının həbsinə maraqlı olan qüvvələr var: «Məsələnin ən maraqlı tərəflərindən biri isə odur ki, Hikmət Yigitdölün azərbaycanlı yaxın ətrafı da ona bir çox ciddi problemlər yaradıb. Hazırda həmin problemlər də «qılınc» kimi türk iş adamının başı üzərində dayanıb».

Məsələ ilə bağlı Hikmət Yigitdölün mövqeyini öyrənə bilmədik. Onun da mövqeyini dinləməyə hazırıq.

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA