Pərviz Həşimli siyasi sifarişlə həbs edilib

img

18-12-2013 [22:55]


 Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin atası Kamran Həşimov oğlunun həbsilə bağlı mətbuat konfransı keçirib. 

Tədbirdə AXCP sədri Əli Kərimli və partiyanın digər rəhbər şəxsləri də iştirak edib. Kamran Həşimov deyir ki, Pərviz Həşimli siyasi sifarişlə həbs edilib. 

Onum sözlərinə görə hələ prezident seçkisi ərəfəsində Pərviz Həşimli barəsində MTN-ə yaxın qəzetlərdə sifarişli yazılar dərc edilib. "Pərviz Həşimli bu yazıları dərc edənlərə etirazını bildirib. Bundan sonra MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Pərvizə zəng edərək onu həbslə hədələyib". Kamran Həşimov bildirib ki, oğluna qarşı irəli sürülən ittihamlar əsassızdır. "Antiterror Mərkəzinin rəisi Elçin Quliyev istintaqa müdaxilə edir. Hər gün Pərvizin başına qara torba keçirib aparırlar Elçin Quliyevin hüzuruna. O da deyir ki, bizim dediklərimizi eləməlisən. Pərvizi döyürlər, psixoloji təzyiq edirlər. Amma mən demişəm, oğlum heç kimə böhtan atası deyil. Elçin Quliyev qanunları pozur. Pərviz girov saxlanılır", - deyə Kamran Həşimov bildirib. Tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, Pərviz Həşimli həbs olunmayıb, ictimai-siyasi fəaliyyətinə görə girov götürülüb. "Azərbaycan hakimiyyəti siyasi məhbuslarla girov kimi davranır. Onları mənən sındırmağa çalışır. Pərviz məşəqqətlərə baxmayaraq nə özünə, nə də başqalarına böhtan atır. Mən əminəm ki, Pərviz Həşimli və digər siyasi məhbuslar tezliklə azad olacaq. Azərbaycan dəyişiklik ərəfəsindədir. Hakimiyyət də bundan narahatdır”, - deyə AXCP sədri qeyd edib. Əli Kərimli bildirib ki, MTN-nin təcridxanası cəza aparatı kimi istifadə olunur. "Bu təcridxana qapadılmalıdır”, - deyə o əlavə edib. "Pərviz məcbur edilir ki, hansısa məmurlardan pul alıb mənə ötürdüyünü desin. İlham Əliyev artıq elə bilir ki, onun nazirləri də mənə işləyir. Görün bu adam nə gündədir. Mənə nifrəti o qədər çoxdur ki, artıq cəbhəçiləri yox, nazirləri də mənə görə tutmaq istəyir”, - deyə AXCP sədri bildirib. Konfrans zamanı Pərviz Həşimlinin hakimiyyətdaxili qruplaşmaların intriqasının qurbanına çevrilməsi barədə fikirlər səsləndirilmiş, habelə onun AXCP Ali Məclisinin üzvü olduğu halda, iqtidarda təmsil olunan ayrı-ayrı məmurlarla yaxın münasibətlərinin məğzinə aydınlıq gətirilməsi istənilmişdir. Sualı cavablandıran Kamran Həşimov oğlunun 11 ildir ki, ictimai-siyasi fəaliyyətlə məşğul olduğunu, onun araşdırmacı jurnalist kimi çalışdığını və məhz bu səbəbdən millət vəkilləri və məmurlarla əlaqə saxladığını bildirmişdir. O, oğlunun məmurlardan birinin avtomobil qəzasına uğraması və dövlət qulluğuna yararsız duruma düşməsi ilə bağlı məqalə yazdığını, bundan sonra isə onun həmin şəxslər tərəfindən ittiham oldunğunu vurğulamışdır. Kamran Həşimov sözügedən yazılara görə Pərviz Həşimlinin üstünə gələn şəxslərdən birinin Cavid adlı millət vəkili olduğunu qeyd etmiş, eləcə onun özünü və atasını yaxşı tanıdığını bildirmişdir. Məsələyə münasibət bildirən AXCP sədri Əli Kərimli isə Pərviz Həşimlinin millət vəkilləri ilə münasibətlərini onun jurnalist fəaliyyəti ilə əlaqələndirmiş, habelə bu məsələnin AXCP ilə heç bir bağlılığının olmadığını bildirmişdir. Peyman Sadıqov

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA